Qızılgül ətirli xatirə- LƏMAN ƏLƏŞRƏFQIZI ELÇİBƏYDƏN YAZDI




Həmin gün qəfil tapşırıq aldıq. “Azadlıq” qəzetinin xüsusi buraxılışına Elçibəy haqqında hərə bir yazı yazmalıydı. Bu əslində redaksiya tapşırığı deyildi, hər kəsin ürəyinin tapşırığı, ürəyinin səsiydi. Yadımdadır, gözümüzdən axan yaşı burnumuzun suyuna qarışdırıb içimizə çəkə-çəkə hərə öz masası arxasına keçdi. Kəbiran, Jalə, mən… Hər birimizin Əbülfəz bəylə bağlı o qədər xatirələri vardı ki….Onların nə yazdığı detallı yadımda qalmayıb. Amma mənim yazım məhz belə adlanırdı. “Qızılgül ətirli xatirə”. O xatirənin sizin üçün də maraqlı olacağını düşünürəm.



2000-ci ilin iyun ayının 24-ü idi. Əbülfəz bəyin ad günü. 62 yaşı tamam olurdu. Azadlıq qəzetinin baş redaktoru Gündüz Tahirli mənə dedi ki, bəlkə bəyin doğum günündə ondan müsahibəni sən alasan? Dedim gözüm üstə. Dedi amma bir çətinlik var. Bəy şəhərdə deyil. Bakı kəndlərindən birində bir bağ evində dincəlir. Artıq onu tapmaq sənlikdir. Nə edirsən, necə edirsən bilmirəm, Əbülfəz bəydən müsahibəni alırsan. Redaksiyanın adından bir buket gül də əlimdə fotoqraf Elxan Kərimovla birlikdə şair demişkən “yolun ağına düşdük”. Çox çətinliklə üç müqəddəs rəqəmi özündə birləşdirən bağı evini tapdıq. Amma işin daha çətini sən demə qabaqdaymış. Gəlişimizdən köməkçisi Əli bəyin məmnun olmadığını dərhal sezdik. Səbəbini hardasa təxmin edirdik, amma qətiyyən bu səbəbin xəstəlik ola biləcəyini ağlımızdan da keçirmirdik. Bizə gözləyin dedilər. Yalan olmasın, bəlkə də yarım saat, bəlkə də bir saat…Gözlədik. Arada gileyləndim, hətta köməkçiyə təklif etdim ki, heç olmasa gülü götürün Bəyə çatdırın, biz gedək. Nə gülü götürdülər, nə getməyimizə razı oldular. Bir sini Ordubad əriyi gətirdilər qapıya..Dedilər Bəy gələnə qədər başınız qarışsın..Ərik nədir, heç su da keçməzdi boğazımdan. Bu münasibətdən o qədər sarsılmışdım ki, sözlə ifadə edə bilmirəm. Və…bu anda Əbülfəz Bəy qapıda göründü.. Düz mənə sarı gəldi. Həyətdən dərdiyi qızılgüllərin tikanı əlimə batmasın deyə onu möhkəmcə kağıza bükmüşdü. Az əvvəl keçirtdiyim əsəb, sarsıntı, narahatlıq bir anda yox oldu. Ürəyimdə “əsl siyasətçi buna deyərlər”-dedim və gülümsədim. Gülləri qarşılıqlı şəkildə bir-birimizə təqdim etdik. Əbülfəz bəy yazıçı Sabir Əhmədovun yubiley gecəsinə tələsdiyini dedi və ayaqüstü bir-iki sualımı cavablandırdı. O suallardan biri də “niyə axır vaxtlar Demkonqresin iclaslarına gəlmirsiz, siyasi arenada görünməməyə çalışırsız?”suaalı idi.

Cəmi bir ay sonra Əbülfəz Bəyin niyə Demkonqresin iclaslarına gəlmədiyi məlum oldu. Onda mənə də məlum oldu ki, səm demə Elxan müəllimlə ikimiz Əbülfəz bəyin günahına girmişik. “Kİşi yaxşıca kökəlib haa..Özü üçün kef edir bu bağda” deyəndə . Sən demə biz bəyi saatlarla qapıda gözləyəndə o içəridə həkim nəzarətindəymiş. Düz deyirlər ki, ölümqabağı insan gözəlləşir. Əbülfəz bəy də çox yaraşıqlı olmuşdu. Hər halda həmin gün mən onun uca boyuna ağı yox, tərif yaraşdırmışdım. Əsl Bəy tərifi!

Onu Türkiyəyə müalicəyə yola salan jurnalistlərə aeroportda səsi titrəyə-titrəyə “yaxşı olar” deməsi də əslində yaxşı heç nədən xəbər vermirdi. Deyilənlərə görə, Əbülfəz Bəy həkimindən xəstəliyi ilə bağlı soruşduqda ondan həqiqəti söyləməyi xahiş edib. Deyib ki, mən siyasət adamıyam, mənə düzünü de. Həkim də, “sayın cumhurbaşqanım, bu dünyada daha 3-4 ay qonaqsız” cavabını verib..

Bəli, hamımız bu dünyada qonağıq. Bir gün köçümüzü sürəcəyik. Elçibəy də gəldi, yaşadı, köçünü sürdü getdi. Amma özündən sonra böyük bir ad qoydu.O adın o qədər qarşılığı var ki!!! Əxlaq,Mənəviyyat,Sadəlik,Sevgi, nəhayət Vətən sözlərinin qarşılığı həm də Elçibəy deməkdir. Kaş sənin kimi oğulları çox olaydı Məmləkətimin, Bəy!

Yadımdadır, bir dəfə müsahibədə verdiyim sual xoşuna gəlməmişdi. “ Xanım, sən də gah yaxşı suallar verirsən, gah da adamı tikanlıyırsan” demişdin. Barmağıma tikan batmasını istəməyən və bunun üçün də qızılgüllləri bərk-bərk kağıza sarıyan Adam, haqqını halal et!!!

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu