Kreml Putinlə Ərdoğanın telefon danışığı barədə məlumat yaydı


Kreml Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş telefon danışığı barədə məlumat yayıb.

Kremlin mətbuat xidməti məlumatında bildirilir ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana dünən İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.

Söhbət zamanı hər iki tərəf terror təhlükəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub. Rusiya prezidenti Nazirlər Kabinetinə iqtisadi-ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlığın bərpa edilməsi haqqında göstəriş verəcəyini bildirib.

Qeyd olunub ki, rusiyalı turistlərə Türkiyəyə səyahət etməyin məhdudlaşdırılması tədbirləri geri götürülür. Bununla yanaşı Türkiyə hökumətinin Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə addımlar atması ilə bağlı niyyət ifadə olunub.

Həmçinin Rusiya və Türkiyə XİN başçılarının iyulun 1-də Soçidə görüşü razılaşdırılıb. Bu görüşdə regiondakı vəziyyət, Suriya böhranı və Rusiya-Türkiyə əlaqələrinin gələcək inkişafı məsələləri müzakirə olunacaq.

Rusiya və Türkiyə prezidentləri yaxın perspektivdə görüşün keçirilməsinin mümkünlüyü barədə müzakirələr aparmaq barədə razılaşıblar. Ümumilikdə görüş işgüzar, konstruktiv xarakter daşıyıb və çoxplanlı ikitərəfli əməkdaşlığın bərpasına yönəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu