Sədərək gömrüyünün rəisi işdən çıxarılıb





Naxçıvanın Sədərək Gömrük Məntəqəsinin rəisi Mirməhəmməd Seyidov vəzifəsindən azad olunub. Bu haqda “AzPolitika.info” özünün Naxçıvandakı mənbələrinə istinadən yazır. Bildirilir ki, Seydiovla yanaşı daha bir neçə gömrük məmuru işdən azad edilib, ancaq səbəblər məlum deyil. Xəbərə görə Sədərək gömrüyünə artıq yeni rəis də təyin olunub, hərçənd onun kimliyi göstərilmir.



Virtualaz.org qeyd edir ki, Sədərək Gömrük Məntəqəsinin rəisi vəzifəsini tutmuş Mirməhəmməd Seyidov 2013-cü ilin dekabrında Türkiyədə həbsi ilə məşhurlaşıb. Həmin vaxt Türkiyədə ədliyyə-polis sistemində kök salmış fətullahçılar Ərdoğan hakimiyyətinə qarşı qəti hücuma keçmişdi və qəfil antikorrupsiya həbslərinə başlamışdı. Bu əməliyyat zamanı Ərdoğan hökumətinin 3 nazirinin oğlu da daxil olmaqla bir çox məmurlar, biznesmenlər həbs olundu. İran əsilli azərbaycanlı milyarder, hazırda ABŞ-da həbsdə olan Rza Zərrabın vasitəsilə İran pullarının beynəlxalq sanksiyalardan yayındırılması da daxil olmaqla həmin antikorrupsiya həbslərində bir çox qalmaqallı faktlar üzə çıxmışdı.

Həmin vaxt Mirməhəmməd Seyidov yaxınlarının dediyi kimi “ailə üzvlərindən birinin müalicəsi” ilə bağlı İstanbula getmişdi. Və dekabrın 17-də İstanbul-Qars reysi ilə uçan təyyarə ilə Qarsa, oradan Naxçıvana geri qayıdırdı. Lakin Qars aeroportunda Sədərək gömrüyünün rəisini polis qarşılayıb və onun əllərini qandallayıb. Türkiyə mətbuatı xəbər verib ki, Mirməhəmməd Seydiov Türkiyənin Naxçıvanla sərhəd Dilucu gömrük məntəqəsinin işçilərinin yükdaşıma şirkətləri ilə korrupsioner əlaqələrinə dair təhqiqata görə həbs edilmişdi.Seydiovun həbsi ilə eyni vaxtda keçirilən əməliyyat zamanı bir neçə gömrük məmuru və nəqliyyat firmalarının rəhbərləri saxlanılıb. Onların evlərindən yüz minlərlə dollar, neft qaçaqmalçılığına dəlalət edən sənədlər, imzalı və möhürlü, ancaq üzərində məbləğ göstərilməyən ödəmə qəbzləri aşkarlanıb.

Bəlli olduğu kimi Türkiyə ədliyyəsində və polisində möhkəmlənmiş həmin səs-küylü antikorrupsiya həbslərindən sonra Ərdoğan hakimiyyəti Fətullah Gülənə qarşı hücuma keçdi və onun minlərlə tərəfdarı polisdən, prokurorluq orqanlarından qovuldular. Hadisələrin sonrakı inkişafı məlumdur. Seydiov isə Qars həbsxanasında bir neçə ay saxlanıldıqdan sonra buraxıldı və öz vəzifəsinə geri qayıtdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu