Hökumətin iqtisadi dəstək proqramları effektivdirmi?


Hökumətin iqtisadi dəstək proqramları effektivdirmi?


Rövşən Ağayev: “Heç bir böhranda hökumətin vəzifəsi ev təsərrüfatlarının və biznesin bütün itikilərini kompensasiya etmək deyil”



Azərbaycan hökumətinin koronavirus pandemiyası ilə bağlı iqtisadiyyatda yaranmış böhranın təsirlərini azaltmaq üçün hazırladığı tədbirlər paketinin bir hissəsi barədə açıqlama verilib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun verdiyi açıqlamadan aydın olur ki, dəstək paketi ümumilikdə 2,5 milyard manat vəsaiti əhatə edəcək. İqtisadi xarakterli tədbirlər 9 proqramda cəmləşdirilib.



Hökumətin iqtisadi xarakterli dəstək tədbirləri nə qədərə effektiv və yaranmış böhrana adekvatdır? Sualı ccavablandıran iqtisadçı-ekspert Rövşən Ağayevin dediyinə görə, nəzəri olarq böhran nəhəng sərvəti olanlara daha böyük, daha kiçik sərvəti olanlara daha az risk yaradır: “Heç nəyi olmayanlar rahat ola bilərlər - onlara ümumiyyətlə risk yoxdur. Bu baxımdan, dünyada hökumətlərin dəstək paketinin həcminə bir az da bu meyardan baxmaq lazımdır – nəhəng iqtisadiyyatlar nəhəng, ortalar orta, xırdalar da xırda dəstəklə vəziyyətdən çıxacaqlarına ümid edirlər.
Əlbəttə, əks-arqument də ola bilər: hansısa iqtisadiyyat daha dayanıqlı və sağlam olduğu üçün daha az resursla ayaqda qala bilir. Əvvəlki böhranlar üçün bu arqument keçərli ola bilərdi. Amma indi bütün iqtisadiyyatın hərəkətsiz qaldığı, dünya ilə iqtisadi əlaqələrin hamı üçün eyni dərəcədə məhdudlaşdığı vaxtda belə arqument işləmir və biz əvvəlki meyar üzərində dayanmalı oluruq”.
Ekspert qeyd edir ki, dəstək paketinin forma və tərkibi, çatdırılma mexanizmləri isə iqtisadiyyatın mükəmməllik səviyyəsini əks etdirir: “Məsələn, fond və qiymətli kağızlar bazarının inkişaf etdiyi ölkələrdə hökumət dəstəyinin əsas hissəsi aktivlərin (borc kağızları, hissə sənədləri) mərkəzi banklar tərəfindən alınmasına yönəlir, işsizlərin və yoxsulların çox dəqiq uçotunun, ən azı 95 faizi leqal olan əmək bazarının sayəsində hökumətlər birbaşa sosial yardımları çox da çətinə düşmədən ehtiyacı olana yönəldir. İqtisadiyyatın şəffaf olması, vergidən yayınmanın maksimum az, dövriyyələrin maksimum şəffaf olması vergi güzəştlərinə ehtiyacı olanları dərhal aşkara çıxarır. Daha primitiv iqtisadi sistemlərdə isə yardımlar da sadə
sxemlər üzərində qurulur”.
R.Ağayev bildirir ki, heç bir böhranda hökumətin vəzifəsi ev təsərrüfatlarının və biznesin (banklar da daxil) bütün itikilərini kompensasiya etmək deyil: “Əvvəla, hökumətin 1 nömrəli vəzifəsi elə iqtisadi mühit və system yaratmaqdır ki, iqtisadiyyat istənilən böhrandan maksimum az itkilə çıxa bilsin. Xüsusilə də iqtisadiyyatın təbii resurslardan yüksək asılılığı qalırsa, şəffaf və iştirakçı, səmərəlı ictimai maliyyə xərcləmələrinə əsaslanan idarəçilik qurulmayıbsa, demək, iqtisadiyyatın istənilən qlobal böhrana immuniteti aşağıdır. Bəzi iqtisadçı həmkarlarımızın dediyinin əksinə olaraq, valyuta ehtiyatlarının həcminin böyüklüyü makroiqtidsadi sabitliyi qorumaq üçün çox vacib şərt olsa da, bizim kimi ölkələrdə iqtisadiyyatdan çox siyasi hakmiyyətin immunitetini gücləndirir”.
Ekspertin sözlərinə görə, reallıqda hökumətin 1 nömrəli vəzifəsi mümkün olduğu qədər əlində olan tənzimləmə rıçaqları və resurslar vasitəsil iqtisadi tsiklin pozulmasının qarşısını almaq, böhranın ölkənin milli təhlükəsizlik sərəhədlərini aşmasına yol verməməkdir: “İqtisadi tsiklin pozulmasının qarşısnı almamaq üçün təklifi dəstəkləyən mexanizmlər önə keçir – biznesə vergi güzəştləri, biznes kreditlərə dəstək və s. bu səbəbdən işə salınır. Biznesə dəstək həm də tələbin dəstəklənməsidir - çünki müəssisələr bir-birindən xammal və material alaraq son məhsul və xidmətlərini hazır hala gətirirlər.
İqtisadi tsiklin pozulmasının qarşısına almaq üçün 2-cu qrup tədbirlər bilavasitə tələbin dəstəklənməsidir – xüsusilə də istehlakı ÜDM-nin 70-75 faizinə çatan, iqtisadi artımın əsas mənbəyi kimi çıxış edən ev təsərrüfatlarının dəstəklənməsi böhran şəratində hökumət üçün 1 saylı prioritetə çevrilir. Onların itirilmiş gəlirlərinin kompensasiyası, böhranın dərinliyinə uyğun olaraq sosial proqramların əhatə dairəsinin və maliyyə tutumunun genişləndirilməsi bu istiqamətdə hökumətin əsas işi olur . Ev təsərrüfatlarının dəstəklənməsi həm də sosial təhükəsizlik məsələsidir – kəskin yoxsullaşmanın doğruduğu sosial nəticələrin çox ağır siyasi nəticələri də ola bilir.
Milli təhlükəsizlik məsələsi dedikdə isə indilikdə daha çox ərzaq təhlükəsizliyi məsələsini nəzərdə tuturam – həm aqrar sektorun, həm də qida idxalı zəncirinin dəstəklənməsi elə olmalıdır ki, ən kritik və uzun sürən böhran şəraitində belə cəmiyyətin minimum səviyyədə də olsa zəruri məhsullara tələbatı ciddi qiymət yüksəlişi olmadan təmin olunsun”.
Hazırkı böhrandan ən çox təsirlənən xidmət sektoru, onun içərisində isə turizm, ictimai iaşə və nəqliyyat sektorudur: “Bu sektorlar 100 faizlik risk qrupuna daxildir - fəaliyyətsiz qaldıqları üçün tamamilə gəlirlərdən məhrum olublar. Bu baxımdan onlar üçün gəlirdən asılı olmayaraq xərc yaradan vergilərdən (əmlak və torpaq) tam azad edilmə, mənfəət və sadələşdirilmiş vergidən güzəştlər, vergi tətilləri doğru yanaşmadır.
Eyni yanaşmanın fəaliyyəti iflic olan azsayda geyim və toxuculuq, içki sənayesi kimi sahələrə də aid edilməsi zərurətdir.
Amma burda çox önəmli məsələ dəstəyin formalarının doğru seçilməsilə yanaşı, dəstəyin miqyasının qeyd olunan sahələrdə itisadi tsikli nə dərəcədə qoruya biləcəyidir.
Bu asılı olacaq iqtisadi hesablamaların və əsaslandırmaların nə dərəcədə düzgün aparılmasından. Zəruri iqtisadi göstəricilər (dəstək elan olunan sahələr üzrə real dövriyyələr, onların yaratdığı real əlavə dəyər və real məşğulluq miqyası) bizim üçün açıq olmadığı üçün zamanı gözləməli olacağıq - məsələn, ilin sonunda bu sahələrdə ən azından hədəflənən iqtisadi artımı qorumaq oldumu? Ümumiyyətlə, bu dəstək müqabilində hədəflənən iqtisadi göstəricilər nədir - iqtisadi daralmaya imkan verməmək, yoxsa ən azından böhrana qədərki səviyyəyə yaxın bir səviyyədə iqtisadi böyüməni qoruyub saxlamaq? Şübhəsiz ki, rəsmi açıqlanan dəstək paketində əsaslandırmalar mütləq olmalıdır.
Tikintinin müktiplikativ effektini kimsə inkar edə bilməz, bu baxımdan sosial ipoteka üçün büdcə dəstəyinin genişləndiriməsini dartışmazdım. Amma büdcə investisiyaları vasitəsilə hədəflənən mültiplikativ effekt 2 mühüm şərtdən asılıdır: həmin xərclərin səmərəli və şəffaf istifadəsindən. Xüsusilə də həmin xərclərə satınalamalar vasitəsilə bütün biznesin, xüsüsilə də kiçik və orta biznesin çıxışı tam maneəsiz olmalıdır. Böhran dövrlərində büdcə vəsaitləri hesabına iri xərcləmələrin kiçik iqtisadi qruplar vasitəsilə istifadəsi qısa müddətdə məşğulluğu təmin etməkdə rol oynasa da, yüksək mənfəətin və böyük həcmli yığımların təmərküzələşməsi bir müddət sonra makroiqtisadi riskə çevrilir. Çünki həmin yığımlar daha çox paylanmış olsa idi, çoxlu sayda subyekt daha çox kanallarla əlavə biznesə, istehlaka yönəlir. Yığımlar daha az sayda sandıq və kassada təmərküzləşəndə çox keçmədən onların daha etibarlı sərvət kimi valyutaya çevrilməsi reallıqdır.
İkinici mühüm şərt isə odur ki, büdcə investisiyaları ağırlıqlı olaraq idxalı əvəzləyən yerli istehsalı dəstəkləsin. Məsələn, büdcə dəstəyilə tikilən evlərdə istifadə olunan bütün mal-materilların dəyərinin yarıdan çoxu yerli məhsullardırsa, bu, çox böyük uduşdur. Yox, əgər daxili istehsal üçün komponent və xammalı da nəzərə alaraq yarıdan çox idxal edilirsə, əksinə, biz əcnəbi sahibkarı maliyyələşdirməklə məzənnə üçün əlavə təzyiq kanalı açırıq”.
Ekspert hesab edir ki, bəxtimiz onda gətirib ki, bizim iqtisadiyyat yüksək səviyyədə kredit yükü olan iqtisadiyyat deyil: “Məsələn, dünya üzrə ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbətinin median göstəricisi 15 faiz, inkişaf etmiş ölkələrdə 40-50 faiz, bəzən daha yüksəkdir. Azərbaycanda cəmi 9 faiz. Eyni qaydada, biznes kreditlərinin ÜDM-də payı 100 faiz-dən çox olan ölkələr var, bizdə 9 faiz ətrafında. Bizdə az qala ev təsərrüfatları biznesdən daha çox borclanır.
Bu, təkcə riskdən qaçmaq məsələsi deyil – maliyyə sisteminin potensialını, biznesin və ev təsərrüfatların durumunu göstərir. Əslində inkişafsızlığı xarakterizə edən bu vəziyyət böhran dövründə hökumətin köməyinə çatır – indik halda bu həcmdə kreditlər üçün faiz dəstəyi vermək fiskal yük baxımından hökumətə narahatlıq yaratmır.
Ümumiyyətlə isə bizim problemimiz kreditlərin iqtisadiyyatda məhdud istifadəsiilə də bağlı deyil – kredit emissiyasının gücünü və effektini xarakterizə edən pul multiplikatoru göstərcisinin həddən artıq aşağı olmasıdır (M3 pul aqreqatının bazasında 2.1-ə bərabərdir). Belə şəraitdə yeni kreditlərin stimullaşdırılması mexanizm olaraq doğrudur, amma iqtisadiyyata böhran təsirlərinin neytrallaşdırılmasında nə dərəcədə təsirli olacağını zaman göstərəcək.
Amma bu da aydındır ki, kredit dəstəyi həm də yenicə özünə gəlmiş bankları qorumaq üçündür - kreditlər ödənməsə, bankların aktivlərinin keyfiyyəti və kövrək maliyyə durumu yenidən pisləşəcək.
Bura qədər qeyd etdiklərimin qısa icmalı belədir: biznesə dəstək formalarının (həm vergi, həm də kredit) seçimində yanaşmaların dartışılmasının indi mənası yoxdur. Belə də baxanda müstəqil ekspertlərin də sosial şəbəklərdə səsləndirdiyi vacib məqamlar nəzərə alınır. Sadəcə, bir yuxarıda dediyim məqam - vəsaitlərin səmərəli və şəffaf xərclənməsi, xüsusilə də paket çərçivəsində birbaşa yardımlardan savayı satınalma mexanizmi tələb edən xərcləmələrin mümkün qədər bütün biznesin əlinin çata biləcəyi ortamda istifadəsi şərtdir”.
Dəstək paketinin yönəldyi xidmət sahələri milli gəlirin təxminən 5-6 faizini, ümumi məşğulluğun 10-12 faizini təşkil edir: “Bu baxımdan biznesin və təklifin dəstəklənməsi vasitəsilə böhrana təsirdən daha çox istehlakın genişləndirilməsi (ən azından sabit saxlanması) sayəsində tələbin stimullaşdırılması önəmli olacaq. Nəzərə alın ki, hətta bizim kimi istehlak xərclərinin ÜDM-nin 60 faizini formalaşdırdığı ölkədə də iqtisadi böyümənin əsas mənbəyi ev təsərrüfatlarıdır. Xüsusilə də böhran şəratində hökumət və biznesin sərmayə qoymaq imkanı məhdudlaşanda. Bu amil isə hələ açıqlanmamış sosil paketlə bağlı məsələdir.
Azərbaycanda tələbin dəstəklənməsini “qara iqtisadiyat” və yanlış statisitka imkansız edir. Bir tərəfdən, böyük miqyaslı qeyri-leqal məşğulluq, bu seqmentdə yaranan real gəlirlər barədə məlumat yoxdur. Böhran rəsmi və qeyri-rəsmi iqtisadiyyat tanımır - hər ikisini vurur. Amma ehtiyac olanda birinci dəstək alır, ikinci qalır köməksiz. İndi bizim işçi qüvvəsinin cəmi üçdə biri leqaldır. Demək, istehlak xərclərinin ən azından yarısı bu sosial-demoqrafik qrup üzərindən formalaşır və biznesə dəstəyin nəticəli olmasında tələbin effektiv dəstəkləməsi ən vacib şərtlərdəndir”.

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu