Deputatın "QƏPİK DAVASI"




Zahid Oruc: " Heç bir qanunda norma yoxdur ki, hansısa yolla müştərinin vəsaiti mənimsənilsin"



"Avropada satıcı qalığın qaytarılmamasını özünə həqarət kimi qəbul edir"

"Marketlərdə müştərinin pulun qalığını tələb etməsi qətiyyən qəpik davası kimi qələmə verilə bilməz”.

Bunu bəzi iri supermarketlərdə istehlakçılara qalan xırda pulların- 2,3və 5 qəpiklərin qaytarılmaması və bunun fonunda gün ərzində ciddi məbləğdə gəlir əldə edilməsinə münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, pulun qalığının qaytarılması onun miqdarı ilə deyil, satıcı və market rəhbərliyinin dəqiqliyi ilə əlaqədardır:

"Alış-veriş qaydalarına, normalarına əməl etmək lazımdır. Misal olaraq deyim ki, Avropa ölkələrinin birində alış-veriş zamanı maraqlı hadisə ilə rastlaşmışam. Alıcılardan biri aldığı əşyanın ödənişini edərkən bir-neçə sent miqdarında pulu çatmadı. Satıcı isə qətiyyən bunu nəzərə almadı. Satıcı mövqeyində haqlı idi, çünki qətiyyən güzəştli hallar nəzərdə tutulmayıbsa, keçməli deyildi. Lakin burada məsələ kiçik payların toplanması qanunundadır. Gün ərzində yüzlərlə belə alış-veriş baş verdikdə, deməli, artıq bu, ticarət siyasətinin tərkib hissəsinə çevrilmiş oldu.



Biz milyonların oğurlanmasını, vətəndaşdan alınmasını pisləyiriksə, bu mövqeyi ən kiçik məbləğlərə də şamil etməliyik. İlk növbədə bu, hər iki tərəfin mədəniyyətinin göstəricisidir.

İkincisi, qeyd etdiyimiz dəqiqlik prinsipidir. Bunun maddi tərəfi var. Bununla bağlı hər iki tərəfin hüquq və öhdəliklərinin dərki üçün zaman müddəti lazımdır. Digər tərəfdən məlum məsələ inzibati məcəllədə tənzimlənir. Heç bir qanunda norma yoxdur ki, hansısa yolla müştərinin vəsaiti mənimsənilsin.

Cəmiyyətin insanların beynində belə fikir var ki, 100 min manatlar böyük məbləğlərdir, amma kiçik qəpiklər belə deyil. Lakin qeyd etməliyəm ki, zamanla Qərbi tənqid etsək də, bu məsələdə Qərbdə normalaşmış ənənə mövcuddur. Avropada satıcı qalığın qaytarılmamasını özünə həqarət kimi qəbul edir. Belə kiçik hallar tək maddiyyata təsir etmir. Mənəviyyatda da kiçik deformasiyalar yaradır. Belə kiçik oğurluqlar böyük hadisələrə də yol aça bilir”. (sherg.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu