Keçmiş komitə sədri ilə PA-nın zərgərlik sexinin müdiri arasında milyonluq məhkəmə qalmaqalı


Keçmiş komitə sədri ilə PA-nın zərgərlik sexinin müdiri arasında milyonluq məhkəmə qalmaqalı



Nəsimi Rayon Məhkəməsinin çıxardığı ədalətsiz hökmlər xalqı hökumətdən narazı salmağa xidmət edir



“Ədalətsizliklə ədaləti bərpa etmək olmaz”

Heydər Əliyev


Hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri şəffaf məhkəmə sistemidir. Hər bir demokratik dövlətdə insan hüquq və azadlıqlarının müdafiəsində təməl rolunu məhz məhkəmələr oynayır. Təsadüfi deyil ki, azad və şəffaf məhkəmə sistemi bütün demokratik ölkələrdə hüquqi dövlət quruculuğunun ölçü meyarı sayılır. Azərbaycanda da son illərdə bu istiqamətdə bir çox mühüm işlər həyata keçirilib. Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Müasir dövrün tələblərinə uyğun olaraq bu sahədə mütəmadi islahatlar həyata keçirilir. Həmin islahatların başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər mühüm məsələlərdir.

Təəssüflər olsun ki, hüquq müdafiəçisi, ədalət carçısı olduğunu unudan, hüquqları pozulmuş vətəndaşın hüquqlarının bərpasına xidmət edən ədalətli qərar çıxarmaq kimi böyük məsuliyyət daşıdığını dərk etməyən, qanunsuzluğu qanunsuzluqla, ədalətsizliyi ədalətsizliklə bərpa etməyə çalışan bəzi məhkəmə işçiləri sayəsində vətəndaşlar hökumətdən narazı qalır, son ümid yeri kimi baxdıqları məhkəmələrə olan inamlarını getdikcə itirirlər. İlham Cəfərovun baş hakim olduğu Nəsimi rayon Məhkəməsində baş verən özbaşınalıqlar istər ölkə mətbuatında dərc olunan materiallarda, istərsə də bilavasitə redaksiyamıza ünvanlanan şikayət ərizələrində açıq-aydın qeyd olunur.
Bu günlərdə Nəsimi rayon Məhkəməsi növbəti dəfə çıxardığı vətəndaşın hüquqlarına zidd, ədalətsiz və qeyri-obyektiv qərarla gündəmə gəlib. Belə ki, maksimum iki ay davam etməli olan sadə mülkü iş artıq yeddinci aydır ki, qeyri-müəyyən səbəblərdən uzadılır. Buna səbəb isə Prezident Administrasiyasının Təsərrüfat idarəsi nəzdində fəaliyyət göstərən zərgərlik sexinin müdiri vəzifəsini müvəqqəti icra edən Tariyel Ağayev adlı şəxsin öz iş vəsiqəsini göstərərək Nəsimi rayon Məhkəməsinə, xüsusilə də məhkəmənin baş hakimi İlham Cəfərova və hakim Natəvan Tağıyevaya təsir göstərməsidir. Söhbət iddiaçılar - Tariyel Ağayev və Anar Əsədov ilə cavabdeh tərəf “İrşad” İslam Araşdırmalar Mərkəzi və Rafiq Əliyev arasında yaranmış mübahisədən gedir.
Qeyd edək ki, iddiaçı məhkəməyə müraciət edərək, qarşı tərəfin ona külli miqdarda pul borclu olduğunu və Bakı şəhər İcra Hakimiyyətinin 02 may 2016-cı il tarixli 167 saylı Sərəncamı ilə “İrşad” İslam Araşdırmalar Mərkəzinə məxsus ərazidə inşa edilmiş 12 mərtəbəli yaşayış binasının ilk 6 mərtəbəsinin cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu çirkin əməli məhkəmə yolu ilə həyata keçirmək istəyən Tariyel Ağayev və onun əlaltıları məhkəməyə yalan məlumat verməklə Nəsimi rayon Məhkəməsinin hakimi Natəvan Tağıyevanı öz dələduzluq əməllərinə cəlb etməyə cəhd göstərmişdir. Ən qəribəsi isə iddiaçılar kiməsə və yaxud nəyəsə arxayın olaraq iddia ərizəsində pulları nə zaman verdiklərini, nə zaman geri aldıqlarını belə göstərməyi lazım bilməyiblər. Qəribədir, əgər sözügedən pul tikintiyə sərmayə kimi qoyulubsa, o zaman iddiaçılar həmin pulların bir qismini nə üçün geri alıblar? İddiaçılar ərizələrində həmçinin qeyd ediblər ki, guya Rafiq Əliyev ona kömək göstərəcəyi təqdirdə tikiləcək binanın 7-ci mərtəbəsini tam şəkildə Tariyel Ağayevə verəcəyini vəd edib. İddiaçılar məhkəməyə 2017-ci ilin noyabr ayında verdikləri ilk iddia ərizələrində isə həmin binanın ilk 6 mərtəbəsinin cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bununla yanaşı, iddiaçılar öz iddialarını pul tələbinə dair iddia adlandırıblar. Burada da ziddiyyət açıq-aşkar görünür, iddianın adı ilə nəticə hissəsi biri digərinə uyğun deyil. Bundan başqa, iddianın əsaslandırıcı hissəsi ilə iddia tələbi arasında rabitə, məntiqi bağlılıq belə yoxdur. Əgər cavabdeh iddiaçılara 7-ci mərtəbəni vəd edibsə, onlar binanın 6 mərtəbəsini deyil, məhz 7-ci mərtəbənin onlara verilməsini tələb etməli idilər.
İddiaçıların məhkəməyə təqdim etdikləri və pulun cavabdeh Rafiq Əliyevə verilməsini təsdiq edən yeganə sübut (yazılı sənəd) 24.03.2017-ci il tarixli Aktdan ibarətdir. Həmin Aktda isə qeyd olunur ki, “Qalan əsas borc 816 386 ABŞ dolları təşkil edir.” İddiaçıların imzaladıqları və yeganə sübut kimi məhkəməyə təqdim etdikləri sənəddən bəlli olur ki, 24.03.2017-ci il tarixdə cavabdeh Rafiq Əliyevin iddiaçı Tariyel Ağayevə 816 386 ABŞ dolları borcu olub. Bu sənədə əsasən iddiaçılar yalnız borclarını tələb edə bilərdilər. Bu sənəd cavabdehin iddiaçılara hansısa daşınmaz əmlak vermək öhdəliyinin mövcudluğunu təsdiq etmir. Lakin hakim bu hala da düzgün hüquqi qiymət verməyib.
Ən böyük qanunsuzluq isə iddiaçıların cavabdehin borcu haqqında məhkəməyə təqdim etdikləri sənədin 24.03.2017-ci il tarixli olmasıdır. İddia ərizəsi isə məhkəməyə bundan səkkiz ay sonra verilib.
Vətəndaşın redaksiyamıza ünvanlandığı müraciətdə bildirilir ki, Tariyel Ağayev Rafiq Əliyevə ümumilikdə 1 346 000 manat borc pul verib. Həmin pulun 884 187 manatı “AG Bank” ASC-dəki kredit borcuna 25.12.2015-ci il tarixdən 12.04.2016-cı il tarixləri aralığında ödənilib. Qalan hissəsini isə nağd şəkildə verib. 05.08.2016-cı il tarixdən etibarən yuxarıda qeyd edilən binanın tikintisinə başlanıb. 2016-cı ilin oktyabr ayında Tariyel Ağayev Rafiq Əliyevin iş otağına gələrək, onun qohumlarının pula ehtiyacları olduğunu bildirib və təcili ona pul verməyini tələb edib.

Keçmiş komitə sədri ilə PA-nın zərgərlik sexinin müdiri arasında milyonluq məhkəmə qalmaqalı


Nəsimi rayon Məhkəməsinin işə qeyri-obyektiv baxmasını hüquqi müstəvidə şərh etmək üçün vəkil Fuad Kərimova müraciət etdik. Uzun illərdir məhkəmə sistemində çalışan vəkil Nəsimi rayon Məhkəməsinin işə baxış zamanı həqiqətən ağlasığmaz qanun pozuntularına yol verdiyini hüquqi baxımdan təsdiqlədi: “Mən Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardadı aşağıdakı səbəblərə görə qanunsuz və əsassız hesab edirəm: Əvvəla, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin maddənin tələbinə əsasən, hakim iddia tələbinin lazımi sənədlərlə əsaslandığını yoxlamalı və iddianı təmin etmək barədə qərardad qəbul etməlidir. Lakin iddiaçıların məhkəməyə təqdim etdikləri iddia ərizəsi qətiyyən heç bir qanuni sənədlə əsaslandırılmamışdır. Belə ki, iddia ərizəsində qeyd olunur ki, guya iddiaçılar cavabdeh Rafiq Əliyevlə onun rəhbərlik etdiyi “İrşad” İslam Araşdırmalar Mərkəzi tərəfindən inşa edilən binanın tikintisinə sərmayə qoymuşdular və aralarında əldə olunmuş razılaşmaya əsasən Rafiq Əliyev onlara vəd vermişdir ki, tikiləcək binanın 7-ci mərtəbəsi tam şəkildə onlara veriləcək. Bu dəlillərin təsdiqi kimi iddiaçılar heç bir müqavilə məhkəməyə təqdim etməmişdilər. İddiaçı Tariyel Ağayev yalnız özünün imzası ilə təsdiqlənmiş bir müqaviləni məhkəməyə sübut kimi təqdim etmişdir. Hər-hansı biznesə vəsait yatırıldıqda və bunun qarşılığında hansısa mənfəət əldə etmək niyyəti olduqda iddiaçılar pul verməmişdən əvvəl qanunvericiliyin tələblərinə əsasən qarşı tərəflə müqavilə bağlamalı idilər. Belə bir müqavilənin olmadığı halda hakimin hansı əsasla iddianın uğurlu olacağını ehtimal etməsi və dərhal iddianı təmin etmə tədbiri barədə qərardad qəbul etməsi qətiyyən anlaşılan deyil. İddiaçılar məhkəməyə inşa edilən binanın 6 mərtəbəsinin onlara verilməsi barədə təsdiqlənməmiş müqavilə mətnini təqdim etmişdilər. Həmin müqavilə cavabdehlər Rafiq Əliyev və ya “İrşad” İslam Araşdırmalar Mərkəzi MMC tərəfindən imzalanmamışdır və təsdiqlənməmişdir. Həmin sənəd sübut kimi qəbul oluna bilməz və cavabdehlər üçün heç bir öhdəlik yaratmır.
Yuxarıda qeyd edilən faktlardan görünür ki, iddiaçılar cavabdehlərin onlara inşa edilən binanın 6 mərtəbəsinin onlara verilməsi barədə öhdəliyi təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdilər. İddiaçıların nümayəndəsi bu sövdələşmənin şifahi qaydada əldə edildiyini məhkəmədə bildirmişdir və həmin sövdələşmənin şifahi qaydada bağlandığının təsdiqini kimi şahidləri məhkəməyə dəvət etmişdir. Həmin şahidlərin verdikləri izahatlar yalandır və qeyd olunan sövdələşmənin mövcudluğunu təsdiq edə bilməz.
Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci (Əqdlərin formaları) maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Çünki “Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (329.2.)”. “Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur ( 329.3)”.
Həmin Məcəllənin 394-cü (Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası) maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Qanunun həmin tələblərindən görünür ki, iddiaçıların iddia ərizələrindəki istinad etdikləri müqavilə həm yazılı, həm də notariat qaydasında təsdiqlənməli idi. Lakin, iddiaçılar iddia tələblərinin şərtləndirən heç bir yazılı müqaviləni məhkəməyə təqdim edə bilməyiblər.
İddia olunan borca gəlincə, iddiaçılar - Ağayev Tariyel və Əsədov Pərviz verdikləri borcun 80 faizindən çoxunu geri aldıqlarını və bunu isbatlayan qəbzləri məhkəmədən gizlədiblər. Lakin qarşı tərəfin onları dələduzluqda ittiham etməsindən və polisin işə müdaxiləsindən sonra onlar borcun bir hissəsini geri aldıqlarını etiraf ediblər. Bu dəfə isə nağd yolla geri aldıqları pulu gizlətməyə çalışıblar. Amma bu dəfə də bir neçə şahidin məhkəmədə Rafiq Əliyevin öz iş otağında qarşı tərəfə borcun 200 min manatını ödədiyini görmələri barədə verdikləri ifadələr onların çirkin niyyətlərinin həyata keçməsinə mane olub. Reallıq isə ondan ibarətdir ki, Rafiq Əliyev ümumilikdə Tariyel Ağayevə 1 290 000 manat pul qaytarmışdır. Həmin pulların 1 090 000 manat hissəsi qəbzlərlə Tariyel Ağayevin nümayəndəsinə verilmişdir, qalan 200 000 manat pulu isə Tariyel Ağayevə şəxsən əlbəəl şahidlərin yanında Rafiq Əliyev tərəfindən ödənilmişdir”.
Bəli, göründüyü kimi, iddiaçılar bütün bu ödənişləri aldıqları halda məhkəməyə yalan məlumat verərək hakimi inandırıb ki, guya onlar bu günə kimi pullarını geri ala bilmirlər. Bu fakt iddiaçıların nə dərəcədə qeyri-səmimi olduğunu sübut edir.
Tariyel Ağayev məhkəməyə iddia ərizəsi verərkən qəsdən Rafiq Əliyevdən aldığı pulları gizlədib və onun niyyəti bu yolla Rafiq Əliyevdən qanunsuz və əsassız 816 386 ABŞ dolları almaq olub. Həmin hərəkətlərdə açıq-aşkar dələduzluq cinayətinin əlamətləri görünür. Əslində belə vəziyyətdə toplanmış sübutlar əsasında Tariyel Ağayevin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq) maddəsi ilə cinayət işi başlanmalı idi. Belə ki, həmin maddəyə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə - on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin Məcəllənin 33.5-ci (Cinayətin iştirakçılarının məsuliyyəti) maddəsinə əsasən, icraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir.
Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılarkən Tariyel Ağayev təsdiq edib ki, Rafiq Əliyevə pulu o özü verib və həmin pulları geri alıb. Pulun iddiaçı Tariyel Ağayevə qaytarılmasını şahidlər də məhkəmə iclasında verdikləri izahatlarında təsdiq ediblər. Buna görə də iddiaçılar məcburiyyət qarşısında iddia tələblərini dəyişiblər. Lakin növbəti dəfə məhkəməyə yenidən həqiqətə uyğun olmayan məlumatlar təqdim ediblər.
Vəkilin sözlərinə görə, iddiaçıların məhkəməyə açıq-aşkar yalan məlumatları təqdim edərək cavabdehin əmlakının üzərinə həbs qoyulması, cavabdehlərdən verdikləri puldan daha artığını qoparmağa cəhd etmələri faktlarını nəzərə alaraq, onların əməllərində CM-nin 178-ci maddəsinin əlamətlərinin olması ilə bağlı xüsusi qərardad çıxarılmalıdır və prokurora göndərilməlidir: “Amma nədənsə 25.06.2018-ci il tarixdə keçirilən məhkəmə iclasında hakim elan etmişdir ki, iş üzrə sübutların araşdırılması yekunlaşıb və iddiaçıların nümayəndəsinə çıxış etməyi təklif etmişdir. Həmin nümayəndə çıxışa hazırlaşmaq üçün vaxt istəmişdir. O vaxtdan bu günə kimi dəfələrlə məhkəmə iclası təxirə salınıb. Bu təxirə salınmaların əsası kimi iddiaçıların iki dəfə iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizələr vermişdilər. 28.06.2018-ci il tarixə təyin edilmiş məhkəmə iclasına iddiaçılar ümumiyyətlə gəlməmişdilər və məhkəməyə gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdilər. Məhkəmə yekun qərar vermək əvəzinə növbəti dəfə əsassız olaraq, iclası təxirə salıb və iddiaçılara oyunları davam etdirməyə şərait yaradıb. Bu davranışdan açıq-aşkar görünür ki, Nəsimi rayon məhkəməsi həmin işdə qeyri-obyektiv mövqe tutur, iddiaçıların təsiri altında sadə işi əsassız olaraq uzadır, qanuni qərar qəbul etməkdən yayınır. Görünür, iddiaçılar, başda Tariyel Ağayev olmaqla Nəsimi rayon məhkəməsinə qanunsuz təsir göstərir”.
Bəli, məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, dövlət hər kəsin hüquqlarını və azadlıqlarının müdafiəsinə təminat verdiyi, məhkəmə qərarları isə dövlətin adından çıxarıldığı üçün məhkəmə prosedurları hüquq normalarına uyğun həyata keçirilməlidir. Vətəndaşların müraciətlərinə baxan hakimlər öz peşəkar biliklərindən və qanunun onlara verdiyi imkanlardan səmərəli istifadə edərək Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının da qoşulduğu beynəlxalq konvensiyaların, Avropa İnsan Hüquqları Məhkəməsinin Presedentlərinin, İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun, hər hansı bir maddi və prosessual hüquq normalarını pozmadan onlara dəqiq riayət etməklə qanuni və əsaslı qərarlar qəbul etməlidirlər. Amma görünür başda Natəvan Tağıyeva olmaqla Nəsimi rayon Məhkəməsinin hakimləri üzərilərinə düşən vəzifələrin nədən ibarət olduğunu unudublar. Məcbur qalıb Natəvan xanıma və onun həmkarlarına dövlətimizin başçısı cənab İlham Əliyevin sözlərini xatırlatmağı özümüzə borc bilirik (jurnalistlik yox, sadəcə vətəndaşlıq borcu): “Məhkəmə ədalət sarayı olmalıdır. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir”.
Demokratik dövlətin vətəndaşı olaraq bu ədalət sarayında qanunlara xidmət edən ədalət carçılarından ədalətli qərarlar gözləyirik.

P.S. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu