Dövlət-özəl fərqi: Təhsil Nazirliyini tərifləmək kimə və niyə lazımdır?


Dövlət-özəl fərqi:


Mətbuat Şurasının təşkil etdiyi “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusundakı konfransda mən də iştirak etdim. Tədbir maraqlı və bir o qədər də gərgin keçdi. Bir neçə millət vəkili və media nümayəndələrinin iştirakı ilə keçirilən konfransın məqsədi tədbir başlayar-başlamaz aydın oldu. Məqsəd medianı qınamaq, Təhsil Nazirliyinin fəaliyyətini tərifləmək və baş vermiş intihar hadisəsindən sonra məktəb direktoru və nazirlik rəhbərliyinə yönəlmiş qınağı aradan qalırmaq idi ki, bu da öz növbəsində hadisədən hələ də məlumatsız olan bəzi millət vəkilləri və həmkarlarımın sayəsində qismən də olsa baş tutdu. Təbii ki, mən susub, yaranmış bu vəziyyətə biganə qala bilməzdim. Etiraz da etdim. Keçim mətləbə.



Millət vəkilləri (təkcə Fazil Mustafa istisna olmaqla-S.Q) və danışan media nümayəndələri medianı qınadılar ki, intihar xəbərləri niyə veirlir, məktəb direktoru niyə qınanılır, sosial şəbəkələrdə bu mövzu niyə geniş müzakirə olunur?! Əvvəla, mən də bir media nümayəndəsi olaraq konfransda da bildirdim, indi də qeyd edirəm ki, intihar anı videosunun kütləvi şəkildə saytlarda yayımlanması yolverilməzdi və etik deyil. İnsanların hissləri ilə oynamaq olmaz və bu, gələcəkdə yaxşı örnək olmayacaq. Bu öz yerində.

Dövlət-özəl fərqi:


İntihar hadisəsi videosu məktəbdə quraşdırılmış təhlükəsizlik kamerası vasitəsilə qeydə alınıb. Burada bir sual ortaya çıxır: Videonu mətbuata kim ötürüb? İkinci sual da budur ki, məqsəd nədir? Tədbir zamanı mənə belə bir mesaj gəldi. Elinanın barda yaşına uyğun olmayan görüntüləri yayılıb. Sonradan məlum oldu ki, bu, heç Elina deyilmiş. Amma bir məlumat da əldə etmişdim o zamana kimi. Yaxın dostum mənə dedi ki, Elina o məktəbə təzə keçibmiş. Direktora onun sosial şəbəkədə yaşına uyğun olmayan video və şəkilləri haqda məlumat verilib. Direktor da, bu barədə tədbir görüb və həmi şəkil və videolar silinib. Alqışlayıram. Belə də olmalı idi. Amma və lakin bu atılan müsbət addımın bir də işinə yarayanda mənfisi də var imiş. Həmin video və şəkillər bu gün bir neçə sayt və sosial şəbəkədə dərc olunub. Niyə? Elinanın əxlaqsız həyat tərzi sürməyini sübut etmək üçün? Bununla özünüzə haqq qazandırmağa çalışırsınız? Direktorun jurnalistə "Get yaz ki, Elina pozğun ailənin üzvüdür" dediyi səs yazısının hörmətli Azər Həsrət ciddi cəhdlə təhrif olunduğunu bildirdi. Bir də Azər bəyə Sona Vəliyeva dəstək oldu. İşin içində olduqlarını, daha çox məlumatlarının olduqlarını bildirdilər. Azər bəyin dediyinə görə, direktor jurnalistə "Elina psixi pozğun ailənin üzvüdür" deyib amma bizi istəməyən xarici qüvvələr(?) bunu təhrif ediblər və bu səs yazısını ictimaiyyətə "Meydan" TV yayıb. Ancaq bizim dərdimiz o deyildi, bəy. Bizim dərdimiz Azərbaycan təhsilində baş verən anormallıqlar, orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olması, məktəblərdə nizam-intizamın demək olar ki, olmamasıdır. Eləcə də məsuliyyətsiz yanaşma. Direktor bir neçə gün bundan öncə müraciətində bildirmişdi ki, "Əvvəl 49 nömrəli "İntellekt" məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil alan Elina Hacıyeva 2018-ci ilin noyabr ayından 162 nömrəli tam orta məktəbə köçürülüb. Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub, onun müxtəlif davranışları ilə bağlı özü və anası ilə məktəbin psixoloqunun iştirakı ilə bir neçə dəfə söhbət aparılıb, bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub". Demək, direktor vəziyyətdən hali imiş. Ya imiş ya da ki, razılaşdırılmış müraciət idi. Və hadisə baş verdi. Nə isə. Bəs bu məsuliyyətsizlik deyil, nədir? Məktəb direktoru hansı aidiyyatı qurumlara vaxtında müraciət edib? Müəllimə bunlara aydınlıq gətirsə, bəlkə də qınaq obyekti olmaya bilərdi. Amma... Amma mən nədənsə "aidiyyəti dövlət qurumlarına müraciət olunub" məsələsinə inanmıram. Kim istəyər özünü yandırsın? Ya da ki, bir məsələ var: "Sən narahat olma, biz nə deyirik onu de. Bizlikdi". Qəliz söhbətdi.
Qayıdaq yenə konfransa. Orda nələr danışılmadı? Pəncərələrin bağlanmasından tutmuş, özəl məktəb şağirdlərinin dövlət məktəb şagirdlərinə "vəhşi" kimi baxmaqlarından, keçmiş prokurorun nəvəsinin telefon sevdasından, məktəblərin mediadan qorunmasından və dəyərlərə hörmətdən. Məktəblər mediadan nə üçün qorunur, o mənə aydın olmadı... Yekunda səs-küy salıb söz istədim və məcbur qoşuldum söhbətə. İlk sualım TN-in sözcüsü Cəsarət Valehova oldu. Ona bildirdim ki, hadisənin üstündən bir həftə vaxt ötüb, bir gün əvvəl nazirlikdə toplantı keçirilib, həmin toplantıdan sonra direktorun işdən çıxarıldığı haqda əmr verilməsi xəbəri yayılıb, ancaq bu barədə nə rəsmi məlumat nə nazirliyin saytında, nə də sosial şəbəkə səhifəsində yoxdur. “Niyə ictimaiyyəti məlumatlandırmırsınız?” deyə hörmətli C.Valehova sual ünvanladım. Dedi ki, bəs məlumat rəsmi olsaydı saytımızda olardı. Diqqətinə çatdırdım ki, toplantıda təmsil olunan saytlar yazıb. Rəsmini də onlar yazmalıdı? C.Valehov məni haqsız çıxarmağa çalışdı, onları izləməməkdə qınadı və bildirdi ki, hadisə barədə həm nazirliyin sosial şəbəkə səhifəsində, həm də rəsmi internet səhifələrində 5 dəfə məlumat yayıblar. Orada da əyani olaraq sübüt elədim ki, cəmi iki məlumat yayılıb, sonuncu da dünən yayımlanıb. Ancaq orada direktorun işdən azad olunması haqda heç bir məlumat verilməyib. Əlaltdan nazirliyə edilən qınaq və basqıları yayındırmaq üçün saytlara məlumat ötürürsünüz. Çörəyi qulağımıza yemirik, əfəndilər!

İndi keçək özəl məktəblərə. Zalda oturub, medianı qınayan millət vəkili və həmkarlarımın əksəriyyətinin övladları özəl məktəblərdə təhsil alır. Bunu elə oradaca özləri çıxışlarında təsdiqlədilər. Bir valideynin öz övladının təhsilinə yönəltdiyi vəsait onun gələcəyinə yatırdığı ən böyük kapitaldır. Dəstəkləyirəm. Amma gəlin görək, bu vəsait daha çox nəyə yönləndirilir? Təbii ki, övladların özəl məktəblərdə təhsil almasına. Çünki dövlət məktəblərinin böyük əksəriyyətində vəziyyət acınacaqlıdır və insanlar çıxış yolunu özəl məktəblərdə görürlər. Tədbirdə iştirak edən həmkarlarım və millət vəkilləri dolayısı ilə də olsa dövlət məktəblərində vəziyyətin ürəkaçan olmadığını təsdiqlədilər, amma yenə də TN təriflədilər. Adamı burda dəli gülmək tutur.
Təbii ki, dövlət məktəblərində də ciddi, məsuliyyətli, tələbkar, peşəsini sevən və hörmət edən müəllim və direktorlar var. Xırda bir araşdırmamı da diqqətinizə çatdırmaq istəyirəm. Özəl məktəblərin illik təhsil haqqı 1500-20000 manat arasında dəyişir. Mənim övladım hələ ki, məktəb yaşında deyil, məktəbəqədər hazırlığa gedir. Lakin görünən odur ki, mən də dövlət təhsilində ciddi dəyişikliklər görməsəm, çox böyük ehtimalla özəl məktəblərin birinə üz tutmaq məcburiyyətində qalacam. Bu gün Sona Vəliyevanın Təhsil Nazirliyini tərifləyə-tərifləyə həm də özünün rəhbəri olduğu “Kaspi” liseylərindəki ciddi nizam-intizam haqqda danışığından sonra seçimimin birbaşa ordan yana olduğunu da qeyd edim. Yeri gəlmişkən, mənə hələ də qaranlıq qalan bir məqam var: görəsən, heç Sona xanım maraqlanıbmı ki, niyə onun rəhbərlik etdiyi liseydə mövcud olan mükəmməl sistem dövlət təhsil müəssisələrində yoxdur?

P.S. Maraqlı və cavab axtardığım suallardan biri də budur: İcra başçısının birinci müavininə nə lazım idi ki, 2 saat yaralı halda olan Elinanı məktəbin xeyrinə danışdırırdı?

Səbuhi QAFAROV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu