Jurnalistin Lənkəran macəraları: iş adamı və polis işbirliyi nə ilə nəticələndi?


Jurnalistin Lənkəran macəraları:


(1-ci yazı)

Dünən Lənkəran şəhərində başıma gələn bir əhvalatı sizə nəql etmək istəyirəm. Səhər saat 9:00 radələrində mərkəzi bazarın yaxınlığındakı "Tac" Ticarət Mərkəzinin yanından keçəndə gördüm ki, bir dəstə qadın – təxminən 30-40 nəfər – yolu bağlayıb. Onlar hər iki tərəfdən tıxanıb qalmış avtomobillərin və sərnişin avtobuslarının siqnal səslərinə əhəmiyyət verməyərək, "bəs biz necə dolanaq", "balalarımıza nə aparaq" və s. kimi etiraz, şikayət dolu səslərlə yoldan çıxmaq niyyətində deyildilər.

Mən köhnə telefon işlədirəm deyə, hadisəni çəkə bilmədim, amma onlara belə bir təklif etdim: "Xanımlar, yaxşı olar ki, siz gedib İcra Hakimiyyətinin qabağında piket keçirəsiniz". Onlardan bəziləri mənim bu təklifi onları bu aksiyadan çəkindirmək niyyəti ilə verdiyimi zənn edib, sərt və acıqlı şəkildə mənə etiraz edərək dedilər: "Niyə ki, elə bura yaxşıdır, qoy zəhmət çəkib gəlib əncam çəksinlər, hökumətin gözü kordu məgər? Qoy gəlib bizim də dərdimizlə maraqlansınlar da!" deyə etiraz etdilər. Bir azdan polislər gəlib ərazini dövrəyə aldılar. İnsafən, qadınlara qarşı heç bir kobud rəftar olmadı. Bu minvalla, yol düz 2 saat bağlı qaldı.
Qeyd edim ki, bu qadınların bəziləri satıcılar idilər. Təbii ki, onlar da buradan evlərinə çörək pulu apardıqları üçün etiraz aksiyasına qoşulmuşdular. Amma Ticarət Mərkəzinin bağlanmasının əsas səbəbkarları həmin bu satıcı qadınlar yox, onların bilavasitə müdirləri olan fərdi sahibkarlar – yəni “Tac” Ticarət Mərkəzində icarəyə yer götürərək işlədən fiziki şəxslər idi. Belə ki, 6 saylı Ərazi Vergi idarəsinin əməkdaşları icarəyə götürülmüş satış nöqtələrində kassa aparatlarının qoyulmaması və malların gömrük bəyannaməsinin təqdim olunmamasını əsas gətirərək Ticarət Mərkəzini bağlamış, sahibkar qadınlar da buna etiraz əlaməti olaraq yolu bağlamışdılar. Sahibkar qadınların həm vergi və ya aksiz markası tələblərindən yayınmaları, həm də bu cür radikal etiraz aksiyasına əl atmaları inandırıcı görünmürdü. Burda nəsə bir "əmma" olmalı idi. Və mən məhz bu əmmanı öyrənmək məqsədilə "burda nə baş verib?" deyə sual edənlərin birinə qəsdən ucadan dedim: "Nə olacaq, vergi hesabatlarını vaxtlı-vaxtında verməyiblər, ona görə də dükanlarını bağlayıblar". Bu dəmdə bir qadın dilləndi: "Yalan sözdür, onlar hər ay filan qədər pul veriblər oranın yiyəsinə". Burda mənim üçün rənglər bir qədər açılmış oldu və ani olaraq düşündüm ki, yəqin icarədar sahibkarlarla icarəçi sahibkar arasında belə bir razılaşma olub ki, icarədarlar yalnız yer pulunu verəcək, icarəçi isə vergidən gələnləri yola salacaq, vəssalam. Bu düşüncə ilə də həmin qadına dedim: "Onda, yəqin, buranın sahibi pulları alıb qoyub cibinə, vergiyə də heç nə verməyib". Bu zaman arxadan acıqlı və hədələyici bir tonda səs eşidim: "Buranın sahibi mənəm, danışığına fikir ver, bilmədiyin sözü danışma, gələrsən yanıma səni başa salaram nə məsələdi". Qanrılıb geri baxanda, 55-60 yaşlarında şıq geyimli, qalstuklu bir kişini gördüm. Sən demə, bu qədər vaxtı onu gözləyirlərmiş. O da gəlib məkana çatar-çatmaz, tərs kimi əleyhinə olan birinci kəlmələri mənim dilimdən eşitdi və buna görə hirsləndi.
Bir neçə dəqiqədən sonra ara sakitləşdi. Qərara gəldim ki, məni başa salmaq istəyən sahibkarın yanına sabah getsəm yaxşıdır, çünki həm əsəblər tarıma çəkilmişdi, həm də polislər kənar adamları güdürdülər ki, birdən, Allah eləməmiş, dövlət əleyhinə təxribatdan-zaddan eləyən olar.
Beləliklə, bu gün səhər saat 11-də üz tutdum həmin məkana. İçəri daxil olanda gördüm ki, içəridə "Hacı" dedikləri sahibkar, yanında bir polis mayoru və 5-6 dünənki etirazçı qadın mehriban-mehriban söhbət edirlər. Sövq-təbii düşündüm ki, yəqin öz aralarında razılığa gəliblər və zatən polis mayoru da onlara “əl-ələ verib işləyin, çalışın bir-birinizlə yola gedin, nəsə bir probleminiz olanda bizə deyin, bəs polis nə üçündür" kimi didaktik təlimatla çıxış edir, mən də əllərimi arxamda çarpazlayıb, böyürdə qulaq asırdım. Nəhayət, nəzərlər mənə dikildi və soruşdular ki, mənə nə lazımdır. Mən bayaq "Hacı" dedikləri şəxsə xitabən sözə başladım: "Hacı, dünən tindən burulanda, mənim sözümü eşidib hirsləndiniz və dediniz ki, gələrsən ora sənə başa salaram. Xatırladınız?" Hacı əvvəl istədi ki, açıqlama versin, lakin sonra nə düşündüsə, fikrindən vaz keçdi və dedi: "Ümumiyyətlə, bunun sizə nə dəxli var? Mən nəyə görə sizə izahat verməliyəm" və s. Söhbətin nədən getdiyini təxminən anlayan polis mayoru müdaxilə etdi: "Siz kimsiz, harada işləyirsiz? Özünüzü təqdim edin". Mən məcbur olub üstümdə gəzdirdiyim Azərbaycan Jurnalistlər Birliyinin üzvlük vəsiqəsini təqdim etdim və hansı fəaliyyət növü ilə məşğul olduğumu dedim. Maraqlıdır ki, polis zabiti vəsiqəmi alıb baxdıqdan sonra özümə qaytarmaq əvəzinə, özündə saxladı. Sahibkar fürsətdən istifadə edib polis zabitinə "bax görürsüz, bu adam dünən camaatı mənim üstümə qaldırmağa çalışırdı, deyir guya mən onları qəsdən çölə atmışam" və s. kimi iftiralarla bir andaca məni "baqaja" qoydu. Gözünə döndüyüm polis zabiti, ona da elə bu lazım deyilmi?! Reyddən əliboş qayıtmaqdansa, mənim kimi münasib ovu qamarlayıb aparmaq daha yaxşı olmazdımı, nə fərqi var ki, sahibkar hacı yalan danışır ya düz? Odur ki, sorğu-sual etmədən məni əvvəlcə Ticarət Mərkəzindən bayıra, oradan da post patrul xidməti maşınına tərəf apardı, "gedək orda (yəni polis idarəsində - A.H.) söhbət edərik" deyə əlində tutduğu vəsiqəni səliqə ilə döş cibinə qoydu.
Mən vətəndaşların söz azadlığı, xüsusi göstəriş və ya order olmayınca kiminsə zorla polis idarəsinə aparılmasının yolverilməz olduğu və s. toxunulmazlıq prinsiplərini həmin mayor rütbəli zabitin diqqətinə çatdırıb, onunla bir xeyli mübahisə etdim. Bir andaca ətrafımıza kiçik bir kütlə yığışdı. Polis mayoru əvvəl məğmun-məğmun qulaq asdı, sonra alıcı quş kimi üstümə yeriyib, "məni məcbur eləmə zor tətbiq edim, sənə deyirəm otur maşına gedək". Bundan sonra üç-dörd polis nəfəri hərə bir tərəfdən yaxınlaşıb qoluma girdilər. Müqavimətin mənasız olduğunu görüb, tabe oldum. Mayor çöldə bir-iki dəqiqə yubandıqdan sonra qabaq oturacağa əyləşdi. Maşın yola düşər-düşməz kimsə başını pəncərəyə yaxınlaşdırıb dedi: "Rəis, sizdən çox xahiş edirəm, onu mənim xətrimə buraxın". Lənkəranda seyidlər çoxdur və əsl-nəcabəti əhli-beytdən gələn bu əməli-saleh insanlara çox da böyük hörmət var. Sonradan öyrəndim ki, adı "mir" prefiksi ilə başlayan bu şəxs yəqin ki, cəddinə güvənərək sinəsini qabağa veribmiş. (Ardı var)

Alim Hüseynov,
Lənkəran



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu