Cahangir Əsgərovun qərarı ilə bağlı qalmaqal böyüyür




Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2017-ci il yanvar ayının 12-dən etibarən Gəncəyə təyyatə reyslərinin ləğv edildiyini açıqlayıb.

Mili Məclisin Gəncədən seçilən deputatı Musa Quliyev reyslərin ləğv edilməsinə kəskin reaksiya verib. Deputat qeyd edib ki, məsələ ilə bağlı Gəncədən seçilən həmkarları ilə müzakirə aparıblar və həm onların, həm də ümumən Qərb bölgəsindən olan deputatların adından danışır.

O, Gəncəyə reyslərin ləğv edilməsini AZAL-ın yarıtmaz, monopolist fəaliyyətinin nəticəsi kimi qiymətləndirib: “AZAL rəhbərliyi reysin ləğvini iqtisadi cəhətdən səmərəli olmamaqla izah edir. Hesab edirəm ki, bu, doğru addım deyil. Burada iqtisadi səmərə güdmək məsələsi də ön plana çıxmalı deyil. Əslində, bunu AZAL-ın öz işini keyfiyyətli və optimal qurmaması ilə izah etmək olar. AZAL Azərbaycanda hava vasitəsilə sərnişin daşıyıcılığının monopolisti kimi çıxış edir və çox geniş imkanlara malikdir. AZAL dünyanın müxtəlif ölkələrinə uçuşlar təşkil edir. Ən azından bu uçuşların hesabına daxili uçuşları tənzimləyə bilər.



Bu həm də çox ciddi ictimai, siyasi əhəmiyyətə malik məsələdir. 15 günə yaxındır ki, Gəncədən Bakıya təyyarə reysləri ləğv olunub. Bizə yüzlərlə müraciət daxil olub.

Hesab edirəm ki, bu, AZAl-ın Azərbaycanın beynəlxalq imicinə vurduğu böyük zərbədir”.



Musa Quliyev Azərbaycanın ikinci şəhəri və mühüm paytaxtlarından olan Gəncənin hava nəqliyyatını qısa müddətdə bərpa edilməsini istəyir və bu təklifin Gəncədən olan deputatlara məxsus olduğunu bildirib: “Hələ sovet dönəmindən bu yana Bakı ilə Gəncə arasında təyyarə əlaqəsi olub. 2006-cı ildə Gəncə aeraportu beynəlxalq aeraport statusunu aldı və Prezident İlham Əliyev açılışda iştirak etdi.
Ölkə başçısı açılışda çıxışı zamanı bəyan etdi ki, bundan sonra Gəncədən dünya ölkələrinə təyyarə uçacaq. AZAL-ın prezidenti Cahangir Əsgərov da həmin tədbirdə iştirak edirdi.

Biz ötən il hökumətin hesabatında Gəncəni təmsil edən deputatlar olaraq, buradan Bakıya uçan təyyarələrin qrafikə salınması üçün Baş nazirdən xahiş etdik. Çox böyük minnətdarlıq hissi ilə demək istəyirəm ki, Baş nazirə müraciətimizdən sonra məsələ həllini tapdı. Gəncə-Bakı reysi normal qrafiklə işləməyə başlamışdı. Amma çox təəssüf ki, reys bu ilin əvvəlindən qəfildən dayandırıldı. Dayandırılmanın səbəbini isə dolların məzənnəsinin qalxması ilə əlaqələndirdilər. Amma əslində, elə Gəncə-Bakı reysinin də biletləri ucuz deyildi”.

M.Quliyev məsələni Milli Məclisdə qaldıracağını deyib: “AZAL rəhbərliyi qısa müddətdə çıxış yolu tapmalıdır. Mən hesab edirəm ki, hökumətin növbəti hesabatında AZAL rəhbərliyi də parlamentə dəvət olunmalıdır. Çünki AZAL-la bağlı ictimaiyyəti narahat edən suallar var”.

M.Quliyev vurğulayıb ki, AZAL yaxın vaxtlarda problemi həll etməsə, Gəncədən seçilən deputatlar hökumətə və prezidentə müraciət edəcəklər.(modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu