İran yeni ballistik raketini təqdim edib


İran yeni ballistik raketini təqdim edib


İranın Müdafiə Nazirliyi yeni nəsil “Fateh” ballistik raketini təqdim edib.

AzVision.az "Jerusalem Post"a istinadən xəbər verir ki, silahın təqdimatında iştirak edən İranın müdafiə naziri Əmir Hatəmi raketin yüz faiz yerli istehsal olduğunu bildirib. “Al-Mobeen”, yaxud “İlahi fəth” adlandırılan ballistik raket yaxın mənzillidir və 300-500 kilometr zərbə radiusuna malikdir. Hatəminin sözlərinə görə, raket artıq sınaqdan keçirilib və ordunun ixtiyarına verilmək üçün tam hazır formadadır.

İranın müdafiə naziri onu da əlavə edib ki, yeni nəsil “Fateh” ballistik raketi radarlardan yan keçməyə və hədəfə dəqiq zərbələr endirməyə qadirdir.

“Müdafiə Nazirliyinin aerokosmik şirkəti Silahlı Qüvvələrimizin bütün praktiki tələbatını təmin etməyə qadirdir. Yeni raketlərin kütləvi istehsalı İrana öz müdafiə qabiliyyətini gücləndirməkdə böyük uğurlar gətirəcək. Güclü, ağıllı və müasir müdafiə sənayemiz regionda sülh və sabitliyi qorumağa kömək edəcək. Düşmənlərimiz İranın hərbi gücündən agah olacaqlar. Biz raket sənayemizi inkişaf etdirməkdən heç zaman imtina etməyəcəyik.” – deyə, Hatəmi bildirib.

Onu da vurğulayıb ki, İrana qarşı təzyiqlər və psixoloji müharibələr nə qədər çox olsa, o, bütün sahələrdə öz müdafiə gücünü də bir o qədər möhkəmləndirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu