"Sənədsiz evlərə dair fərmanın icrası havadadır"- MÜSAHİBƏ


"Sənədsiz evlərə dair fərmanın icrası havadadır"-


Bakıda 500 minə yaxın sənədsiz tikilinin olduğu bildirilir. Bunların əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Prezident İlham Əliyev 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı fərman imzalasa da, hələlik problem öz həllini tapmayıb. Mövzu ilə bağlı AFN-in suallarını hüquqşünas Əlövsət Allahverdiyev cavablandırıb:



- Dövlət başçısı 4 il əvvəl sənədsiz evlərin qanuniləşdirilməsi üçün müvafiq fərman imzaladı. Bu sənəd hansı qanunsuz tikililərə şamil olunur?

- Əgər əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləmirsə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər. Fərmana əsasən sadalanan ərazilərdə inşa edilən fərdi evlərə sənəd verilməyəcək. Ola bilər ki, bu tikililərlə bağlı da başqa bir qərar çıxarılsın. Məsələn, onları da siyahıya alaraq, ayrı əraziyə köçülə bilərlər. Amma bu, sadəcə bir ehtimaldır. Proses faktiki olaraq, başlamadığı üçün hələlik dəqiq bir söz demək olmur.

- Bəs sənədləşmənin qaydaları da müəyyənləşməyib?

- Yox. Hələlik heç kim bilmir ki, sənədləşmə necə həyata keçiriləcək. Sadəcə deyilənə görə, evlər siyahıya alınacaq və mənzillərin "kvadraturası" ölçüləcək. Sənədsiz evlərin qanuniləşdirilməsi üçün hər il eyni sözlər deyilir, amma indiyədək bir nəticəsi yoxdur. Demək olar ki, fərmanın icrası havadadır. Bir neçə il keçməsinə baxmayaraq, hələ də vətəndaşlar evlərin və torpaq sahələrinin özəlləşdirilməsində bürokratik ənəgəllərlə qarşılaşırlar. Ölkə rəhbərliyi səviyyəsində tapşırıq və sərəncamlar verilsə də, problemi köklü şəkildə həll etmək mümkün olmayıb. Bu baxımdan, hazırlanacaq yeni qaydaların maksimum çoxsayda evə şamil olunması mühüm amillərdən biridir.

- Hansı istiqamətdə sənədləşmə mümkündür? Ekspert olaraq, bu məsələ ilə bağlı nə kimi təklifləriniz var?

- Fərdi evlərin sənədləşdirilməsi istiqamətində işlər ilk olaraq torpaqdan başlanmalıdır. O tikililərin qanunsuz olmasının əsas səbəbi yerləşdikləri ərazi ilə bağlıdır. Torpaqlar sənədləşərsə, evləri qanuniləşdirmək çox asan olacaq.

Kənd təsərrüfatına yararlı torpaqlarda, elektrik, qaz, su, dəmiryol xətlərinin mühafizə zolaqlarında inşa edilən evlər var. İlk növbədə müəyyən olunmalıdır ki, iqtisadi baxımdan bu evlərin köçürülməsi daha səmərəlidir, yoxsa o torpaqlardan kənd təsərrüfatı üçün istifadə etmək? Yaxud evləri köçürmək daha ucuz başa gələcək, yaxud qaz, elektrik, su, dəmiryol xətlərinin yerini dəyişmək? Hesablamalar apararaq, səmərəlilik dərəcəsi müəyyənləşməli, bunun nəticəsində qərar verilməlidir ki, evlər köçürülsün, yoxsa sənədləşdirilsin? Yalnız bu mərhələdən sonra tikililərin sənədləşdirilməsinə başlamaq mümkündür.

- Sənədləşmə prosesinə başlamaq nə vaxta gözlənilir?

- Hələlik bu proses ilə bağlı nəsə demək mümkün deyil. Bir neçə dəfə bələdiyyələr və əmlak komitəsi tərəfindən siyahıyaalma, ölçmələr aparılsa da, konkret nəticəsi yoxdur. Böyük ehtimal ki, yenidən siyahıyaalma və mənzilin ərazisinin ölçülməsi prosesinə başlanılacaq.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu