General qışqırdı: "Korrupsiya kimdi, əə?.."


Xəbər verdiyimiz kimi MTN generalı Akif Çovdarovun barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıb.

Çovdarovun cinayət işi vəkillərinin də təsdiq etdiyi kimi çox qalındır, orada çoxsaylı epizodlar yer alır. Bu epidozlarla tanış olduqca Mahmudov-Çovdarov qruplaşması sanki “Əlibaba və qırx quldur” nağılındakı kimi taladıqlarını mağaralarına daşıyıb yığan quldur qruplaşmasını xatırlatdır.

“Karvansaray”ın ələ keçirilməsi

Virtualaz.org qanqster-generalın cinayət işi üzrə istintaq materiallarından sensasion epizodları oxuculara təqdim edir. Bunlardan biri də “Karvansaray” ticarət mərkəzinin ələ keçirilməsi epizodudur. Yarandığı ilk gündən etibarən ticarət mərkəzi kimi böyük potensiala malik olan “Karvansaray”qısa müddət ərzində keçmiş MTN-in “diqqət”ini özünə çəkib. Eldar Mahmudov və onun komandası “Karvansaray-2010” MMC-in təsisçisi Nizami Quliyevə göstərilən təhdid və təzyiqlər nəticəsində onun obyektinə əl qoya bilib. “Karvansaray” ticarət mərkəzi sahiblərindən 2012-ci ildə zor və işgəncə yoluyla alınıb.



Zərərçəkmiş Nizami Quliyev istintaqa verdiyi ifadəsində göstərib ki, 2010-cu ildə Qaradağ rayonu, Lökbatan qəsəbəsində 40 hektar ərazidə ticarət mərkəzi tikmək məqsəilə “Karvansaray-2010” MMC-ni təsis edib. Bir çox insanın iş yeri ilə təmin olunması üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin torpaq sahəsində ticarət kompleksi layihələşdirilib və tikinti işlərinə başlanılıb. Tikintini həyata keçirmək üçün “Bərpa-Tikinti” MMC podratçı kimi seçilib.

“Bismillah” etməmiş MTN başlarının üstünü kəsib

Ticarət Mərkəzinin tikintisinin başa çatmasına az qalmış Eldar Mahmudovun adamları tərəfindən təzyiqlərlə üzləşib. 2012-ci ilin yanvar ayının 13-də MTN-nin Səlim Məmmədov (hazırda Akif Çovdarovla müttəhimlər kürsüsündə əyləşib-virtualaz.org) adlı əməkdaşı tərəfindən nazirliyə çağırılıb. MTN-də onu Səlim Məmmədovun iştirakı ilə Akif Çovdarov qəbul edib. N.Quliyev içəri girən kimi Çovdarov onun üstünə qışqıraraq “Pulları neynəmisən?”deyə soruşub. O, isə “Nə pul?” deyə cavab verib. Çovdarov bazardakı pulları nəzərdə tutduğunu, “Bərpa-Tikinti”MMC-in təmsilçisi Cahangir Alışova tikinti ilə bağlı borcu qaldığını deyib. N.Quliyev Cahangir Alışova heç bir borcu qalmadığını, tikintidə podratçı şirkətə bütün xərcləri ödədiyini deyib. Amma...

Əvvəl 40 mağaza, sonra...

Bundan sonra “Karvansaray”ticarət mərkəzində MTN əməkdaşları yoxlamalar aparılır. Sahibkarın podratçı şirkətə 1 milyon 800 min manat verməli olacağı bildirilir. Çovdarovdan ehtiyat edən N.Quliyev bu barədə tərtib olunmuş aktla razılaşır. Həmin pulun əvəzində isə C.Alışova cəmi 2050 kv.m sahəsi olan 40 mağaza verir.

Lakin iş bununla da bitmir. Cəmisi 10 gündən sonra N.Quliyev yenidən MTN-ə çağırılır. Bu dəfə ondan tələb olunur ki, Cahangir Alışova verdiyi 40 mağazanın ikisini geri alsın, əvəzində 100 min manat versin. Nizami Quliyevin razılaşmaqdan başqa çarəsi qalmır. C.Alışovla üz-üzə gəlmək, onunla görüşmək istəməyən Nizami Quliyev sözügedən məbləği “Karvansaray” ticarət mərkəzində pay dükanları olan Asif Cahangirov vasitəsilə ona çatdırır. Güman edir ki, yəqin iş bununla bitər və bir daha onu bu işlərlə bağlı MTN-ə çağırıb pul tələb etməzlər.

Akif Çovdarovun 1 milyon tələbi: “Nazir özü səninlə şərik olacaq...”

C.Alışov 100 mini aldıqdan sonra 40 dükandan ikisini geri qaytarır. Növbəti gün isə N.Quliyev təcili olaraq MTN-ə çağırılır. Bu dəfə Çovdarov ondan 1 milyon tələb edir: “Pulun 100 minini dərhal verməlisən, 900 min manatı isə bazar açıldıqdan sonra verəcəksən”.

Əli hər yandan üzülən iş adamı bir neçə gün ərzində 100 min manat düzəldərək Çovdarova çatdırır. On gün sonra təkrar MTN-ə gəlməsi tələb olunur. Bu dəfə söhbət başqa məcraya yönəlir. Çovdarov 900 min manatın əvəzində sahibkarın ticarət mərkəzindəki payının 20 faizini istəyir. General deyir ki, bu 20 faizi özü yox, Eldar Mahmudov istəyir. Yəni nazir onunla şərik olacaq və “krışalıq” edəcək, gələcəkdə sahibkarın heç bir probleminin olmayacaq. Razı olmayacağı təqdirdə isə N.Quliyevi həbs etməklə hədələyir.

Mahmudovun arvadının qohumu...

N.Quliyev ticarət mərkəzindəki 20 faiz paylarını MTN-in istədiyini şirkətin təmsilçisi olan əmisi oğlu Nadir Quliyevə bildirir və müvafiq sənədləri rəsmiləşdirməyi ona tapşırır. 14 fevral 2012-ci ildə 21 saylı notariat kontorunda ticarət mərkəzinin 20 faizlik payı Bilurə İmranovanın (adıçəkilən qadının E.Mahmudovun həyat yoldaşının yaxın qohumu olduğu deyilir) adına keçirilir.

Ancaq N.Quliyev 20 faizlə də canını qurtara bilmir. Çovdarov iş adamı yenə MTN-ə çağırır. Sahibkar MTN-ə bu “səfəri” zamanı Çovdarovun kabinetdində sonradan adını öyrəndiyi Natiq Hümbətovu görür. Çovdarov həmin şəxsi təqdim edərək deyir ki, qohumudur və onu bazarda fəaliyyət göstərən iş adamlarına, ticarət mərkəzinin işçilərinə təqdim etmək lazımdır. Və beləliklə, Çovdarovun bu arzusu da reallaşır. Onun adamı Natiq Hümbətov ticarət mərkəzindəki 20 faiz payı idarə etməyə başlayır.

“Korrupsiya kimdi əə?”

Vaxtaşırı MTN-ə çağırılmalar, get-gəlişlər, təhdidlər və pul tələb etmələr sonda kuliminasiya nöqtəsinə çatır. Getdikcə Çovdarovun həddini aşması, onu soyub talaması iş adamının əsəblərini gərir. Belə ki, Çovdarov ondan bazardakı payını bütünlüklə ona satmağı təklif etdikdə iş adamı razılaşmır. Nəticədə Çovdarov onu öz kabinetində küçə söyüşləri ilə söyərək təhqir edir. Ünvanına yağdırılan təhqirlərə dözməyən iş adamı Çovdarova deyir ki, ondan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edəcək.

N.Quliyevin sözlərindən qeyzlənən general isə “Korrupsiya kimdi əə?” deyərək həm iş adamının, həm də adıçəkilən idarənin ünvanına təhqirlər yağdırıb. Sonrasa üzünü işçisi Səlim Məmmədova tutaraq “Aparın bunu soxun içəri, padvala!” deyə qışqırıb.

“Eldar Mahmudova halallıq vermirəm”

S.Məmmədov iş adamının qoluna girərək onu sürüyə-sürüyə dəhlizə çıxarır. N.Quliyev elə dəhlizdəcə “Allahınız olsun, bir dəqiqə qulaq asın mənə, ticarət mərkəzindəki payımı Eldar Mahmudov məndən alır, amma mən halallıq vermirəm” deyə fəryad etsə də ona qulaq asan olmur.

İki gün sonra iş adamı MTN-in zirzəmisindən əmisi oğlu Nadir Quliyevə xəbər göndərir ki, ticarət mərkəzindəki qalan paylarını da Çovdarovun göndərəcəyi adamlarının adına rəsmiləşdirsin. Çovdarovun tapşırığı ilə qohumu Natiq Hümbətov ticarət mərkəzindəki onların qalan hissəsini də Emil Babayevin adına etibarnamə ilə keçirir. Bununla da “Karvansaray” ticarət mərkəzində Nizami Quliyevin və əmisi oğlunun heç bir payı qalmır. Sahibkarların biznesi tamamilə qəsb olunur.

N.Quliyev istintaqa verdiyi ifadəsində göstərib ki, “Karvansaray 2010” MMC-dəki payının əlindən alındığı ərəfədə Çovdarov onu nazirliyin müxtəlif otaqlarında saatlarla gözlədirmiş, hər dəfə də süründürməçilik məqsədilə “sabaha qaldı” deyirmiş: “Bu minvalla Çovdarov ticarət mərkəzindəki payımı tamamilə əlimdən aldı. Bu azmış kimi qohumu Natiq Hümbətov ticarət mərkəzinə direktor təyin olunduqdan sonra özlərinin yaratdığı borcları da mənim üstümə yazdılar”.

Biznesi qəsb olunan sahibkar bu dərdə dözmədi

Qeyd edək ki, ticarət mərkəzindəki payları əlindən alınan, MTN-də addımbaşı təhdidlərlə üzləşən N.Quliyevin səhhətində problemlər yaranıb. Eldar Mahmudovun dönəmində MTN tərəfindən ticarət mərkəzinə əl qoyulan və iflas etdirilən Nizami Quliyev 2016-cı ilin iyun ayının 14-də haqq dünyasına haqqını ala bilmədən köçüb.

Nizami Quliyevin oğlu, zərərçəkmiş Nəcəf Quliyev ifadəsində göstəib ki, 2011-ci ilin payız aylarında “Karvansaray” ticarət mərkəzinin inşasının başa çatmasına az qalmış Eldar Mahmudov öz işçisi vasitəsilə xeyli sayda mağazanın əvəzsiz olaraq verilməsini tələb edib. Bundan imtina edəndə ticarət mərkəzindəki podratçılardan biri - Cahangir Alışov Çovdarova yalandan guya gördüyü işin pulunun ödənilməməsi ilə bağlı şikayət edib və bundan sonra atasının başına məlum müsibətlər gətirilib, bütün payları əlindən alınıb. Baş verənlərdən atası stress keçirib, ağır xəstəliyə tutulub və uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu