Aşıq Əkbər Cəfərovsuz keçən 26 bahar…


Zaman ayrı zamanıydı. Saz Tanrı mərtəbəsində idi. Aşıqlar sazı ilahi bir sevgiylə sevirdilər. Sənəti müqəddəs, sazı qutsal bilib ona könüldən səcdə edirdi keçmiş aşıqlar. Neçə ustad gördüm, neçə sənətkar tanıdım, hamısı da bir-birindən dəyərli, qiymətli. Onlar saza and içirdilər, çünki saz Tanrının bəxşişidir. Deyirdilər ki, saz haqdan enib, Tanrı mələklərlə yer üzünə göndərib.

Onun səsi bülbül cəh-cəhini xatırladır. Hər dəfə dinləyəndə adama elə gəlir ki, bu səsin sahibi səninlə yanaşı oturub oxuyur. Əkbər Cəfərovun səsi bulaq zümzüməsi qədər şaqraqdı. Ürəyindən süzülüb gələn səsi hansı saz havasına gözəllik, cilvə, məlahət verməyib ki?! Əkbər nəfəsindən qopan hər səda bir aləm, gözlərimiz önündə nəhayətsiz gözəllik mənzərəsi yaradıb. O oxuyanda elə bilmişik ki, bulbul nalə çəkir. Aşıq Əkbər Cəfərov haqqında uşaqlıqdan eşitmişəm. Atam Kövrək Muradın kitabxanasında ustad aşığın öz-dəsti xətti ilə ürək sözü yazıb ona bağışladığı "Saz danışanda” kitabını on dəfələrlə vərəqləmişdim. Səsini isə Azərbaycan radiosundan dinləmişdim."Novruz və Qəndab” dastanını özünəməxsus şirinliklə, şirin ləhcəylə nəql edib, öz ləmisi ilə ifa edib. Əkbər Cəfərov heç kəsə bənzəməyən aşıq olub, özündən sonra böyük ustada bənzəmək istəyən saysız aşqılar yetişib. Əkbər Cəfərovun mənəvi şəyirdləri, onun yolu, ləmsi ilə oxuyanlar həm güney, həm də qüzey Azərbaycanda var, fəaliyyət göstərirlər. Əkbər Cəfərovun səsi qızıl səslər qalereyasında qərarlaşır. Belə baxanda hər aşıqda Əkbər səsi olmayıb…Bir silsilə havalar var ki, onlar ustadın ürəyinin səsindən su içib məşhurlaşıb. Əslində, o havalar az qala hər gün səslənir, onları ustadın sənət həmdəmləri də ifa edirdi, amma heç biri o havalara Əkbər şirinliyi, Əkbər gözəlliyi bəxş edə bilmirdi. Bu mənim şəxsi fikirimdir…

Aşıq Əkbər Cəfərov heç zaman unudulmayıb. Unudula da bilməz. Çünki ustadın yeri könüllərdir. Könül qapısından girənlər isə əbədi ömür sahibləridir. Tanrı bu şəxsiyyətləri el-obanın yaddaşına köçürür ki, onlar əbədi olaraq yaşasınlar.

Qeyd etdiyim kimi, aşıq Əkbər Cəfərov bir sıra havalara əbədilik bəxş edib ki, o havanı kimin ifasında dinləyirsən dinlə qeyri-ixtiyari olaraq yadımıza aşıq Əkbər düşür. Ustadın "Cəlili” havası üstündə oxuduğu "Qadasın aldığım” şeirin müəllifi Əlimərdanlı aşıq Nəcəfdir. Əkbər o havanın üstündə o gözəl sözləri elə ustalıqla oxuyur ki, gözünün qarşısnda konkret hadisə canlanır. Ustadın koloritli, tutumlu ifa tərzi insanı göy üzünə qaldırır və ilahi duyğuya, ruha bağlayır…

"Ovşarı” sevdiyim saz havasıdır. Məhz bu havanı aşıq Əkbərin ifasında sevmişəm və bu havadan öz düşəndə beynimdən Əkbərin səsi keçir-məlahətli, işıqlı, duru səsi. Onun səsini bahara bənzədirəm. Mənə elə gəlir ki, aşıqların ifasını təbiətin fəsillərinə bölsəydik aşıq Əkbərin payına bahar düşərdi. Əkbər Cəfərovun ifaçılıq məharəti o qədər yüksək olub ki, səsi ilə qeyri-adilik yadadıb.

Əkbər Cəfərov gözəl şeirlər də yaradıb. Bu şeirlər bu gün aşıqların dillər əzbəridir. Ustadın məşhur "Görünür” şeirini isə çox sevirəm:

Məclisimə gələn gözəl,
Halın yaman hal görünür.
Xatirinə kim dəyibdi,
Yanaqların al görünür?

Gözəllərin ən göyçəyi,
Budur sözümün gerçəyi.
Dodaqlar qaymaq çiçəyi,
Arasında bal görünür.

Sözlərimdə yoxdu yalan,
Könlüm şəhri oldu talan.
Cavanları eşqə salan,
Ağ üzündə xal görünür.

Demə Əkbər dərindədi,
Ağlı-huşu sərindədi.
Məhəbbəti yerindədi,
Bir az saçı çal görünür.

Aşıq Əkbər Cəfərov 26 ildir ki, haqq dünyasına qovuşub. Ustad sənətkarın sənətinin pərvanələri hər il avqustun 24-də ustad aşığın xatirəsini anır, ruhuna dualar oxuyurlar.

Qeyd edim ki, Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Aşıqşünasların məlumatına görə, saza-sözə vurğun olan gənc Əkbər bir çox böyük ustad sənətkarların – aşıq Mirzə Bayramovun, aşıq Məhəmməd Rzayevin, aşıq Hüseyn Dəmirçinin, aşıq Yusif Həsənovun, aşıq Mikayıl Azaflının, aşıq Yunis Həsənovun, aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib. Əsas ustadı isə aşıq dastanlarının mahir bilicisi, böyük ustadımız, aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub. Onun haqqında yazanlar bildirir ki, sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayır. Aşıqşünaslar yazır ki, aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi. El ona "Zilxan" təxəllüsünü boş yerə verməmişdi. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu "Heyratı", "Mənsuriyyə", "Dilkeş", "Zabul segah"ı ilə hər kəsi heyrətləndirərdi.

Gözəl saz çalmaq, dastanlar söyləməklə yanaşı, Aşıq Əkbər öz şeirləri ilə də ad-san qazanıb. Onun "Dağlar", "Bənövşələr", "Mənim", "Doymaq olmaz", "Sözüm olsun" və s. gəraylıları, ""Deyirəm", "Bizimdir", "Gözəl vətənim", "İstərəm", "Bəxtəvər" və s. qoşmaları, "Yaradar məni", "Yaralar məni", "Deyim", "Haqqı danısan" və s. təcnisləri, "Can demə", "Şaxtadır", "Düşmüşəm" və s. divaniləri, "Gəzirəm", "Çayçının qızı" müxəmməsləri, cığalı təcnisləri, dodaqdəyməz təcnisləri, deyişmələri oz dövrünün dillər əzbəri olmuşdu. O, həm də "Leyli və Məftun" dastanının müəllifidir. Tədqiqatçılar yazır ki, aşıq Əkbər vətənə, millətə, torpağa çox bağlı bir insan olub və "Vətən deyib dil-dil ötən, gümüş telli sazım var" – deyən ustadın yaradıcılığında vətənə məhəbbət, torpağa bağlılıq, millətə sədaqət həmişə özünü biruzə verib.
Azərbaycan dövləti aşıq Əkbər Cəfərov yaradıcılığına hər zaman sayğı göstərib. 2013-cü ildə Əməkdar Mədəniyyət işçisi, ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirilib. Qeyd edim ki, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Əkbər dəfələrlə Bakıda və Moskvda keçirilən festivalların qalibi olub. Həm də bədii yaradıcılıqla məşğul olan Əkbər Cəfərovun 1977-ci ildə "İşıqlı tellər”, 1982-ci ildə isə "Saz danışanda” adlı şeirlər kitabı işıq üzü görüb. 2009-cu ildə "Söz qanana qurban olum” adlı kitabı nəşr olunub. 1990-cı ilin 24 avqust tarixində 57 yaşında dünyadan köçən sənətkar aşıq Əkbər Cəfərov aşəq sənəti durduqca yaşayacaq. Onun sənəti bir ümmandır, biz o dəryadan bircə ovuc su götürə bilmişik. Əkbər irsini gələcək nəsillər daha dərindən öyrənəcək və Tanrının sevimli bəndəsi olan ustadın səsinə qiymət verəcəklər. Çünki aşıq Əkbər səsi gələcəyə gedə biləcək. Haqdan yanan çırağı hem bir tufan, külək söndürə bilməz... 26 ildir ki, aşıq Əkbər dünyasını dəyişib, onu sazı-sözü, bir də dövlət və xalq yaşadır...

Ruhu şad olsun!

İradə SARIYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu