AFN.AZ / Qüds hadisələri:

Qüds hadisələri:

Qüds hadisələri:


ABŞ-ın Qüdsdə yeni səfirlik açmasından sonra Qəzza Zolağında İsrailin çəkdiyi hasar zonasında azı 55 fələstinli İsrail qoşunları tərəfindən güllələnərək öldürülüb və 2700 nəfər yaralanıb, Fələstin rəsmiləri deyirlər.

Fələstin hakimiyyəti hadisəni "qırğın" adlandırıb. BMT "insan haqları pozuntuları" barədə danışıb.

Ağ Ev sözçüsü Raj Shah deyib ki, "faciəli ölümlər üçün məsuliyyəti Həmas daşıyır və Həmas belə bir cavabı qəsdən təhrik edir".

Küveyt "hiddət və kədər" ifadə edərək BMT Təhlükəsizlik Şurasını hadisələrin müstəqil araşdırma aparılmasına çağırıb, ancaq ABŞ buna maneə törədib.

Aİ-nin xarici siyasət rəhbəri Federica Mogherini və Böyük Britaniya məhdudlaşdırma çağırışı edib.

Almaniya deyib ki, İsrailin özünü müdafiə etmə haqqı var, lakin bunu mütənasib şəkildə etməlidir.

Fransa prezidenti Emmanuel Macron İsrail hərbçilərinin etirazçılara şiddət göstərməsini qınayıb.

Türkiyə bildirib ki, "qırğına görə" ABŞ da məsuliyyət daşıyır. Ölkə həm ABŞ, həm də İsraildəki səfirlərini geri çağırdığını söyləyib.

Ən güclü bəyanatlardan biri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Ra'ad əl-Hüseyndən gəlib O, "onlarla insanın şok edici ölümünü və İsrail tərəfindən canlı atəş nəticəsində yüzlərlə insanın yaralanmasını" qınayıb.

Cənubi Afrika Respublikası İsraildəki səfirini geri çağırıb və "İsrail hücumunu qınanyıb".

İsrail hərbçiləri tərəfindən 55 nəfərin öldürülməsindən sonra, fələstinlilər tərəfindən yeni etiraz nümayişləri gözlənilir.

Çərşənbə axşamı fələstinlilərin Nakba və ya Fəlakət adlandırdıqları günün 70-ci il dönümüdür. 1948-ci ilin bu günü İsrailin qurulması əsnasında minlərlə insan qaçqın düşüb.

Qüdsün statusu İsrail-Fələstin münaqişəsinin köklü problemlərindəndir.

ABŞ-ın Qüdsdə səfirlik açması fələstinliləri ona görə qəzəbləndirib ki, onlar şərqi Qüdsü (Yerusəlimi) Fələstin hökumətinin paytaxtı hesab edirlər.

Son hadisələr 2014-cü ildə Qəzza müharibəsindən bəri ən qanlı qarşıdurma hesab olunur.

İsrailin baş naziri Benjamin Netanyahu hərbçiləri müdafiə edərək deyib ki, "hər ölkə öz sərhədlərini qorumaq hüququna malikdir".
15-05-2018, 13:40
Geri qayıt