İcra başçılarının tikinti fırıldağı



Aytəkin İmranova: “Tikinti normalarında külli miqdarda nöqsanlar var. Bu çox ciddi bir məsələdir”

Bakıda qanunsuz tikililərlə bağlı zaman-zaman ciddi faktlar üzə çıxıb və bununla bağlı problemlər yaşanıb. İcra hakimiyyətləri bəzi hallarda qəbul etdikləri qərarlarla vətəndaşların mənafelərini qorumaq adı ilə qanunsuz tikililərin rəsmiləşdirilməsinə razılıq verir, bu da sonradan bir çox problemlərin yaranmasına səbəb olur. Belə ki, tikiliyə başlamamışdan əvvəl əraziyə baxış keçirilmir, hər hansı araşdırılma aparılmadan, oradan keçən kommunal xətlərə diqqət yetirilmədən və müəyyən vacid strukturlar nəzərə alınmadan obyektlərin inşasına icazə verilir.

Ən əsası strateji obyektlər tikilən zaman qeyd olunan tələblər irəli sürülməli, vacib şərtlər icra olunmalıdır. Çünki xırda bir məsuliyyətsizlik və ya korrupsiya səbəbindən təhlükəli olaylar baş verə bilər. İllər öncə Bakıda orta məktəblərdən birinin inşasına ərazi üzrə icra hakimiyyəti tərəfindən razılıq verilib. Yəni, strateji obyektin inşasından əvvəl həmin ərazi tikintinin bütün normalara cavab verib-vermədiyi yoxlanılmayıb və kor-koranə qərar imzalanıb. Sonradan bu məsələ ilə bağlı problemlər üzə çıxıb və tərəflər arasında insident yaşanıb. Məlum olub ki, tikilən orta məktəb binasının altından qaz xətti keçirmiş. Hər an yarana biləcək təhlükəli məqamdan xəbər tutandan sonra məktəbdə təhsil alan məktəblilər başqa əraziyə köçürülüb. Buna bənzər bir olay da bu günlərdə Bakıda yaşanıb. Belə ki, Xətai rayonu M.Hadi küçəsində iş adamı Əli Cəlilov obyekt tikintisi üçün İcra Hakimiyyətindən sərəncam və bütün aidiyyəti qurumlardan icazə alıb. İki il əvvəl həmin ərazidə tikintiyə başlayıb. Hər dəfə bir qurum gəlib, tikintini dayandırıb, sökdürüb. Nə tələb olunubsa, onu edib, nə sənəd istəyiblərsə, düzəldib. Axırda isə İcra başçısının sərəncamını alıb. İş adamının dediyinə görə, iki il ərzində obyektə 700 min dollar pul xərcləyib. Dövlət qurumlarının qanunsuz müdaxilələri onun külli miqdarda pul itirməyinə gətirib çıxarıb. Bütün orqanlardan razılıq alandan sonra "Azərsu” ASC obyektin altından böyük su borusunun keçdiyini bildirərək, tikilinin sökülməsini tələb edib. Obyekt sahibinin dediyinə görə, əgər ərazidə belə problemlər var idisə, o zaman Fövqəladə Hallar Nazirliyi və icra başçısı niyə inşaya icazə verirdi.

Qeyd olunan məsələdə qurumların ya məsuliyyətsizliyi, ya da hansısa maraqlarının olması ortaya çıxıb. İddia olunur ki, bu məsələdə korrupsiya faktının olması istisna deyil.

Hüquq müdafiəçisi, “Tarix-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova “Cümhuriyət” qəzetinə bildirib ki, icra hakimiyyətlərinin torpağı vətəndaşa necə verməsi barədə tikinti məcəlləsində müddəalar əks olunub: “İstənilən inşa üçün ərazinin xəritəsi göstərilməlidir. O xəritədə müxtəlif xidmətlər olmalıdır. Yer ayıranda katastr olmaya bilməz. Ya buna əməl edilmir, ya da bu katastrları itirirlər ki, məsuliyyət daşımasınlar. Elə bil ki, bu ölkədə ayrı-ayrı dövlət xidmətləri paralel, bir-birindən xəbərsiz çalışırlar. Biri qazır, zədələyir, oradan qaz və ya su xətti çıxır. Biri bu tərəfdən asfaltlayır. Düşünürəm ki, yerli icra hakimiyyətləri bütün bu məsələləri bir yerə toplamalıdır ki, bu da hardasa bir istinad nöqtəsi olmalıdır.

Hamısı bir-biri ilə əlaqəli çalışmalıdır. Bütün qurumların xəritələri var, sadəcə özlərinə əziyyət vermirlər. Ya da ki, başqa səbəblər var. Hər halda əraziyə baxış keçirilməlidir. Həmin iş adamının problemi iki ildən sonra üzə çıxıb. Bu məsələdə görünür səhlənkarlıq olub. O ərazidəki problemlə bağlı ona əvvəlcədən məlumat verməli idilər. Əgər qeyd etdiyi məbləğdə ona ziyan dəyibsə, icra hakimiyyətini məhkəməyə verib, təzminat istəyə bilər. Hətta əlində lazımi sənədlər varsa, beynəlxalq məhkəmələrə də gedib çıxa bilər”.

Ekspertin sözlərinə görə, istənilən tikintiyə başlamazdan əvvəl layihə olmalı və onun əsasında da tikintiyə başlamaq lazımdır: “Bizdə ilk mərhələdə tikintiyə başlanılır. Nə layihə, nə də araşdırma var. Sonra məlum olur ki, bu ərazi sürüşən, çat və xətti olan yerdir.

Burada 5 milyon ayrılacaqsa, onun 1 milyonunu araşdırma, 2 milyonu layihəyə, 3 milyonu isə tikintiyə sərf olunur. Əgər hardasa, nəsə dəqiq deyilsə, qüsur varsa, demək burada qeyri-professionallıq var. Bu da böyük qəbahətdir. Demək ki, şəxslər öz yerində deyil, onların təyinatında böyük problemlər olub. İkincisi, səhlənkarlıqdır, özlərinə əziyyət vermirlər, üçüncüsü isə ehtimal olunur ki, burada korrupsiya halı olub. Ümumilikdə, bunların hər biri ayrılıqda məsuliyyət daşıyır”.

Aytəkin İmranova əlavə edib ki, ölkədə kifayət qədər qanunsuz tikililər var ki, heç bir araşdırılma, baxış keçirilmədən inşa edilib: “Dəmir və avtomobil yolları, körpülər, bir-birinə yaxın məsafədə olan binalar var ki, bu inşalarda müəyyən tələblər gözlənilməyib. Tikinti normalarında külli miqdarda nöqsanlar var. Bu çox ciddi bir məsələdir. Qəbul olunan fərmanlar, aktlar, qanunlar, qaydaların icrası nəzarətdə olmalıdır ki, məsuliyyət daşısınlar. Nə məsuliyyət, nə də nəzarət var. Bir mövzu üzrə nə qədər belə qüsurlar yarana bilər ki?”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu