Bakıda əlillərin qarşısını kəsən keçidlər- FOTOLAR



Ekspert: “Paytaxtda keçidlərin heç birində fiziki məhdudiyyətli şəxslər üçün lazımı infrastruktur yoxdur”

Bakının mərkəzində yerləşən əksər yeraltı keçidlərdə əlilliyi olan şəxslərin hərəkətinə şərait yaratmaq unudulub. Belə ki, paytaxt ərazisində bir çox keçidlərdə əlillərin hərəkəti üçün nəzərdə tutulan xüsusi qurğular ya quraşdırılmayıb, yaxud da bunlar işlək vəziyyətdə deyil.

Məlum olduğu kimi dünyanın əksər inkişaf etmiş ölkələrində əlilliyi olan şəxslərin cəmiyyət tərəfindən diskriminasiyaya məruz qalmalarının qarşısını almaq, onların hərəkətlərini asanlaşdırmaq üçün müxtəlif tədbirlər görülüb. Bu tədbirlər barəsində aşağıda məlumat verəcəyik. Hələ ki, məsələ ilə bağlı Bakıdakı vəziyyəti qeyd edək.

Müşahidə etdik ki, metronun “Sahil” stansiyasının qarşısındakı “Bulvar” istiqamətinə doğru olan yeraltı keçidlərin heç birində fiziki məhdudiyyətləri olan şəxslər nəzərə alınmayıb. Bu keçidlərə daxil olmaq üçün hərəkət edən və etməyən pilləkən mövcuddur ki, bundan da yalnız sağlam şəxslər istifadə edə bilərlər. Eləcə də Nizami küçəsindəki yeraltı keçiddə də eyni halın şahidi olduq. Burada da əlillərin hərəkəti nəzərə alınmayıb.

Heydər Əliyev sarayının qarşısındakı keçiddə isə anormal vəziyyətin şahidi olduq. Buradakı yeraltı keçidə 4 tərəfdən daxil olmaq mümkündür. Lakin qəribə hal ondan ibarətdir ki, bu 4 girişin yalnız birində əlillərin hərəkəti üçün müvafiq pandus düzəldilib. Yəni əlil arabası ilə keçidə daxil olan fiziki qüsurlu şəxsin yolun digər tərəfinə keçməsi mümkün deyil. Belə çıxır ki, tikilən pandusdan keçidə daxil olan əlilliyi olan şəxs, elə burada da qalmalıdır.

“Qış bulvarı”ında 7 yeraltı keçiddə və “Atatürk” parkının qarşısındakı yeraltı keçidə isə əlillərin hərəkətini asanlaşdırmaq üçün pilləkənlərə xüsusi aparatlar quraşdırılıb. Qurğunun funksiyasına görə fiziki qüsurlu şəxslər əlil arabası ilə aparata daxil olurlar və aparat onları aşağı-yuxarı daşıyır. Lakin bu aparatların heç birinin işlək vəziyyətdə olmasını müşahidə etmədik. Ərazidə yaşayan sakinlər söylədilər ki, bu aparatlar yalnız ehtiyac olduğu zamanı istifadə edilir. Aparatları işlək hala salmaq üçün xüsusi açarlar lazımdır ki, həmin açarlar da aparatın üstündə saxlanılmır. Yəni əgər əlil keçiddən istifadə etmək istəyirsə, gərək bu açarların kimdə olduğunu axtara, onun gəlməsini gözləyə...

Bəs bu məsələ xaricdə necə tənzimlənir?

Almaniyada yaşayan soydaşlarımızdan öyrəndik ki, orada əlilliyi olan şəxslər üçün hər məsələ incəliklərinə qədər araşdırılıb, müvafiq addımlar atılıb. Belə ki, Almaniyada nəyinki keçidlərdə, hətta mənzillərdə də əlillərin rahatlığını təmin etmək üçün işlər aparılır. Onların evlərinin qarşısında, mənzillərinin daxilində olan bütün maneələr götürülür. Hamam-tualetlərdə də həmçinin insanların fiziki məhdudiyyətləri nəzərə alınaraq, buna uyğun şərait yaradılır. Həmçinin öyrəndik ki, bir çox Avropa ölkələrində əlillərin avtomobil park etmələri üçün yer də xüsusi olaraq hazırlanır və buradan yalnız əlilliyi olan şəxslər istifadə edə bilirlər. Bütün bu tədbirlər dövlət tərəfindən, müvafiq qanunlara uyğun olaraq görülür.

Hüquq müdafiəçisi Sahib Məmmədov “Yeni Müsavat”a bildirib ki, bu problemlə bağlı hökumət BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının icrasına dair hesabatında qeyd edib ki, Bakıda 57 yeni keçid tikilib və hər birində əlilliyi olan şəxslər üçün müvafiq tədbirlər görülüb: “Lakin bu, heç də belə deyil. Bakıda əlilliyi olan şəxslər üçün keçidlərdə qoyulan panduslar da standartlara uyğun deyil. Belə ki, normalda bu panduslar 17-18 dərəcədən yuxarıdırsa, artıq yararsız sayılır. Bakıdakı keçidlərdə isə bu panduslar 30-40 dərəcədən yuxarıdır. Yəni bunu tikən şəxsi əlil arabasına oturdub, bu panduslar vasitəsi ilə aşağı düşməsini istəsən, elə onun özü də əlil olar. “Azneft dairəsi”ndə quraşdırılan keçidlərin bir tərəfində qaldırıcı qurğu var, digər tərəfində isə yoxdur. Belə çıxır ki, onda gərək əlilliyi olan şəxsin digər tərəfə keçməsi üçün onu kimsə yuxarı qaldırmalıdır. Bakıda keçidlərin heç birində əlilliyi olan şəxslər üçün infrastruktur yoxdur. Mənzillərdə, digər idarələrdə də əlilliyi olan şəxslər nəzərə alınmalıdır. Binada qapıların, liftlərin ölçüsü və digər bu kimi nüansların hamısında əlilliyi olan şəxslər nəzərə alınmalıdır. Hazırda ölkədə yalnız bəzi yeni tikilən məhkəmələrdə “ASAN” xidmətin ofislərində, Heydər Əliyev Mərkəzində əlilliyi olan şəxslərin hərəkəti nəzərə alınıb. Qalan heç bir yerdə, bu, yoxdur. Bir binanın sonradan əlilliyi olan şəxslərə uyğunlaşdırılması üçün həmin tikilinin xərcinin 15-20 faizi qədər əlavə xərc çəkmək lazımdır.

Tikilməkdə olan binada isə bu xərc ümumi smetanın 1-2 faizini təşkil edir”. (Musavat.com)










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu