Maykl Cekson "Yəhova şahidi", yoxsa müsəlman idi? - ARAŞDIRMA


Maykl Cekson "Yəhova şahidi", yoxsa müsəlman idi? -


Maykl Ceksonla bağlı geniş ictimaiyyətə məlum olmayan bir çox həqiqət var. Ölümündən 10 il ötməyinə baxmayaraq, hələ də insanların musiqiçiyə qarşı rəğbəti və sevgisi azalmayıb. Bu gün də dinlənilir, barəsində yazılır, araşdırılır.



Oxucu marağını nəzərə alaraq, AFN pop kralı barədə topladığı ən maraqlı məlumatları, musiqiçinin həyat hekayəsini təqdim edir.

M.Cekson 1958-ci il avqustun 29-da ABŞ-ın İndiana ştatında doğulub. Ailəsinin 7-ci övladı olaraq, dünyaya gələn Maykl atasının qurduğu "Cekson 5" qrupunda oxumağa başlayır. Bu zaman onun cəmi 5 yaşı vardı. Bütün uşaqlıq illəri musiqi fəaliyyəti ilə keçən ifaçı elə səhnədə də böyüyür.

Uşaqlıqda atası tərəfindən şiddət görməyi ilə bağlı mətbuatda çox yazı dərc olunub. Hətta Cozef Ceksonun məşqlər zamanı Maykl və digər qardaşlarını döydüyü də iddialar arasındadır. Pop kralın ölümündən sonra həkimi Konrad Mürrey də ulduz və ailəsi ilə bağlı yeni məlumatlar yaydı. Onun sözlərinə görə, atası yeniyetməlik dövründə oğlunun səsinin qalınlaşmaması üçün Maykla hormon iynələri də vurdurub: "Uşaqlıq illərində Cozef övladına qarşı çox amansız olub. Hətta demək olar ki, tarixdəki ən pis atadır".

1980-ci ildən başlayaraq, M. Ceksonun fiziki görünüşündə dəyişikliklər nəzərə çapmağa başlayır: dərisi ağarır. 1987-ci ilədək ləkələrini qrimlə gizlətməyə çalışsa da, sonrakı dövrdə ört-basdır etmək mümkün olmur. 1998-ci ildə isə artıq bütün dərisi tamam ağarır. Mətbuatda irqindən utandığı üçün dərisinin rəngini dəyişdiyi yazılsa da, o, 1988-ci ildə qələmə aldığı avtobioqrafiyasında bu iddiaları təkzib edir. Vitiliqo xəstəliyindən əziyyət çəkdiyini, fiziki dəyişikliyin bu səbəbdən baş verdiyini bildirir. Eləcə də çoxsayda deyil, cəmi 2 plastik əməliyyat keçirdiyini yazır.

Maykl Ceksona tarixin ən uğurlu musiqiçilərindən biri demək olar. İlk dəfə çıxdığı dünya turunda 123 konsert verib. 1984-cü ildə 8, ümumilikdə isə 13 "Qremmi" mükafatı alıb. Tək "Thriller" albomu dünyada 50 milyondan çox satılmaqla, pop kralına böyük sərvət qazandırıb. Ümumilikdə 300 milyondan çox albomu satılan M.Cekson tək musiqidən 500 milyon dollar gəlir qazanıb.

Maykl həyatı, yaxşılıq etməyi çox sevirdi. Müsahibələrinin birində özündən bəhs edərkən, "Mən sadəcə tanrının verdiyi istedad vasitəsi ilə insanları xoşbəxt etməyə çalışan adamam",-sözlərini deyir. Uşaq zorakılığı ilə bağlı barəsində cinayət işi açılsa da, musiqiçinin vəfatından sonra iddiaçı oğlan M.Ceksona böhtan atdığını etiraf edir. O, pop kralından pul qoparmaq üçün valideynlərinin təkidi ilə şər atdığını boynuna alır.

İfaçının dini mənsubiyyəti ilə bağlı da fərqli fikirlər var. Anasının təsiri ilə "Yəhova şahidi" kimi böyüdülsə də, sonradan müsəlman olduğu da yazılır. Hətta 2005-ci ildə islamı qəbul etdiyi mətbuatda geniş yayıldı. Bütün iddialara baxmayaraq, M.Ceksonun özü dini mövqeyi ilə bağlı açıqlama verməyib.

Pop kralı barədə xüsusi məlumat olaraq, onu da deyə bilərik ki, ən sevdiyi cizgi qəhrəmanı Pinokio olub. Həmçinin vegeterian idi və ən çox Meksika mətbəxini bəyənirdi. Həmişə qoluna aclıqdan əziyyət çəkən uşaqları simvolizə edən qara qolbaq taxırdı. Xeyriyyə işlərinə külli miqdarda pul ayırdığı da bildirilir.

Dünya ulduzu 51 yaşında həyatla vidalaşır. Komadan ayılmayan musiqiçi 2009-cu il iyunun 25-də Los Angeles şəhərində vəfat edir. Ölümü ilə milyonlarla insanı kədərə boğan pop kralı bu gün də sevilir, ifa etdiyi mahnılarda yaşayır. Hələ də rəğbətlə xatırlanan Maykl Cekson çətin ki, bundan sonra da unudulsun.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu