Vitse-admiralın işi: Heç nəyə görə 13 il?



Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Xatırladaq ki, ötən həftə prokurorun keçmiş komandana ona qarşı irəli sürülmüş ittihamlar üzrə 13 il həbs cəzası istədiyi haqda məlumat yayılmışdı.

Şahin Sultanovun vəkili Telman Abdıyev isə virtualaz.org saytına açıqlamasında bildirib ki, dövlət ittihamçısının bu istəyi əsassızdır. Çünki Şahin Sultanova qarşı irəli sürülən ittihamlar iki ildir davam edən məhkəmə istintaqında təsdiqini tapmayıb.

“Məhkəmə istintaqı iki ildir davam edir, obyektivliyin təmin edilməsi üçün proses açıq keçirilir, audioyazılar aparılır. Məhkəmə istintaqı zamanı 200-dən çox şahid ifadələri, Hərbi Prokurorluğun tərtib etdiyi iş materialları və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (MEM) verdiyi ekspertiza rəyləri arasında ciddi ziddiyətlər, uyğunsuzluqlar meydana çıxdı”-vəkil bildirib.

Telman Abdıyevin bildirdiyinə görə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri məhkəmə istintaqında etiraf ediblər ki, Hərbi Dəniz Qüvvələrində mənimsəmə və dövlətə ziyan vurulması iddiaları üzrə ekspertiza rəylərini heç bir ekspertiza və ya təhqiqat aparmadan, Hərbi Prokurorluqdan verilən arayışlar əsasında hazırlayıblar. Faktiki olaraq Hərbi Prokurorluğun arayışlarında yazılanları ekspert rəyinə köçürüblər.

“Başqa sözlə, bilərəkdən yalan məlumatları ekspert rəyləri kimi təqdim ediblər. Nəticədə məhkəmə bu ekspert rəylərini etibarsız hesab etdi, 2016-cı il iyunun 17-də məhkəmə qərar çıxardı ki, Hərbi Dəniz Qüvvələrində yol verildiyi iddia edilən mənimsəmələrlə bağlı təkrar ekspertiza keçirilsin. Təkrar ekspertizanın nəticəsi olaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 2016-cı il oktyabrın 20-də təqdim etdiyi yeni ekspert rəyində göstərib ki, dövlətə heç bir ziyan vurulmayıb. Başqa sözlə, Hərbi Prokurorluğun tərtib etdiyi ittiham aktının qurama ekspert rəylərinə əsaslandığı təsdiqləndi”-vəkil deyib.

T.Abdıyev qeyd edib ki, Hərbi Prokurorluğun irəli sürdüyü ittihamların məhkəmədə təsdiqini tapmadığı halda prokurorun iki ildir davam edən məhkəmə istintaqında əldə edilən sübutlara, şahid ifadələrinə məhəl qoymadan Şahin Sultanova 13 il həbs cəzası istəməsi qanunlara ziddir, heç bir məntiqə sığmır.

“Əslində müdafiə etdiyim şəxsə bəraət verilməsi təklif olunmalıydı. Şahin Sultanov deyir ki, o, prezidentinə, vətəninə, xalqına həmişə sadiq olub, bunu məhkəmədə üzə çıxan həqiqətlər də sübut edir. Biz məhkəmənin ədalətli qərar qəbul edəcəyinə ümid edirik. Mətbuat nümayəndələrindən xahiş edirik ki, açıq keçirilən məhkəmə prosesində iştirak edib həqiqətin nədən ibarət olduğuna əmin olsunlar”-admiralın vəkili bildirib.

Xatırladaq ki, vitse-admiral Şahin Sultanov komandan vəzifəsindən azad olunduqdan sonra 2014-cü ilin aprelində həbs olunub. Lakin bir neçə ay sonra onun barəsində çıxarılmış həbs qətimkan tədbiri dəyişdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu