AFN.AZ / “Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-


Şəhla CABBARLI

Həm ötən əsrlərdə, həm də XXI əsrdə dünya xəritəsi müharibələr nəticəsində müxtəlif geo-siyasi dəyişikliyə məruz qalmışdır və bu hal davam etməkdədir. Lakin yaşadığımız əsrin bir özəlliyi də informasiya müharibələrinin tüğyan etməsidir. Hazırda bütün sahələrdə informasiya müharibəsi gedir. Onlardan biri də tarixi-coğrafi yer və ölkə adları ilə bağlıdır. Azərbaycan da bu hücumlardan kənarda qalmır. Etiraf etməliyik ki, qonşuluğumuzdakı dövlətlər bu mübarizədə bizdən öndədirlər. Təbii ki, onların mübarizəsi saxtakarlıq üzərində qurulub, lakin hərdən ciddi elmi konfranslarda, “elmi dissertasiya” – larında, müxtəlif xarici mətbuat orqanlarında belə Azərbaycanın 100 illik tarixə malikliyini əsaslandırmağa, öz saxta xəritələrində ölkəmizin zamanında “böyük ermənistan”-a aid olduğunu sübut etməyə çalışırlar. Son zamanlar isə daha irəli gedərək Xəzərətrafının və Kür – Araz ovalığının toponomikasını “incələmiş”, buradan qədim erməni izlərinə də rast gəldiklərini yeni tarixşünaslıqlarına əlavə ediblər.



Bəs biz onların qarşısına tutarlı fakt qoya bilirikmi?

Təəssüflə qeyd edim ki, hələ də ölkəmizin adının mənşəyi ilə bağlı elmi ortamda mübahisə getməkdədir. Sovet dövründə bilərəkdən ölkəmizin adının Atropotena dövlətinə, yunan əsilli Atropata bağlayaraq əsil kökdən uzalaşdırmışdılar. Məndə olan məlumata görə Azərbaycan adının tarixi coğrafiyası ilə bağlı edilən elmi araşdırmalara SSRİ EA – da çalışan erməni şərqşünaslar xüsusi canfəşanlıqla köməklik göstərirdilər. Onlar Strabonun “Coğrafiya”əsərində , Plininin qeydlərindəki Atropotena ərazisinin də məhz Azərbaycan adına uyğunluğunu izah edir, araşdırmaçıları digər mənbələrdən çəkindirməyə çalışırdılar. Atropatenanın ərazisi isə indiki Arazdan cənubdakı torpaqlardır.

Bəs Albaniya Azərbaycan deyildimi?

Arbella adlı erməni əsilli tarixçi Albaniyanın ərazisini daha da şərqə çəkərək Bakını da ora əlavə etmiş, indiki şimali Azərbaycanın qərb torpaqlarını isə qondarma adlarla erməni vilayətləri kimi göstərmişdir. Halbuki Bakı o zaman Albaniya yox, Şirvan ərazisi idi. Bu əraizinin adı qədim farsdilli kitabələrdə də vardır. Şirvan adı “Şiirvin” (yanıb kül olmuş odlar diyarı), digər mənbələrdə isə - “Şirlərin diyarı” olaraq keçməkdədir.
Bundan əlavə sovet dövründə bizi “azəri” adlandırmaqla türk kökənimizdən ayırıb, İranda farsdilli Azərilərdən dönmə bir xalq olaraq özümüzə aşılamışlar. Beləliklə milli köklərimizə də zərbə vurmuşlar. Azərilər haqqında sovet tarixşünaslığına ilk dəfə Yan Polski məlumat vermişdir. Onun əsəri “Adərilər” adlanırdı.

Bəs Azərbaycan adının kökəni haradan gəlir?

Hazırkı dövrdə ərəb mənbələrinə əsaslanaraq “Azər” – od,”Baycan”- odu qoruyan kimi qəbul olunur. Alimlərin çoxu isə bununla razılaşmır və digər qədim mənbələrə əsaslanırlar. Dərbənd qalasında təxmini 10 (on) santimetr dərinliyində yazılar var. Bunlar qədim Pəhləvi dilindədir və orada Adurbadaqan ölkəsindən alınan vergilərin illik qədəri yazılıb. Adurbadaqanın məhz Azərbaycanın qədim adı olduğunu əsəs gətirən şərqşünaslar “Adur”- u qədim Pəhləvi dilində “od” olaraq qeyd edirlər. Ümumən Adurbadaqan isə “odlu yer, məkan” mənasını verir.
Həmdullah Qəzvini yazır ki, Azərbaz (Azərbab) adı peyğəmbərlik iddiasında olan Nuhun oğlunun od məbədi tikdirməsi ilə ortaya çıxıb. Azərbaycan ərazisində Yanardağın, Atəşgah- ın, vulkanların olması da bu adlarla uyğunlaşmağa gətirib çıxarır. Bəzi alimlər Fəzlullah Rəşidəddinin “Oğuznamə”-sində bu adın keçdiyini, hətta “Azər” yüksək yer, “Bayqan” isə böyük vurğulamaqdadırlar. Son dövrlərdə isə Firudin Ağasıoğlu yeni bir araşdırma ortaya qoyaraq Azərbaycan adının qəhrəman “As” türk tayfalarının adından gəldiyini, “Ər” sözü ilə birləşməsindən yaranan Asər – Azər olduğunu qeyd edir. As türklərinin adı ilə Azov dənizi, Naxçıvanda Aza kəndi, Qarabağda Azıx (bəzi mənbələrdə Azox) , Astara, Özbəkistanda Azlar təpə və s. yerlər bağlıdır.
Müxtəlif zamanlarda Azər adı Xəzər adından gəldiyini də söyləyənlər var. Məsələn “Koroğlu dastanı”nın türkmən variantında “Mənim əslim Xəzirbeycanlı” – deyilərkən buradakı oxşarlıq görünür.

Azərbaycan ərəb işğalları zamanı Ərəb Xilafətinin tərkibinə Aran və ya Azərbaycan vilayəti olaraq qatılmışdı. Hətta Xəlifənin Əl- Cührumidən Azərbaycan haqqında məlumat istəməsi yazılı qaynaqlarda var ki, xəlifə burada məhz Azərbaycan adı işlədir. Təbəri isə Azərbaycan haqqında məlumat verərkən yazır: “Azərbaycan böyük ölkə olub, şimalında Dərbənd, cənubunda is Həmədan yerləşir”.
Əbubəkr Cəlaləddin Əs – Süyti “Tarix-ül Xülafə “ əsərində Xürrəmilər haqqında yazarkən Babəki Azərbaycan hakimi olaraq xatırlayır. Sovet dövründə isə bu əsərin tədqiqi qadağan edildi, Babək bizə sadəcə Xürrəmilər hərəkatıının başçısı olaraq tanıdıldı və öz ateizim siyasətlərinə uyğun olaraq onu gecələri içki məclislərində keçirən, İslama qarşı savaşan bir qəhrəman olaraq aşıladılar.
Orta əsr qaynaqlarında da Azərbaycan adı hallanmaqdadır. Səyahətçi Övliya Çələbi Uzun Həsəni “Azərbaycan sultanı” adlandırır, Həsən Rumlu Qara Yusifi “Azərbaycan taxtına əyləşən sultan” - olaraq yazmışdır. Eləcə Səfəvilər dövründən bəhs edərkən Əli Əbdi Bəy Şirazi Səfəvi İsmayılın Bakı qalasına hücum etməzdən əvvəl Gülüstanda üləmaları yığıb “Sizə Gülüstan qalasımı lazımdır? Yoxsa Azərbaycan taxt – tacı?”- sualı verməsi, onların isə bir ağızdan “Azərbaycan taxt – tacı” - demələri, eyni zamanda Osmanlı Sultanı Süleymanın Fransa kralına məktubunda özünün mədhi zamanı digər ərazilərlə birlikdə Azərbaycanın da sultanı olaraq təqdim etməsi də orta əsrlərdə Azərbaycan adının coğrafi, siyasi məkan olaraq varlığını sübut edir. Eləcə son orta əsrlər dövründə Nadir Şahın Azərbaycan inzibati əyaləti yaratması da tarixə düşmüş önəmli hadisədir. Sonradan istər cənubda, istərsə də şimalda başqa adlarla xanlıqlar yaransa da, onlar Azərbaycan ərazisində siyasi hökm sürürdülər. Coğrafi ərazi Azərbaycan adlanırdı.

Bəs niyə biz, bütün bu mənbələri bir kənara qoyaraq Azərbaycanı 100 illik dövlət kimi tanıdırıq və düşmənlərimiz də bundan öz istəklərinə uyğun istifadə edirlər?

Bizə görə Azərbaycan coğrafi addan siyasi meydana rəsmən 1918 – ci ildə gətirilmişdir. Lakin düşmənlərimiz bu rəsmiyyəti pafos edərək yenə də öz xislətləri ilə hərəkət edirlər.
1918 – ci ildə yeni yaranan dövlətimizə Azərbaycan adı verilərkən Arazdan cənubda hakimiyyətdə olan Qacar dövləti bunun qəti əlehinə çıxmış və Məhəmməd Əmin Rəsulzadəyə etirazlarını da bildirmişlər. Rəsulzadə isə belə izzah edirdi: “Biz bu adı qoymaqla güneydə yaşayan soydaşlarımızın da dövlət qurmaq haqlarını dünyaya çatdırmış olduq. Bu mənada Azərbaycan adı uğurlu seçim oldu”.
Bu gün biz məhz 1918 – ci ildə yaradılmış cümhuriyyətimizin siyasi varisiyik və müstəqil dövlət kimi dünya xəritəsində yer almışıq. Lakin, keçmişimizi unutmamalı, adımızın, soyumuzun haradan gəldiyini mükəmməl bilməliyik ki, düşmənlərimiz bizə “100 illik bir dövlətsiniz” - dediklərində tutarlı faktlarla cavab verə bilək.

İstifadə olunmuş Ədəbiyyat:

1. Z. Bünyadov “Azərbaycan VII – IX əsrlərdə”. Şərq – Qərb 2007
2. S. Əliyarlı “Azərbaycan tarixi üzrə qaynaqlar”. Çıraq 2007
3. Yeddi Cildlik Azərbaycan tarixi I və II cildlər.
15-02-2019, 22:43
Geri qayıt