62 milyarder dünya əhalisinin yarısı qədər sərvətə malikdir


Dünyada qlobal bərabərsizlik və zənginlərlə yoxsullar arasında uçurum durmadan dərinləşməkdədir. İsveçrənin Davos şəhərində keçiriləcək növbəti Dünya İqtisadi Forumu öncəsi “Oksfam” beynəlxalq humanitar təşkilatı dünya əhalisi arasında sərvət bölgüsünü əks etdirən “1 faiz üçün iqtisadiyyat” adlı hesabat yayıb.

Hesabatda göstərilir ki, dünyanın 62 ən zəngin insanının ümumi sərvəti dünyanın yoxsulluq içində yaşayan əhalisinin (planetimizin 3,6 milyard sakini) ümumi sərvəti qədərdir. Bir il əvvəl bu göstərici 80 nəfərə, 2010-cu ildə isə 388 nəfərə bərabər olub və bu da zəngin təbəqənin hansı sürətlə öz vəsaitlərini artırdığını əks etdirir. Dünyanın ən zəngin 62 şəxsi son beş ildə öz varidatını 44 faiz artıra bilib, onların ümumi sərvətinin həcmi 1,76 trilyon dollara çatıb. Dünya əhalisi son beş ildə 400 milyon nəfər artsa da, dünya əhalisinin yoxsul kəsiminin vəsaitləri həmin dövrdə təxminən 41 faiz azalıb.

Beynəlxalq təşkilatın hesabatında qeyd edilir ki, sosial bərabərsizlik böhranı həll olunmayınca dünyada yoxsulluq üzərində qələbə qazanmaq mümkün olmayacaq. Eyni zamanda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı da bildirir ki, dünyadakı iqtisadi bərabərsizlik arzuolunmaz tendensiyaların, eləcə də terrorizmin vüsət alması üçün başlıca səbəblərdən biridir.

İsveçrənin “Credit Suisse” maliyyə şirkətinin analizləri əsasında tərtib olunmuş 2015-ci il üzrə “Dünya sərvət hesabatı”nda dünya əhalisinin cəmi 1 faizinin sərvəti bütün dünya əhalisinin varidatından çox olduğu qeyd olunur. Zənginlərin sərvəti və kapitaldan gəlirlərinə qarşı vergilərin yetərli səviyyədə tətbiq edilməməsi, xüsusilə böyük konsernlər və milyarderlərin öz gəlirlərini “vergi vadi”lərində cəmləşdirməsi və həmin gəlirləri vergidən yayındırması nəticəsində inkişaf etməkdə olan ölkələrə hər il milyardlarla dollar zərər dəyir.
(Azərtac)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu