Necə etmək olar ki, işçilərə çatacaq dövlət yardımını sahibkar mənimsəməsin?


Necə etmək olar ki, işçilərə çatacaq dövlət yardımını sahibkar mənimsəməsin?


Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən sərt karantin rejimindən əziyyət çəkən sahibkarlara dəstək məqsədilə dövlətin 304 min muzdlu işçinin əmək haqlarının ödənilməsinə yardım etməsi nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış "Pandemiyadan zərər çəkmiş sahələrdə əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı"nda nəzərdə tutulub.



Proqrama əsasən, əmək haqqı ödəniləcək işçilərin 106,4 min nəfəri ticarət, 87 min nəfəri xidmət, 78,8 min nəfəri sənaye, 7,8 min nəfəri nəqliyyat, 24,6 min nəfəri isə digər sektorda çalışır. Ümumilikdə bu sektorlar üzrə 20 fəaliyyət sahəsinə dəstək verilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi, karantin rejimi başlanandan çoxsaylı müəssisələrdə işlər dayandırılıb, işçilər evlərinə göndərilib. AFN-ə daxil olan məlumata görə, xeyli sayda müəssisələr əmək müqaviləsi əsasında işləyən işçilərinə belə boşdayanmaya görə əmək haqqının ödənməyəcəyini bildiriblər. Baxmayaraq ki, dövlət başçısı dəfələrlə sahibkarları iş yerlərini ixtisar etməməyə çağırıb, bir sıra müəssisələr ixtisara getməsələr də, maaşları ödəməyəcəklərini elan ediblər. Hətta dövlətin dəstək verəcəyi açıqlanandan sonra da işçilərə maaşın ödənəcəyinə dair məlumat verilmir. Bu isə həyata keçiriləcək proqramın icrasında tam şəffaflığın təmin olunmasını zəruri edir. Buna necə nail olmaq mümkündür? Maaşlara görə yardım edilən sahibkarlıq subyektlərinin adları və aldıqları məbləğlərin açıqlanması prosesdə şəffaflıq yaratmağa imkan verərmi?

Necə etmək olar ki, işçilərə çatacaq dövlət yardımını sahibkar mənimsəməsin?


Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bu məsələ ilk gündən narahatlıq doğuran məqamlardan biridir: “Çünki mövcud şəraitdə əmək bazarında diktəedici tərəf işəgötürəndir və bizdə kifayət qədər çoxlu məlumatlar var ki, müxtəlif səbəblərdən, o cümlədən də rəsmilərin müvafiq hədə və çağırışları səbəbindən xeyli sayda işçi faktiki olaraq işdən kənarlaşdırılsa da və onlara məvacib ödənişləri tam olaraq dayandırılsa da, əmək müqavilələrinə xitam verilməyib. Daha sonra isə əmək haqqı fonduna dəstəyin verilməsi proqramı haqqında məlumatların ictimailəşməsi bu prosesi daha da dərinləşdirdi. Yəni deyure işçi olanların böyük əksəriyyəti defakto işsizdir və əməkhaqqı almayacaq. Bununla belə, sahibkarların hüquqi çərçivədə, yəni aktiv əmək müqavilələrini təqdim edərək dövlətdən güzəşt alması imkanı yaranıb. Bu isə vəsiatlərin digər məqsədlərə yonəldilməsinə və proqramın hədəfinə çatmamasına səbəb ola bilər”.

Ekspert bildirir ki, məhz bu kimi risklərin qarşısının alınması məqsədi ilə daha yaxşı olar ki, elektron hökumət portalının, Vergi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq məlumat bazalarından istifadə etməklə vəsaitlər birbaşa olaraq vətəndaşların əmək haqqı hesablarına (kartlarına) ödənilsin: “Bu zaman sahibkarların bu məsələdə manevr etmək imkanlarının, sui-istifadə etmək hallarının qarşısının mümkün qədər alınmış olar. Yardım alan subyektlərin adları və məbləğlərin açıqlanması şəffaflıq baxımından çox vacib məqamdır. Açıqlanan məlumatlar həm dövlət vəsiatlərinin axınlarına, o cümlədən dəstək proqramının icrasına ictimai nəzarətin təmin edilməsi, proqrama xərclənən vəsaitin həcminin hesablanması, müxtəlif sosial qruplar üzrə sosial qiymətləndirmələrin aparılması baxımından və həm də mübahisəli hallarda vətəndaşların (muzdlu işçiləri) öz haqlarını tələb etməsi üçün müvafiq imkanlar yaradır. Bununla belə, hesab edirəm ki, siyahıların və məbləğlərin açıqlanması yenə də diqtəedici tərəfin, yəni sahibkarın ayrılan vəsaiti işçiyə verməməsi hallarının qarşısını almayacaq. Lakin artıq vətəndaşın hesabına ödənilmiş maaşın geri istənilməsi məsələsi də bir qədər çətin olacaqdır. Buna görə də təklif etdiyim kimi, pullar hər kəsin əməkhaqqı hesabına ödənilməsi daha etibarlı mexanizmdir”.

Necə etmək olar ki, işçilərə çatacaq dövlət yardımını sahibkar mənimsəməsin?


İqtisadçı-ekspert Samir Əliyev də hesab edir ki, yaranmış böhrandan zərər çəkən sahələrə və biznes subyektlərinə dövlət yardımı prosesində şəffaflığın təmin olunması son dərəcə zəruridir: “Bu, istər dövlət tərəfindən, istərsə də yardımı alacaq subyektlər tərəfindən təmin olunmalıdır. Dövlət tərəfindən hansı şirkətə nə qədər ayrılıbsa elektron bazada yerləşdirilməlidir. Çünki dövlətin vəzivəsidir vergiödəyicilərinin ödədiyi vəsaitlər hesabına formalaşan büdcədən xərcləmələrdə şəffaflığı təmin etmək. Bu baxımdan, xərclər istiqamətlər, təyinatlar üzrə tam açıqlanmalıdır. Hətta hər müəssisə üzrə vəsaiti alacaq şəxslərin sayı da açıqlanmalıdır. Sahibkarlar isə şəffaflığı təmin etmək üçün vəsaitləri birbaşa işçilərin kartlarına yönləndirməlidir”.

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu