Yollarda “çökən” milyonlar: Yağış onları da “udur”


Yollarda “çökən” milyonlar:


İstər paytaxt Bakıda, istərsə də bölgələrdə yollarımız bərbad vəziyyətdədir. Çala-çuxurlu, yamaqlı yollarla hərəkət etmək demək olar ki, mümkün deyil.Heç bir ölkədə Azərbaycanda olduğu qədər yol tikintisinə pul ayrılmır. Mütəmadi olaraq yeni yollar salınır, köhnələri təmir olunur. Bir sözlə, yol infrastrukturuna milyardlarla vəsait xərclənir. Xərclənən vəsaitin müqabilində isə həddindən artıq keyfiyyətsiz və dözümsüz yollar salınır. Yol salınarkən infrastuktur qaydalarına əməl edilmir, kanalizasiya xəttləri düzgün quraşdılmır. Bu gün salınan yolların bir yağışlıq da canı yoxdur. Belə olmasaydı, bu günlərdə Nizami rayonu Mehdi Abbasov küçəsində yeni salınan yol güclü yağan yağışdan sonra çökməzdi...



Ekspertlər də qeyd edir ki, Azərbaycanda yollar elə səviyyədə çəkilir ki, yağış yağan kimi, asfalt dağılıb-tökülür, çala-çuxur əlindən tərpənmək olmur. Çox keçmir ki, yollarda çatlar əmələ gəlir. Bir ay əvvəl salınan yol gələn aya salamat çıxmır. Pis günə düşən yollara yamaq vurmaq isə “Azəravtoyol” ASC-nin köhnə şakəridir. Halbuki ölkə başçısı yol infrastrukturu üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayırır. Bu vəsait isə tam olaraq aidiyyatı üzrə deyil, sağa-sola, kimlərinsə cibinə axır...

Qeyd etdiyimiz kimi bu günlərdə paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə baş verib. Hadisə yerinə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub. Qurumun açıqlamasına görə həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çirkab suları yol yatağını yuyub apardığından, yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə bildirib ki, sonuncu baş verən yol çökməsi onun yaşadığı ərazidədir:

“Azər Manafov küçəsindən başlayaraq kanalizasiya sularının axıdılması üçün kollektor bu günlərdə 3 dəfə fərqli-fərqli yerlərdə partdıyıb. Hətta qonşumun hasarına iki dəfə ziyan vurulub. Bir dəfə borunu dəyişiblər. Yenə də həmin yerdən çöküb. Vaxtilə “Təbriz” (keçmiş “Sevinc”-red) kinoteatrının arxasına beton borular yığdılar ki, kollektorlar dəyişilməlidir. Ancaq o borular bizim gözümüzün qabağında bir-bir, iki-iki harasa daşındı, satıldı. Yəni əsaslı kapital qoyuluşu edilmədi. Neçə illərdi bu davam edir. Bu yolun çökməsində birbaşa günahkar “Azərsu” Asc-dir. Həmin küçədə müxtəlif ticarət obyektlərinin kanalizasiyaya qoşulması üçün müəyyən texniki şərtlər verilib. Həmin kollektorun 2 metrlik boru xəttini zədələyiblər və ora qoşulublar. Fikrimcə, bu və ya digər formalarda sahibkarlardan rüşvət alınıb. Beləcə lazım olan texniki şərtlərə əməl edilmiyib. Məlumdur ki, tenderlər ancaq kağız üzərində həyata keçirilir. Kommunal xidmətlərlə bağlı dövlət şirkətlərinin əksəriyyəti bura daxildir. Həmin şirkətlərin rəhbərlərinin yaxın qohumlarının ailə üzvləri bu tenderləri udurlar. “Azəriqaz”, “Azəravtoyol” qurumlarının fəaliyyəti ilə bağlı kifayət qədər jurnalist araşdırmaları var. O şirkətlər 10 milyon, 100 milyon vəsaitləri mənimsəyir. Ərazilərə yeni plastik borularla su xətti çəkirlər. Həmin içməli su xətləri gündə 3-4 yerdən partlayır. Yəni keyfiyyətsiz işləyirlər. Günəmuzd fəhlələri bu işlərə cəlb etməklə kağız üzərində iş görürlər. Cavabdeh qurumlar müəyyən etməlidir ki, bu şirkətlər kimlərdir, kimə məxsusdurlar.

Dövlət büdcəsi hesabına görülən işlərinin zəmanəti varmı?

Bu layihələr, tenderlər kağız üzərində hamısı gözəldir. Amma işin praktik tərəfinə baxanda görürük ki, keyfiyyətsiz borular, materiallar almaqla işi başqan-sovdu yola verirlər. Olduqca baha rəsmiləşdirirlər. Əhalinin vəziyyətinin yaxşılaşdırılması, sosial-təminatının gücləndirilməsi üçün ölkə başçısının dövlət büdcəsindən ayırdığı vəsaitlər aidiyyatı üzrə xərclənmir. İşlərin icra mexanizmi çox kobud olduğundan dövlət vəsaitləri səmərəsiz xərclənir”. Ekspertin sözlərinə görə, aidiyyatı qurumlar ictimaiyyəti aldadırlar: “Bildirirlər ki, borular köhnədir, neçə illərdir ki, çəkilib. Amma texniki şərtlər üçün rüşvət alırlar və yaxın yerlərdən kanalizasiya çəkməklə asfaltı zədələyirlər. Öz qohum-əqrəbalarına 100 milyonlarla tender verən adamlar bu gün dövlət qurumlarına öz şəxsi obyektləri kimi baxırlar. Çox təəssüf...”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu