İradə Gülməmmədova Zakir Fərəcovun imzasını tanımır?- ŞİKAYƏT




2011-ci ildə Bolgexeber.com saytının baş redaktoru Vasif Turanın evi naməlum şəxslər tərəfindən yandırılıb və baş redaktorun iki azyaşlı uşağı yanğın nəticəsində dünyasını dəyişib.

Bu hadisədən sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Vasif Turana Saray qəsəbəsində 4 sot torpağın verilməsi ilə bağlı sənəd imzalayıb və həmin torpaqda heç bir problem yaşamadan tikinti işləri apara biləcəyini bildirib. Bu yaxınlarda sözügedən torpaqda tikinti işlərinin çox az qismi tamamlanıb, ancaq Abşeron RİH-in nümayəndələri bu torpağın sənədinin olmadığını və tikinti aparmağın qeyri-qanuni olduğunu deyiblər. Hətta tapşırığa əsasən, fəhlələr çağırılıb və hörülmüş hasar dağıdılıb. Məsələ ilə bağlı açıqlama verən Vasif Turan bildirir ki, hazırkı icra başçısının Zakir Fərəcovun verdiyi imzalı sənədi niyə tanımadığını bilmək istəyir: "Sağ olsun Zakir Fərəcov, məlum hadisə baş verəndən sonra qayğı göstərdi və Saray qəsəbəsində mənim üçün 4 sot torpaq ayırdı. Buna görə ona təşəkkürümü bildirirəm. Amma başa düşə bilmədiyim bir məsələ var, o da hazırki icra başçısı İradə Gülməmmədova və onun işçilərinin mənim sənədimi niyə tanımamasıdır. Əlimdəki sənəddə Zakir Fərəcovun imzası var. Ancaq onlar deyirlər ki, bu torpaqda tikinti apara bilməzsiniz. Dəfələrlə icra hakimiyyətinə gedib müraciət eləmişəm, amma şikayətimə baxan olmayıb. Kimə müraciət edirəmsə, başqasına yönləndirərək vaxtı uzadır. Mənə deyirlər ki, torpağın pulunu verməlisiniz. Əgər torpağın pulunu verməli idimsə, bunu niyə əvvəldən demirdilər? Bundan əlavə, sözügedən torpaq vaxtilə Zakir Fərəcov tərəfindən mənim üçün ayrılıb, mən bu torpağa nəyə görə pul verməliyəm?!"
Vasif Turan baş verən özbaşınalığa dözə bilmədiyini və artıq son çıxış yolu kimi prezidentə müraciət etdiyini bildirib: "Mən artıq prezidentə və birinci vitse-prezidentə məktub ünvanlamışam. Məsələnin həll olunması istiqamətində aidiyyati qurumlara tapşırıq verilməsini xahiş etmişəm. Bir neçə aydır ki, müraciətlərim cavabsız qalır. Mən yaşamaq üçün bir ev tikməyə məcburam, amma İradə Gülməmmədovanın tapşırığı əsasında mən evimi tikib qurtara bilmirəm. Mənə nəyə görə İcra Hakimiyyəti tərəfindən maneə yaradıldığının səbəbini bilmək istəyirəm. Axı başçının burda marağı nədir?! Mən hər zaman dövlətimizin qanunlarına inanmışam, bilirəm ki, bu dəfə də ədalət öz yerini tapacaq. Vəzifəsindən istifadə edən insanlar qanun qarşısında cavab verməli olacaq".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu