Ölümün gözünə “dik baxan” qadınlarımız


Son illər hepatit viruslarının geniş yayılması bu problemdən qorunmanı zəruri edib. Yoluxucu olduğu üçün bu xəstəliklər bir çox insanlarda qorxu hissi yaradır. Hələ ki, tam müalicəsi mümkün olmayan hepatit viruslarının yayılma mənbələrindən biri də abort kabinetləridir.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda qeyri-leqal abortlar da daxil olmaqla 27220 abort qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 1023-ü və ya 3,8 faizi ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib. Abortlar daha çox 25-34 yaşlı qadınlar tərəfindən edilib.
Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tədqiqatlarına görə, Azərbaycanda abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. Tədqiqatın nəticələrinə görə, ailəli qadınların yarıdan çoxu (56%) ən azı bir abort əməliyyatı keçirib. Ən aşağı təhsilli və ən yuxarı təhsilli qadınlar başqa qadınlara nisbətən daha az abort əməliyyatı keçirirlər.
Qeyd edək ki, Azərbaycanda dölün 12 həftəsinədək abort etdirmək ananın müstəsna hüququdur.

Əvvəldə qeyd etdiyimiz kimi, hepatitlərə yoluxma mənbəyi olan yerlərdən biri də abort kabinetləridir. Abortların sayı çox olduğu üçün bir kabinetdə gün ərzində 10-a yaxın - bəzi məşhur xəstəxanalarda bu rəqəm hətta 20-30-u ötür - abort aparılır.

Abort zamanı Hepatit necə yayıla bilər?

Məlum olduğu kimi, bu qorxulu virusların əsas yayılma yollarından biri qanla təmasdır. Yəni qanlı əməliyyatlar hepatit xəstəliyinin insandan-insana keçməsi üçün ən əlverişli şəraitdir. Abort da bu qəbildən olduğu üçün əməliyyatda istifadə edilən avadanlıqların təmizlənməsi, yüksək temperatur şəraitində dezinfeksiya olunması zəruridir. Təəssüflə qeyd etməliyik ki, apardığımız araşdırmalar zamanı qadınlarımızın heç də hamısının bu barədə məlumatlı olmadığı üzə çıxdı. Həmsöhbət olduğum 4 qadından yalnız biri aborta girməzdən əvvəl avadanlıqların təhlükəsizləşdirilməsi haqda maraqlanıb. Lakin nə yazıq ki, hətta həmin həmsöhbətimiz də gözü ilə çox təhlükəli vəziyyətin şahidi olub: “Çox təəssüf ki, abort adlı o günahı mən də işləyəsi oldum - həkim məsləhəti ilə də olsa. Abortla bağlı problemlərdən - yəni hepatitlərdən tutmuş sifilisə qədər müxtəlif xəstəliklərə yoluxmaq riskinin yüksək olmasındam xəbərdaram. Ona görə də əvvəlcədən həkimlə şərtim oldu ki, aparata yeni ucluq taxacaqlar. Mən abort stoluna çatanadək gözümün qabağında 3-4 qadını eyni ucluqla abort etdilər. Heç biri də ucluqla bağlı söz salmadı. Mənə çatanda özümə nümayiş etdirməklə ucluğu yenisi ilə əvəz etdilər. Buna görə məndən digərlərinə nisbətən artıq pul istəmişdilər, razılaşmışdım. Hər halda, ağır xəstəliyə yoluxmaqdansa bir qədər çox pul vermək daha təhlükəsizdir”.
Digər həmsöhbətimiz deyir ki, 6 dəfə abort etdirib, onlardan ilk 4-də məlumatsız olub: “4-cü dəfə artıq abortdan çıxanda baxdım ki, bir gənc qadın təzə avadanlıq davası edir həkimlə. Həkim narazılıqla da olsa razılaşdı. 5-ci və 6-cı abortlarda artıq mən də tələb etdim. Amma sözün açığı, avtoklav adlı bir aparat nə tanımıram, nə də eşitməmişəm. Həkim biləndə ki, avadanlığın təmiz olması ilə maraqlanıram, təzə alətlər gətirtdi”.

Etdirdiyi abortların sayını itirib, amma...

Fikirlərini aldığımız digər N. adlı qadın isə cəmi bir dəfə abort etdirib, onda da məlumatsız olub: “Sabunçu xəstəxanasında girmişəm aborta. Nə mən soruşmuşam, nə həkim hər hansı bir məsləhət verib. Həkim abort etdirmək istədiyimi biləndə məndən iki şey soruşub: neçə aylıqdır və nə qədər pulun var. Ağrıdan qorxduğum üçün narkozla etdirmişəm abortu. Narkoz alıb yatmışam, duranda görmüşəm ki, çarpayıdayam”.

Ən acınacaqlısı 4-cü həmsöhbətimizin durumudur: “Sabunçu xəstəxanasında etdirdiyim abortların sayını itirmişəm. Orda yaşlı həkim var (adını məlum səbəbdən qeyd etmirik-red.), 10 ildən çoxdur onun yanına gedirəm. Heç vaxt maraqlanmamışam o dəmir-dümürü (abort avadanlıqları-H.A) hardan çıxarırlar, nəylə təmizləyirlər. Məni düşündürən yalnız prosesin nisbətən ağrısız keçməsidir. Kasıb ailəyik, heç vaxt nə narkozla etdirə bilmirəm, nə də nasosla. Çox vaxt da uşaq xeyli irilənəndən sonra gedirəm aborta, pul düzüb-qoşana qədər bir müddət çəkir”. N. xanıma heç olmasa bundan sonra maraqlanmasını tövsiyə etdikdə aldığımız cavab bu oldu: “10 ildə tutmamışamsa, bundan sonra da tutmaram, mənim orqanizmim bərkdi. İki övladım vardı, üçüncüsü bu il olub, qadın məsləhətxanasında yoxlanmışam, qandan analiz vermişəm, tutmuş olsaydım bilinərdi. Düzü, heç o xəstəliyin adını da bilmirəm, necə bir xəstəlik olmasından da başım çıxmır, onsuz da abortda olmasaq da yediyimiz yeməklərlə o qədər xəstəlik girir ki, bədənimizə”.

Göründüyü kimi, bu sahədə məlumatlandırma və maarifləndirmə səviyyəsi olduqca aşağıdır. Növbəti yazılarımızda məsələnin qanunvericilik tərəflərini, abort həkimlərinin üzərinə düşən məsuliyyəti araşdırmağa çalışacağıq.

Həbibə ABDULLA




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu