Kef məclisi...


Bu yaxınlarda millət vəkillərindən “sonuncu dəfə seçiciləri ilə nə vaxt görüşüblər” adlı bir sorğu keçirməyə başladım. Bir neçəsi ilə maraqlı müsahibə alınsa da, bəzi millət vəkilləri sorğuda iştirak etməkdən imtina etdi. İş orasındadı ki, bəzilərini heç tapmaq mümkün olmadı. 57 saylı Kürdəmir seçki dairəsini parlamentdə təmsil edən millət vəkili Müslüm Məmmədovu isə nə tanıyan oldu, nə də gördüm deyən. Hətta parlamentin mətbuat xidməti belə onu tapa bilmədiyini deyib üzrxahlıq etdi. Maraqlıdır, Milli Məclisin Nizam-intizam komitəsi hara baxır? Yoxsa bəzi millət vəkillərinin şəklini ürəyində gəzdirir?!

Neçə ildi parlamentdə baş verən prosesləri izlədiyimdən deyə bilərəm ki, çox az sayda olsa da yetərincə millətin səsinə səs verən, həqiqətən millət tərəfindən seçilən, seçicidən aldıqları səsə hörmətlə yanaşan deputatlarımız da var. Çox təəssüf ki, onlar da bu qədər işgüzarlığına görə kimlərsə tərəfindən sıxışdırılır. Təbii ki, şəxsi maraq, kreslo itirmək qorxusundan. O gün xəbərlərə baxıram hörmətli spiker Oqtay Əsədov millət vəkillərinə irad bildirir ki, niyə intervyu verirsiz saytlara. Qismən razıyam müəllimlə. Nəzərə alsaq ki, qarışqanı fil eliyən saytlar var, onlar üçün kontekst deyilən anlayış yaddı, ciddiliyi pula satıblar hörmətli spikerin sözünü qəribçiliyə salmaq olmaz. Amma nəzərə alsaq ki, bizim bəzi millət vəkilləri seçicilərini ələ salaraq ağızlarına gələni danışırlar, bu tipli saytlara haqq qazandırıram. Düz edirlər!

Oqtay müəllim, siz heç saytlara baxırsız? Mən şəxsən buna inanmıram. Bəlkə də səhv edirəm, təbii, hər bir məsələdə istisna ola bilər.

Sosial problemlərdən çox yazan, çox qabardan jurnalistləri qarın davası döyməkdə ittiham edən, amma səhərdən-axşama qədər maaş (oxu: qarın) davası döyən deputatlar, qarnınızın səsi qulağımızı deşdi. Elə özünüzün də qulağınız yoruldu deyəsən, vəziyyətdən çıxış yolu tapdız maaşlarınızı qaldırmaqla. Amma bir az da ehtiyacı olan seçicilərinizin davasını döyün. Onların da qarnı qarındı axı...

Ardı olmayacaq. Mənası yoxdu!

Səbuhi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu