İranlı nazir İqtisadiyyat Nazirliyində olub



İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, son 3 ildə Azərbaycan-İran əlaqələri yeni mərhələyə yüksəlib, dövlət başçıları 7 dəfə görüşüb, 100-dək səfər həyata keçirilib, 40-a yaxın sənəd imzalanıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 3 iclası keçirilib. Azərbaycan-İran siyasi əlaqələrinin yüksək səviyyədə olması iqtisadi münasibətlərin inkişafına da böyük imkanlar yaradır. Bildirilib ki, son 3 ildə ölkələrimiz arasında “Xudafərin” və “Qız Qalası” Sazişi, eləcə də “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı haqqında” Saziş imzalanıb və qüvvəyə minib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşır. Ölkələrimiz arasında ticarət əlaqələri genişlənir. 2016-cı ilin yanvar-noyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 58% artıb. Ötən il Neftçala Sənaye Zonasında Azərbaycan-İran birgə avtomobil istehsalı zavodunun təməli qoyulub, Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı istifadəyə verilib. Bu ilin yanvarın 16-da isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə əczaçılıq zavodunun təməli qoyulub. Nazir Şahin Mustafayev qeyd edib ki, viza rejiminin sadələşdirilməsi və “ASAN viza”nın tətbiqi nəticəsində İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala biləcəklər. Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var. Sosial sahədə Azərbaycan-İran əməkdaşlığına toxunan Şahin Mustafayev bildirib ki, Dövlət Komissiyasının 2016-cı ildə Bakıda və Naxçıvanda keçirilmiş 11-ci iclasında müvafiq sahədə əməkdaşlıq və təcrübə mübadiləsinə dair müzakirələr aparılıb. İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii son illər ölkələrimiz arasındakı münasibətlərin tarixində ən yüksək səviyyədə olduğunu vurğulayıb, Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun təməlinin qoyulması mühüm hadisədir və İran mediasında bu layihə “Dostluq” layihəsi adlandırılıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialı vurğulayan Əli Rəbii Azərbaycan iş adamlarının İranda yerləşən sənaye zonalarında fəaliyyəti üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu