Evi yanan köçkünlərə yeni mənzillər veriləcək




Avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində baş verən yanğınla əlaqədar dəymiş ziyan müəyyənləşib.


Bu barədə AzVision.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov bildirib. Komitə rəsmisinin sözlərinə görə, yanğın nəticəsində 22 məcbur köçkün ailəsinə ziyan dəyib.

"Mənzillərə, evdəki əşyalara dəymiş ziyanla bağlı araşdırma aparılıb. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək. Artıq mənzillərin təmir olunması və sakinlərin qayıtması ilə bağlı müvafiq işlərin görülməsi ilə bağlı aidiyyatı üzrə göstərişlər verilib”.

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə AzVision.az-a bildirib ki,
icra başçısı Zakir Fərəcov sakinlərlə görüşündə 10 gün müddətində yanğın zamanı yataqxananın yararsız vəziyyətə düşmüş hissəsinin əsaslı təmir olunacağını və zərərçəkmiş köçkünlərin məskunlaşdıqları evlərə yığışacaqlarını deyib.

“Bu, yanğından zərərçəkmiş köçkünlər üçün müvəqqəti sığınacaq olacaq. Çünki, qaçqın və məcburi köçkünlər üçün şəhərin 12-ci mikrorayonunda tikilməkdə olan bina dekabrın sonuna qədər təhvil veriləcək. Burada sığınacaq tapmış ailələr oraya köçürüləcək”.

Qeyd edək ki, avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. İlkin araşdırma zamanı yanğının yataqxananın 3-cü mərtəbəsindəkı partlayışdan sonra başladığı məlum olub. Fövqəladə Hallar Nazirliyi yanğın zamanı evsiz qalmış insanların müvəqqəti sığınacağı üçün ərazidə 22 ədəd çadır quraşdırıb ki, burada da 88 nəfər yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu