Asif Əsgərovun oğlu yenidən həbs edilə bilər!


Nəsimi rayon icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli yenidən həbs edilə bilər.

Bu barədə vəkillərdən biri deyib. Həmsöhbətimizin sözlərinə görə, İ.Əsgərli səhhəti ilə əlaqədar cəzasının çəkilməmiş hissəsindən azad edilsə də, mütəmadi həkim yoxlanışından keçməməsi, müvafiq sənədləri aidiyyatı qurumlara təqdim etməməsi onun yolunu yenidən həbsxanaya sala bilər: “Bəzi məlumatlara görə, icra başçısının oğlu hazırda xaricdədir, ölkdə yaşamır”.

Üstəlik, qarşı tərəfin məsələni buraxmaması, mübarizəni davam etdirməsi, iş üzrə həbs edilən digər əslində günahsız olan şəxsin yaxınlarının da işi yenidən gündəmə gətirməsi bunu deməyə əsas verir.

Xatırladaq ki, 1998-ci il təvəllüdlü İlham Əsgərli “Mc Donald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzasına görə həbs olunmuşdu. Hadisə 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib. Birlikdə təhsil alan və dost olan İlham Əsgərli ilə Sənan Mirzəyev həmin gün Şüvəlana “Paintball” oynamağa gediblər. İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500” markalı avtomobil yolda arxadan Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Nəticədə Sənan Mirzəyev dünyasını dəyişib, İlham Əsgərli, eləcə də hadisə zamanı maşında arxa oturacaqda olmuş sürücüsü Pərvin Fətullayev isə xəsarət alıb. Hadisə ilə əlaqədar İlham Əsgərli ilə yanaşı, yük maşınının sürücüsü, Qəbələ rayonunun Karxana kənd sakini Əhliman Süleymanov da məsuliyyətə cəlb olunub. Hərçənd, cinayət işinin materiallarında da rəy var ki, İlham Əsgərli avtomobili 200 km. saat/sürətlə idarə edib və ötmə qaydasını pozub, nəticədə də arxadan yük maşınına dəyib. Sürət elə bir həddə olub ki, toqquşma nəticəsində yük maşınını yoldan çıxarıb kənardakı qumsallığa aşırıb.

Həm İlham Əsgərli, həm də Əhliman Süleymanov ibtidai istintaq və bu işə məhkəmədə baxıldığı dövrdə azadlıqda olub. Təqsirləndirilən şəxs qismində tanınsalar da, İlham Əsgərli barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri, Əhliman Süleymanov barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

İlham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Əsgərliyə 5 il 6 ay, Əhliman Süleymanova isə 6 il həbs cəzası verilib. Başqa sözlə, yük maşınının sürücüsünə icra başçısının oğlunun qarşısına çıxdığına görə ən ağır cəza verilib Onların hər ikisi 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunan gün məhkəmə zalında həbs olunublar.

Sonradan – iyunun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulov CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmə) maddəsini tətbiq edərək, icra başçısının oğlunun cəzasını 3 ilə endirib. Amma Əhliman Süleymanova verilmiş maksimum cəza elə olduğu kimi saxlanılıb.

Sonradan vəkili Cabir Mehrəliyev ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib və “cəzanın çəkilməsinə mane olan xəstəliyilə əlaqədar cəzanı çəkməkdən azad edilməsinə dair” qərar çıxarılmasını istəyib. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfael Mehdiyevin sədrliyilə, idarənin rəis müavini İftixar Qurbanovun da daxil olduğu komissiya rəy verib ki, “Müalicə Müəssisəsində aparılan müalicələr effektiv olmayıb, onun müalicəsinin xüsusi şəraitli ixtisaslı tibb müəssisəsində həyata keçirilməsi zəruridir. Penitensiar Xidmətin tabeliyində olan Müalicə Müəssisəsində belə şərait yoxdur. İlham Əsgərlinin xəstəliyilə əlaqədar müalicəsi isə davam etdirilməlidir. Əks təqdirdə, xəstəliyi ən yaxşı halda, onun sol aşağı ətraf oynağında hərəkət məhdudluğuna, əmək qabiliyyətinin itirilməsinə və əlil olmasına gətirib çıxara bilər”. Məhkəmənin hakimi Anar Qasımov da 12 noyabr 2015-ci ildə CM-nin 78.2-ci (cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsaslanaraq, İlham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı imzalayıb. Beləliklə, icra başçısının oğlu həbs olunduqdan düz 6 ay sonra cəzadan azad edilib.

Prokuror Ceyhun Kazımov İlham Əsgərlidə “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilməsi üçün əsas olan xəstəliklər siyahısı”ndakı ağır xəstəliyin aşkar edilmədiyini əsas gətirib və Sabunçu Rayon Məhkəməsinin qərarından protest verib. Amma Bakı Apelyasiya Məhkəməsində Faiq Qasımovun sədrliyilə hakimlər kollegiyası bu protesti əsassız sayıb və İlham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı qüvvədə saxlayıb.

Qarşı tərəfi dinləməyə hazırıq.(politika.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu