Masazırın yolları niyə bu vəziyyətdədir?
Bu Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyinin sakinləri tərəfindən virtualaz.org saytına ünvanlanan şikayətdəndir.
Sakinlər deyirlər ki, “Qurtuluş-93” qəsəbəsindən “Zəngilan” şəhərciyinədək yollar keçilməz haldadır. “Xüsusilə, yağış yağanda maşınların hərəkəti məhdudlaşır. Bundan əlavə, səki olmadığından, piyadalar magistral yoldan istifadə etməyə məcbur olurlar. Bu isə piyadaların həyatına təhlükə yaradır. Məsələn, avtobus yolu keçən qadınları vurmuşdu”, - sakinlərdən biri, Nəbi Məmmədov deyir.
Şikayətçilərin sözlərinə görə, yol o qədər kələ-kötür və çuxurla doludur ki, hər iki addımdan bir maşını itələmək lazım gəlir. Gecələr isə işıqlar sönür, ətraf qaranlığa qərq olur. Buna görə də, axşam vaxtı qəzaların sayı çox olur.
Abşeron Rayon İcra Hakimiyyətindən isə yalnız onu deməklə kifayətləniblər ki, həmin ərazidə yolların bərbad vəziyyətdə olmasından xəbərdardılar.