Xəstəxanada uşaqlar səhv düşdü- Azərbaycanda şok hadisə




Balaca Mehriban Dilarə Xəlilovanın ilk və yeganə övladıdır. Ancaq 4 aylıq Mehribanın Gəncə Müalicə Diaqnostika Mərkəzində başqa uşaqla səhv düşdüyünü deyirlər.

AFN Meydan TV-nin Xəlilovlar ailəsindən hazırladığı reportajı təqdim edir:

Dilarə Xəlilova Bərdə sakinidir. O deyir ki, övladı 2016-cı ilin 16 sentyabrında Gəncə Müalicə Diaqnostika Mərkəzində qeysəriyyə əməliyyatı ilə doğulub. Körpə doğulandan 2 ay sonra Diaqnostika Mərkəzindən ona Mehribanın əslində xəstəxanada ondan bir gün öncə doğuş edən başqa birinin - Lalə Məmmədovanın qızı olduğu deyilib.

"Guya xəstəxanada qarışıqlıq olub, Lalə adlı qadının evindən mənim adım yazılmış "birka" tapılıb. Həmin "birka"nı klinikaya gətirib ki, burda mənim uşağım dəyişik düşüb. Təbii ki, mən bunlara inanmadım. Guya bu dəyişiklik sentyabrın 18-də, o, xəstəxanadan çıxan gün olub. Mən baş həkim Şamil Bədəlova zəng vurub bunun mümkün olmadığını söylədim. Şəkilləri də sübut olaraq göndərdim ki, mənim yanıma ayın 16-da hansı uşaq qoyulubsa, o uşaq da mənim evimdədir".

Klinikanın müraciətlərindən sonra Dilarə Xəlilova DNT analizi verməyə razılaşır. Analizlərin nəticələrində Mehriban Süleymanovanın Lalə Məmmədovanın qızı olduğu göstərilir. İş Lalə Məmmədovanın iddiası ilə Nəsimi rayon Məhkəməsinin icraatındadır. Dilarə Xəlilova məhkəmədən də narazıdır:

"Tələbim odur ki, ekspertiza təşkil olunsun. Mənim suallarım tam şəkildə cavabını tapsın. Kamera görüntüləri gətirsinlər. Palatada olmayıbsa da, öz gözümün şahidiyəm ki, dəhlizdə kamera var. Onunla sübut etsinlər ki, mənim evimdə olan uşaq sentyabrın 15-də orada olub. Burada 4 tibb bacısının, 2 uşaq həkiminin, ananın diqqətsizliyindən söhbət getməsi məndə şübhə doğurur. Nə oldu bunların hamısı eyni vaxtda diqqətsiz oldu?"

Dilarə Xəlilova deyir ki, xəbəri eşidəndən gündən "bu gün onunla keçirəcəyim son gündür" qorxusu ilə yaşayır, gözünə yuxu da getmir. Ananın sözlərinə görə, başqa klinikalarda DNT analizi keçirməyə çəkinir. Ona elə gəlir ki, hara gedirsə, Mərkəzi Klinikanın gözü onu izləyir. O, balaca Mehribanın bu problemdən xilasını təkcə Mehriban Əliyevada görür.
"Mehriban Əliyevadan ana kimi istəyim var, ona yalvarıram ki, bu məsələ ilə özü maraqlansın. Yəni mənim başqa heç kimə inamım qalmayıb. Bəlkə kənardan bu kiməsə adi görünür. Amma məni nəzərə alan yoxdur. Artıq mən intihar həddinə çatmışam. Bu məsələ ilə heç kim ciddi maraqlanmır. Hamı deyir ki, uşaqdır, bunu verəcəm, onu alacam. Özü də mənim ilk uşağımdır".

Gəncə Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Şamil Bədəlov bu barədə danışmaq istəmir. Səhiyyə Nazirliyinin mətbuat xidməti isə həmin mərkəzin onların tabeliyində olmadığını deyir.

Diaqnostika Mərkəzindən bildirdilər ki, müəssisə Mərkəzi Klinika ilə müqavilə bağlayıb, onların tabeliyindədir. Mərkəzi Klinikanın hüquqşünası Rzayev isə deyir ki, məhkəmə gedir, nəticə orada bəlli olacaq.

Gəncə Müalicə Diaqnostika Mərkəzinin doğuşu həyata keçirən həkimləri - Aysel Hacıyeva və Mina Qocayeva isə Meydan TV-yə deyiblər ki, bu məsələ ilə bağlı işdən çıxarılıblar.

Meydan TV iddiaçı tərəfin istəyi ilə DNT analizi aparmış ukraynalı həkim Andrei Semikhodskii ilə də əlaqə saxlayıb. Həkim analizin doğruluğunu təsdiqləyib və hesab edib ki, Lalə Məmmədovada olan uşaq onun deyil.

Məsələnin ictimailəşməsinə qarşı olan Lalə Məmmədova isə açıqlama vermək istəmədi. Mehriban Süleymanovanın əsl atası olduğu iddia edilən Tural Məmmədov da Meydan TV-yə danışmaq istəmədiyini, hazırda onlarda olan Səkinə Məmmədlinin öz qızı olduğunu söylədi. O, həyat yoldaşının qaldırdığı iddia ilə bağlı sualları da cavabsız buraxdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu