Xəzər rayon icra hakimiyyətindən Prezidentə ŞİKAYƏT...

Xəbərin çap versiyası
Tarix: 7-01-2017, 11:51    |    Xəbər oxunub: 193 dəfə
Xəzər rayon icra hakimiyyətindən Prezidentə ŞİKAYƏT... "Hesab edirəm ki, bu gün ölkəmiz üçün yeni dövr başlayır. Əminəm ki, bu dövr də uğurlu olacaqdır. Bu, postneft dövrüdür. Postneft dövrü bizim hesablamalarımıza görə, 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövründə yaşayırıq".

Prezident İlham Əliyev ötən ilin 29 yanvarında Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə keçirilən görüşdə bunu deyib.

Həmin görüşdən düz bir il vaxt keçir. Bu bir ildə ölkə rəhbəri müxtəlif sərəncamlar imzalayaraq, qeyri-neft sektorunun inkişafı üçün münbit şərait yaratmağa çalışıb. Onun 1 mart 2016-cı ildə, yəni postneft dövrünü elan etdiyi gündən bir ay sonra imzaladığı Sərancamda yer alan aşağıdakı cümlələr hakimiyyətin qeyri-neft sektorunun inkişafında hədəflərinə tam çatmadığını göstərir:

“Görülən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun xüsusi çəkisinin ildən-ilə artmasına baxmayaraq, qeyri-neft məhsullarının ixracının ümumi ixracda xüsusi çəkisi kifayət qədər yüksək olmamışdır”.

Sərəncamda 2040-ci ilə qədər neft gəlirlərinə arxayın olub qeyri-neft sektorunu gözardı edən hakimiyyətin yeni iqtisadi strategiyamızın qarşısında dayanan maneələri aradan qaldırmaq üçün bir sıra mühüm addımların atılması da öz əksini tapıb. Bunlardan biri də qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət qayğısının göstərilməsi, onlara büdcə vəsaiti hesabına ixrac təşviqinin ödənilməsidir. Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşıda duran bu vəzifələri bir ay müddətində həyata keçirilməsi mexanizminin hazırlanmasını da tapşırılıb.

Bəs, görəsən, bu bir il müddətində Nazirlər Kabineti və icra orqanları tapşırılan vəzifələrini nə dərəcədə yerinə yetiriblər? Ümumiyyətlə qeyri-neft sektorunun inkişafı qarşısında əsasən hansı maneələr dayanır? İş adamları onlara yaradılmış şəraitdən məmnundurlarmı?

Suallarımıza cavab axtarmaq üçün lift istehsalı və tekstil sənayesilə məşğul olan “Melkom” MMC-nin prezidenti Vəliyev Alışla görüşdük. İş adamı ölkəmizin qeyri-neft ixracatını artırmaq üçün ilk növbədə həmin məhsulların istehsalının qayğısına qalmağın vacibliyindən danışdı: “Gərək nəyisə istehsal edəsən ki, onun ixracı barədə düşünəsən. Təəssüf ki, müəssisəmizin qarşısında yaradılan maneələr öz potensialımızı reallaşdırmağa imkan vermir”.

Bir neçə il bundan əvvəl Qazaxıstan və Gürcüstanla bağladıqları müqavilələrə görə, bu ölkələrə 500 dəst lift sata biləcəklərini deyən Alış Vəliyev indiyə qədər öhdəliklərini yerinə yetirə bilməmələrinin səbəbini mənasız bürokratik əngəllərlə əsaslandırır:

“İş adamlarının qarşısında ən ciddi maneələr icra hakimiyyətləri tərəfindən yaradılır. Ümumiyyətlə, icra hakimiyyəti strukturları rayonlarda yerli rəhbərlərə məxsus xidmət sahələrindən başqa hər hansı iqtisadi müəssisələrin yaradılmasına imkan vermirlər. İş adamları süründürülür, onların leqal fəaliyyət göstərmələri əngəllənir. Bu da nəticə etibarilə müəssisələrin rəsmən formalaşmasına və dolayısıyla ixracatda yer alma imkanlarına ciddi zərbələr vurur”.

2003-cü ildə yaratdığı “Melkom” MMC-nin indiyə qədər bir çox Türkiyə və Çin şirkətlərilə əməkdaşlıq müqavilələri imzalasa da, bunu reallaşdıra bilmədiyini deyən iş adamı fəaliyyətsizliklərinin səbəbini Xəzər RİH-lə dil tapa bilməməsində görür:

“Qanunvericiliyə görə, yaratdığımız müəssisənin fəaliyyət göstərə bilməsi üçün icra hakimiyyəti icazə verməlidir. Onların verəcəyi “Dövlət tikinti qəbul aktı” və “rayon ərazisində sahibkarlıqla məğşul olmağa icazə sərəncamı” olmadan iş adamları işgüzar fəaliyyət göstərə bilmirlər. Təəssüf ki, dəfələrlə müraciətimizə baxmayaraq, Xəzər RİH-dən bu sənədlərii almaq mümkün olmayıb. Bizi get-gələ salır, ərazinin onlara məxsus olmadığı deyilir və Abşerona rayonuna müraciət etməyimiz tövsiyə olunur”.

İş adamının Abşeron RİH-nə ünvanladığı məktuba verilən cavabda isə ərazinin məhz Xəzər rayonuna aid olduğu göstərilir. Cavab məktubunda qeyd olunur:

“…Məlumat üçün bildiririk ki, Sizin müraciətiniz Bakı şəhəri Xəzər RİH-də araşdırılaraq Buzovna qəsəbəsində yerləşən Sizə məxsus müəssisənin torpaq sahəsinin Abşeron rayonunun idarəçiliyində olmasını bildirmişlər. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 iyun 2008-ci il tarixli Sərəncamı ilə “Abşeron rayonuna təhkim olunmuş bəzi torpaqlardan istifadənin səmərəliliyini attırmaq məqsədilə” bir çox ərazilərin Bakı şəhərinin idarəçiliyinə qaytarılması barəsindəki Sərəncamına uyğun olaraq həmin torpaqlar Bakı şəhəri İcra Hakimiyyətinin idarəçiliyinə verilmişdir.

Qeyd edilənləri nəzərə alaraq təkrarən Xəzər rayonu İcra Hakimiyyətinə müraciət etməyiniz tövsiyə olunur.

Başçının müavini İlham Quliyev

15.03.2016”

Artıq 10 ilə yaxındır ki, Abşeron rayon icra hakimiyyətinin yerləşdiyi Xırdalanla Xəzər rayon mərkəzi Mərdəkan arasında gedib gəlməkdən, öz təbirincə desək, ayaqları qabar bağlamış Alış müəllim hələ də bir parça kağızı ala bilmir. O bir parça kağız isə iş adamına çox baha başa gəlib:

“Çinin bir şirkətilə əməkdaşlıq müqaviləmiz vardı. Onlar bizim müəssisə ilə ortaqlığa girəcək, fabrikamıza 1 milyon dollar vəsait yatıracaqlardı. Fəaliyyət potensialımızla yaxından tanış olmaq üçün şirkət rəhbərlərini Azərbaycana dəvət etmişdim. Sağ olsunlar, gəldilər. Fabrikin ərazisini və işgörmə potensialını bəyəndilər. Tam razılıq əldə etdiyimiz an müəssisəmizin rəsmi sənədlərinin olmadığı anlaşıldı. Çinli iş adamları buna xeyli təəccübləndi. Dünyanın hər yerində, o cümlədən Çində iş adamlarını dövlət işgüzarlığa təşviq etdiyi halda, bizim icra hakimiyyətlərinin icazə kağızı vermədiklərinə inana bilmirdilər. Qısası, Çin şirkətinin rəhbəri müəssisəmizə investisiya qoya bilməsi üçün rəsmi sənədləşdirmənin şərt olduğunu dedi. Əks halda, istəsə belə, Çindən bu müəssisəyə avadanlıq göndərə bilməzdi”.

Çinli ortağının haqlı olduğuna inanan Alış Vəliyevin fikrincə, həqiqətən də avandalığın göndərilməsi üçün özlərinin rəsmi qeydiyyatdan keçmiş ünvanı olmalıdır: “Ünvansız yerə necə avadanlıq göndərsinlər? Xəzər RİH isə hələ ki, ünvanımızı rəsmən tanımaq istəmir”.

İcra hakimiyyətinin bürokratik əngəlləri nəticəsində “Melkom” şirkətinin trikotaj sahəsində də bəxti gətirməyib. Şirkət rəhbərinin bildirdiyinə görə, tikiş fabriki tam hazır vəziyyətdədir və əllərində xeyli sifarişlər var. Sifarişlərin əksəriyyətini isə Gürcüstandan və Rusiyadan alınıb. Hətta bu sifarişləri yerinə yetirə bilməsi üçün Türkiyədən investor da tapıb. Türkiyəli iş adamı da bu məqsədlə Alış bəyin qonağı olub, birgə fəaliyyət proqramı hazırlayıblar. Di gəl ki, fəaliyyətə başlaması üçün Alış Vəliyevə lazım olan sənədləri icra hakimiyyətindən almaq böyük bir müşkülə çevrilib:

“Dünyanın bütün ölkələrində iş adamlarına uzun müddətli və faizsiz təşviq kreditləri verilir. Biz isə hökumətdən heç nə istəmirik. İstədiyimiz tək şey var- qolumuzu çirmələyib işləmək niyyətimizin qarşısı alınmasın, müəssisəmizdə onlarla işçi çalışsın, nə qədər insan evinə çörək aparsın, dövlətimizə vergi ödəyək. Mənim kimi iş adamlarının ödədiyi vergilər hesabına dövlət mexanizmi daha rahat işləyə bilsin. Təəssüf ki, Xəzər rayonunda hansısa əl dövlət aparatının bu cür normal fəaliyyətinə imkan vermək istəmir”.

İş adamı bu problemlə bağlı dəfələrlə Prezident Administrasiyasına, Dövlət Əmlak Komitəsinə, İqtisadi İnkişaf Nazirliyinə müraciət edib. Bütün orqanlar isə Alış müəllimdən yenə Xəzər RİH-dən alacağı həmin sənədi soruşublar. Bir sözlə, Xəzər icra hakimiyyətinin iş adamına çox gördüyü həmin sənəd kal armud olub, “Melkom” şirkətinin böğazına ilişib:

“Halbuki açdığımız fabrikalar bu ərazidə yaşayan insanların ümid yerinə çevrilmişdi. Müəssisəni fəaliyyətə keçirmək istədiyimiz ilk vaxtlar ölkədə yeni iş yerlərinin açılmasını reklam etmək üçün ANS əməkdaşları fabrikamıza gəlmişdirlər. Haqqımızda hazırlanan reportaj efirə gedən günün səhəri ərazidə yaşayan xeyli insan iş tapmaq ümidiylə bizə müraciət etdi. Qapımıza o qədər çox insan gəlmişdi ki, görənlər mitinq keçirildiyini zənn edirdilər. Mən bu ümidləri qırmamaq üçün hələ çalışmadığımız halda, 35 nəfəri işlə təmin etdim. Onlara 3-4 ay maaş da verdim. Daha sonra fəaliyyətimizə imkan verilməyəcəyini anlayınca, məcburən işçilərlə sağollaşmaq məcburiyyətində qaldım. Bizə bir tikə çörək pulu qazanmaq üçün gələn insanlar müəssisədən göz yaşıyla ayrıldılar. İndiyə qədər bu tablonu unuda bilmirəm”.

İş adamının bildirdiyinə görə, yaratdığı müəssisənin aktiv fəaliyyətə keçməsi üçün İqtisadi İnkişaf Nazirliyi əlindən gələni etməyə çalışıb. Bununla bağlı nazirliyin məsul şəxslərindən biri – Aydın Məmmədov şəxsən özü bir neçə dəfə icra hakimiyyətində olub. Amma ən axırda o, iş adamına “mənim icra hakimiyyətinə gücüm çatmadı” deməklə kifayətlənib. İqtisadi İnkişaf Nazirliyinin rəsmi müraciətlərinə isə icra hakimiyyətindən verilən cavab isə yenə eyni olub: “ərazi bizə aid deyil”.

Alış Vəliyevin anlamadığı da elə budur. Onun dediyinə görə, müəssisəsində baş verən oğurluq hadisəsini Xəzər rayon polis idarəsi araşdırıb. Hər ay Vergilər Nazirliyinin Xəzər rayon şöbəsinə və sosial təminat idarəsinə pul ödəyir. Müəssisəyə işığı, qazı yenə həmin rayonun müvafiq qurumları verib. Ətrafdakı ərazilərə sənədi verən Xəzər icra hakimiyyətidir: “Bəs necə olur ki, məsələ işgüzarlıq fəaliyyətinə icazə verməyə gələndə rayon icra hakimiyyəti öz yaxasını kənara çəkir?”

İş adamının verdiyi suallara cavab almaq üçün Xəzər RİH-ylə əlaqə saxladıq. Telefonla söhbətləşdiyimiz icra hakimiyyətinin nümayəndəsi faktla bağlı idarənin məsul şəxsi Elşən Salahovla əlaqə saxlamağımızı məsləhət gördü. O, həmçinin ərazinin onların tabeçiliyində olmaya biləcəyini vurğulayıb sənədləri icra hakimiyyətinin müvafiq orqanlarına təqdim etməyimizi məsləhət bildi: “Yerin hansı rayona aid olduğunu aydınlaşdırdıqdan sonra sizə cavab verə bilərik”.

İcra nümayəndəsinin məsləhətinə uyğun olaraq telefonuna zəng etdiyimiz Elşən Salahovu isə yerində tapa bilmədik. Ümidvarıq ki, yazımız dərc edildikdən sonra Xəzər RİH iddialarla daha yaxından tanış olacaq və sorğumuza cavab veriləcək.

Cavabın xarakterindən asılı olmayaraq, ortada bir həqiqət var: iş adamının əl-bolu icra hakimiyyəti tərəfindən bağlanıb – ya Abşeron, ya da Xəzər rayonunun… Əsl səbəbkarın kim olduğu isə araşdırmalarımız nəticəsində müəyyənləşəcək.

Ən acınacaqlı həqiqət isə budur ki, neft erasının bitdiyi, qeyri-neft dövrünün başlandığını və bunun üçün hər cür şəraitin yaranacağını elan edən ölkədə iş görə bilmək hüququ qanunlardan yox, icra strukturlarından icazəsindən asılıdır. (Strateq.az)

Xəzər rayon icra hakimiyyətindən Prezidentə ŞİKAYƏT...

Xəzər rayon icra hakimiyyətindən Prezidentə ŞİKAYƏT...

Xəzər rayon icra hakimiyyətindən Prezidentə ŞİKAYƏT...

Xəzər rayon icra hakimiyyətindən Prezidentə ŞİKAYƏT...

Xəzər rayon icra hakimiyyətindən Prezidentə ŞİKAYƏT...

Xəzər rayon icra hakimiyyətindən Prezidentə ŞİKAYƏT...

Xəzər rayon icra hakimiyyətindən Prezidentə ŞİKAYƏT...

Xəzər rayon icra hakimiyyətindən Prezidentə ŞİKAYƏT...

Xəzər rayon icra hakimiyyətindən Prezidentə ŞİKAYƏT...




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur