Yerevanda istefası tələb olunan rektor xəstəxanalıq oldu


Yerevanda istefası tələb olunan rektor xəstəxanalıq oldu


Yerevan Dövlət Universitetinin rektoru Aram Simonyan xəstəxanaya yerləşdirilib.

Bu barədə universitetin mətbuat katibi Gevorq Emin-Teryan məlumat verib. Bildirib ki, Simonyanın səhhətinin pisləşməsinə ona qarşı keçirilən etiraz aksiyaları səbəb olub.

Qeyd edək ki, Yerevan Dövlət Universitetində keçirilən aksiyanın kütləviləşdiyini görən rektor Simonyan ötən gün iclas zalında etirazçılarla görüşüb. Lakin psixoloji təzyiqlərə tab gətirməyən Simonyan zalı tərk etməyə çalışıb. Tələbələr çıxış yolunu bağlayaraq onu buraxmayıblar. 10 dəqiqə ərzində bloklanmış vəziyyətdə qalan Simonyan baş verənləri təcavüz adlandırıb və deyib ki, bu cür təzyiqlər altında istefa verməyəcək və tələblərin heç birinin qanuni əsası yoxdur. Birtəhər universitetdən çıxmağı bacaran rektor daha sonra bildirib ki, əgər onun işi həqiqətən bəyənilmirsə və 2 min tələbə yazılı ərizə ilə müraciət etsə, onda vəzifədən getmək barədə fikirləşər.

Aram Simonyan 2006-cı ildən bəri Yerevan Dövlət Universitetinin rektorudur. Ona qarşı dəfələrlə etirazlar keçirilib. Dünənki etiraz aksiyasında tələbələr Simonyanın istefasını, həmçinin Universitetdə maliyyə auditinin keçirilməsini, Himayədarlar Şurasının buraxılmasını, Həmkarlar İttifaqı və Tələbə Şurasının fəaliyyətlərinin dayandırılmasını tələb ediblər.

Lakin Simonyanın xəstəxanaya yerlşdirilməsi aksiyaçıların münasibətini dəyişdirməyib. Əksinə, bildiriblər ki, Ermənistanda təhsilin aşağı səviyyəsi, təhsil üçün normal şəraitin olmaması, siyasi baxışlarına görə tələbə və müəllimlərin təqib edilməsi, universitet və digər strukturların siyasiləşdirilməsi kimi məsələlər onları Simonyanın istefasını tələb etməyə vadar edir. Bununla da ən azı təhsil sistemində müəyyən islahatlara nail olacaqlarını və başqalarına da dərs verəcəklərini düşünürlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu