Kərəm Həsənov Kürdəmirdə vətəndaşları qəbul edib



Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 24 fevral 2017-ci il tarixində Kürdəmir rayonunda vətəndaşları qəbul edib. Qəbulda Kürdəmir ilə yanaşı Ucar, Zərdab və Göyçay rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

İştirak edən vətəndaşlar komitə sədrinə əsasən özəlləşdirmə və əmlakın sənədləşdirilməsi ilə bağlı onları maraqlandıran məsələlərlə bağlı müraciət ediblər. Komitə sədri hər bir vətəndaşı dinləyib. Səsləndirilən müraciətlərlə bağlı zəruri məlumatları yerində dəqiqləşdirmək üçün komitənin aidiyyəti struktur bölmə rəhbərlərinə tapşırıqlar verib. Özəlləşdirmə ilə bağlı ünvanlanan müraciətlərin bir qismi keçirilən hərraclarla bağlı olub. Belə ki, hərrac prosedurları, hərracda iştirak üçün müraciət, hərracda əmlak sahib olmağın yolları və şərtləri, əmlakın seçimi və əmlaka baxış, hərracdan sonrakı hüquqi sənədləşdirmə işi və digər məsələlərin aydınlaşdırılması məqsədilə suallar və təkliflər verilib. Komitə sədri bütün təkliflərin qeydiyyata alınması və tezliklə dəyərləndirilməsi barədə tapşırıqlarını verib. Komitə sədri hərracda iştirakın üstünlüklərinə toxunaraq qeyd edib ki, belə açıq və şəffaf hərraclar hər bir vətəndaşa, fiziki və hüquqi şəxsə bir və ya bir neçə əmlaka yiyələnmək fürsəti yaradır. Bundan ötrü komitənin internet resursu olan özəlləşdirmə portalı üzərindən əmlaklarla tanış olmaq və seçilən əmlaka elektron sifariş vermək kifayət edir.

Qəbulda daşınmaz əmlakın qeydiyyatı və əmlak üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı vətəndaşları maraqlandıran məsələlər də komitə sədrinə bildirilib. Bir neçə vətəndaş mənzillərin, pay torpaqlarının, fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətlərini səsləndiriblər. Komitə sədri bildirib ki, əmlaka çıxarış alınması və digər sənədləşdirmə əməliyyatları hazırda vətəndaşlar üçün daha da sadələşdirilib. Vətəndaş rahat və çevik qaydada müraciət edib qısa müddətdə mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldıra bilir. Sosial xidmətlər olan “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərindən istifadə etməklə isə heç bir yerə getmədən iş və gündəlik fəaliyyətdən ayrılmadan birbaşa ünvanda çıxarışın əldə edilməsi də vurğulanıb. Qeyd olunub ki, bütün bu rahatlıq tədbirlərinin təşkilində məqsəd xidmətləri vətəndaşlara daha əlçatan etmək, operativlik və şəffaflığı maksimum təmin etməkdir.

Komitə sədri vətəndaşları dinləyərək bəzi müraciətlərin dərhal həlli üçün məsul qurum rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaş müraciətlərinə həssas yanaşılması və çevik həlli, qanunçuluğa tam riayət olunması istiqamətində tapşırıqlar səsləndirib. Komitə sədri bildirib ki, bütün müraciətlər müvafiq qanunvericiliyin müddəaları qorunmaqla tez həll olunmalı, vətəndaş məmnunluğu təmin edilməlidir. Komitənin fəaliyyət istiqamətləri üzrə ictimai xidmətlər və hüquqi prosedurlar ilə bağlı məlumatlandırma və maarifləndirmə işləri mütəmadi həyata keçirilməli, verilən sorğular dərhal cavablandırılmalıdır. Əlçatanlıq və bilavasitə ünvanlarda mobil xidmətlər genişləndirilməli, vətəndaş rahatlığı üçün zəruri bütün işlər görülməlidir.

Komitə sədri tərəfindən qəbulda verilmiş tapşırıqlar nəticəsində bir sıra müraciətlər operativ həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər isə qeydiyyata alınıb.

Komitə sədri tərəfindən keçirilən belə vətəndaş qəbullarının qarşıdakı aylarda digər şəhər və rayonlarda da təşkili davam etdiriləcəkdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu