Məhkəmə "AccessBank"ı cərimə etdi- FOTOLAR




"AccessBank" növbəti məhkəmə prosesində uduzub. Yasamal rayon məhkəməsində Axundov Emin Tofiq oğlunun “Accessbank” QSC-yə qarşı iddia ərizəsinə dair qətnamə qəbul olunub. Hakim Rafayıl Əliyevin sədrliyi ilə keçən iclasın yekununda iddiaçının tələbi təmin olunub, adıçəkilən bank iddiaçının xeyrinə 584,08 ABŞ dolları və 30 manat məbləğində cərimə olunub.

Məhkəmə qətnaməsində bildirilir: “Accessbank” QSC-dən əsassız olaraq iddiaçıdan əldə edilmiş vəsaitin əvəzi qismində 443,61 ABŞ dolları və həmin vəsaitdən 6 il 4 ay ərzində faydalanmağa görə illik 5% dərəcəsi ilə hesablanmış faizlər qismində 140,47 ABŞ dolları, cəmi 584,08 ABŞ dolları məbləğində pul vəsaiti, habelə nümayəndəyə çəkilmiş xərcin bir hissəsinin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Axundov Emin Tofiq oğlunun xeyrinə tutulsun”.

Xatırladaq ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2016-cı ildə verdiyi 17594 saylı rəyə əsasən, “Accessbank” QSC-nin Axundov Emin Tofiq oğlunun 443,61 dolları vəsaitini mənimsədiyi faktı qeydə alınmışdı.

Faktla bağlı Mediainfo.az-a məlumat verən Emin Axundov “Accessbank” QSC-nin digər müştəriləri də analoji qaydada aldatdığını istisna etmədiyini bildirib: “Əlimizdə “Accessbank” QSC-nin digər müştərilərlə bağladığı kredit müqavilələrinə dair sənədlər var. Bu sənədlər müxtəlif illərdə tərtib olunsa da, istisnasız olaraq, hər birində adıçəkilən bankın müştərilərin maliyyə vəsaitlərini bilərəkdən mənimsədiyi faktı yer alır. Deməli, “Accessbank” QSC-nin qanunazidd əməli silsilə xarakterlidir. Bütün bunları nəzərə alaraq, hüquq mühafizə və digər aidiyyatlı orqanlara yazılı şəkildə müraciət etmişəm”. Məhkəmənin yekun qərarından tam razı qalmayan Emin Axundov mübarizəsinin bitmədiyini deyərək sözlərinə əlavə edib: “Hakim Rafayıl Əliyevə bankın qanunazidd əməllərini sübut edəcək məlumatlar vermişdik. Buna dair kifayət qədər dəlil toplanmışdı. Lakin hakim bank haqda cinayət işi açmaq əvəzinə maliyyə cəzası ilə kifayətləndi. Halbuki söhbət mənim timsalımda təkcə bir vətəndaşın aldadılmağından gedə bilməz, əsas problem 15 il ərzində on minlərlə istehlakçıların hüquqlarının bilərəkdən pozulmasıdır. Bir Avropa bankının Azərbaycan vətəndaşlarının maliyyə vəsaitlərini qanunsuz yolla mənimsəməsi və cinayət yolu ilə varlanması halı yolverilməzdir”. Sonda Emin Axundov “Accessbank” QSC-nin müştərisi olmuş və ya hal-hazırda müştərisi olan vətəndaşlara müraciət edərək deyib: “Böyük ehtimalla, hər bir müştəri “Accessbank” QSC tərəfindən aldadılıb, lakin bunu bilənlər azdır. Əgər siz də hüquqlarınızın bərpa edilməsini istəyirsinizsə, bankın sizə təqdim etdiyi “Ödəniş Planı” adlı sənədinin foto əksini +46737762666 (whatsapp) nömrəsinə göndərin. Ekspertlər hər bir sənədi ayrı-ayrılıqda araşdıracaq və lazım gələrsə, Avropa Məhkəməsinə müraciət olunacaq. Bu isə hər bir Azərbaycan vətəndaşının itirilmiş vəsaitinin və ona vurulmuş ziyanın günahkarlar tərəfindən ödəniləcəyi deməkdir”.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu