Şəhid xanımından nümunəvi addım


“4 aydır hər gün eyni yuxunu görürəm. Öz maşınıyla gəlir. Deyir ki “Pərişan, hələ hazır deyilsən? Maşında gözləyirəm, tez gəl”. Mənsə gecikirəm, hazırlaşa bilmirəm”.

Bu sözlər aprel döyüşlərində şəhid olan pilot Təbriz Musazadənin xanımı Pərişan Musazadəyə məxsusdur.

Onunla görüşümüz həyat yoldaşı, şəhid pilotumuz Təbriz Musazadənin adını daşıyan təhsil mərkəzində oldu.

AFN.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşı Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 20-də yerləşən həmin təhsil mərkəzinə baş çəkib.

Sözügedən təhsil mərkəzini Pərişan xanım şəhid yoldaşının adını yaşatmaq üçün açdığını deyir:

“Təbrizin doğum günündə, yəni avqustun 12-də açılışımızı etdik. Əvvəllər Təbrizlə öz soyadımızla bağlı bir kurs açmaq planımız var idi. O, təhsilə çox önəm verirdi. Həmişə də tələbələrindən savadlı, dünyagörüşlü olmalarını istəyirdi. Zamanında qismət olmadı. Aprel döyüşlərində şəhid olandan sonra biz onun adının həmişəlik yaşaması üçün belə bir kurs açmaq qərarına gəldik.

Bu mərkəzi tam öz gücümə açmışam. Burada şəhid övladlarına tam pulsuz təhsil veriləcək. Çünki onlar artıq öz borclarını yerinə yetiriblər. Müharibədə iştirak edən hərbçi ailələrinin, qazilərin övladlarına isə güzəştlər edilir. Mərkəzdən yığılan pulları da xeyriyyə məqsədilə şəhid ailələrinə vermək niyyətimiz var”.

Şəhid xanımı mərkəzin genişləndirilməsi və əlavə avadanlıqların alınması üçün vətəndaşlarımızın da ona dəstək olmasını arzulayır:

“Mən bütün bunları 4 aylıq pensiyanı bir araya yığaraq etmişəm. İndi çatışmayan avadanlıqlarımız var. İki övladım da var. Onları da təmin etməliyəm”.

Qeyd edək ki, mərkəzdə 4 yaşından başlayaraq məktəqədər hazırlıqdan tutmuş magistraturaya qədər bütün hazırlıq dərsləri keçirilir. Həmçinin burada ingilis, rus dili, rəqs, rəsm, şahmat, loqoped, psixoloq dərsləri də keçiriləcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu