Zabrat sakinləri qəsəbənin problemlərindən fəryad edir- FOTOLAR


Zabrat sakinləri qəsəbənin problemlərindən fəryad edir-


“Ölülər qəbirdə, dirilər isə həyatda təhqir olunur”



“Qəsəbə xarabalığa çevrilib, biz isə çarəsiz qalmışıq. Bakıda yaşasaq da, ucqar bir dağ kəndinin şəraiti belə bizimkindən yaxşıdır. Nə icra hakimiyyəti, nə də digər aidiyyəti qurumlar problemimizlə maraqlanmırlar”. Bu sözləri Bakının qədim kəndlərindən biri olan “Zabrat 2" qəsəbəsinin sakinləri deyir. Saytımızın elektron ünvanına gələn çoxsaylı müraciətlərdən sonra ”Yeni Müsavat" qəzetinin müxbiri adıçəkilən qəsəbədə olub, sakinlərin gileyini dinləyib.

Sabunçu rayonu, “Zabrat-2" qəsəbəsinin problemləri saymaqla bitməz. Qədim Bakı kəndi kommunal problemlər arasında çabalayır. Qəsəbənin nə bir normal yolu, nə də kommunal şəraiti var. Ərazidə olduğumuz zaman müşahidə etdik ki, qəsəbənin ara yolları keçilməz durumdadır. İnsanlar min bir əziyyətlə çala-çuxur yolla, gölməçələr içərisindən keçərək hərəkət edirlər. 46 min əhalisi olan qəsəbənin normal bir kanalizasiya sistemi belə yoxdur. Kanalizasiya və qrunt suları evlərin həyətlərinə dolur.

Zabrat ağsaqqalları qəsəbənin abadlaşması üçün dəfələrlə yerli icra hakimiyyətinə və digər müvafiq qurumlara müraciət etdiklərini bildirdilər. Yəni onların bu durumundan Sabunçu Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri də xəbərdardır: “50 ildir ki, qəsəbədə yaşayırıq. Bu illər ərazində Zabratda əsaslı şəkildə abadlıq işi aparılmayıb. Ümumiyyətlə, Zabrat da batır, zabratlılar da... Biz o zəmanədə yaşayırıq ki, ucqar rayonlara belə qaz, kanalizasiya xətləri çəkirlər. Ancaq biz Bakıda yaşasaq da, normal şəraitimiz yoxdur. Tez-tez qaz, işıq kəsilir. Bu qaz ki, kartladır, versinlər işlədək də... Nə zamana kimi belə davam edəcək? Bu qəsəbəyə də bir əl gəzdirsinlər. Sabunçu rayonunda yol infrastrukturu, kommunal şəraitinə görə ən geridə qalmış qəsəbə ”Zabrat 2"dir. Ancaq burada daşı-daş üstündə qoyan kimi dərhal bələdiyyə və icra nümayəndələri həmin adamın başının üstünü kəsir, rüşvət alırlar. Ucqar rayonlardan qohumlarımız qonaq gələndə yaşadığımız şəraitə mat qalırlar. Qışın günündə avtomobillər yolda qalır. Təcili tibbi yardım maşınları xəstəyə vaxtında yetişə bilmir".

“Qəsəbəyə ayrılan pullar hara gedir?!”

Sakinlər deyir ki, iki il öncə qəsəbəyə kanalizasiya xətti çəkilib. Lakin görülən işlər keyfiyyətsiz aparılıb. Minlərlə əhalisi olan qəsəbəyə nazik ölçüdə bir xətt çəkiblər: “Qəsəbədə kanalizasiya suları ilə yanaşı qrunt suları var. Çoxsaylı şikayətlərimizdən sonra kanalizasiya xətti çəkdilər. Lakin həmin boru çox nazik idi. Adını da qoydular ki, kanalizasiya xətti çəkdik. Təsəvvür edin ki, 46 min əhalisi olan qəsəbəyə ensiz bir kanalizasiya xətti davam gətirə bilərmi? Mətbuatı izləyirik, su və kanalizasiya xətləri üçün külli miqdarda vəsaitlər ayrılır. Ancaq ayrılan pulları mənimsəyirlər. Hansı həyətə daxil olsanız, rütubət və üfunət iyindən durmaq olmur. Evlərin zirzəmiləri çirkab suları ilə doludur. Camaat əlacsız qalıb, həyətlərinə yığılan çirkab sularını motorla ilə küçələrə vururlar. Kənd camaatı revmatizmdən əziyyət çəkir. Bəlkə də Şamaxının ucqar dağ rayonları belə bu gündə deyil. Bir sözlə Zabratı xarabalığa çevirib, zabratlıları da xəstəliyə salıblar”.

“Ölülərimiz də çirkab suları içindədir”

Ərazidə olduğumuz zaman sakinlər “Zabrat-2" qəsəbəsinin qəbiristanlığının da gölməçə suları içərisində olduğunu bildirdilər. Həmin vəziyyətlə əyani tanış olmaq üçün Zabrat qəbiristanlığına baş çəkdik. Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Kanalizasiya və qrunt suları qəbiristanlığı bataqlığa çevirib. Qəbir daşları çirkab suları içində qalıb. Hər tərəfi üfunət iyi bürüyüb.

Çirkab sularını qəbiristanlıqdan təmizləmək üçün su motorları quraşdırıldığının da şahidi olduq. Böyük bir ərazidə toplanan su motor vasitəsi ilə sorularaq, kənara axıdılır.

Burada dəfn olunan qohumunu ziyarətə gələnlərlə də həmsöhbət olduq. Adının çəkilməsini istəməyən Zabrat sakini düşdükləri acınacaqlı durumu belə izah etdi: “ Gördüyünüz kimi, ölülərimizə belə hörmət qoyulmur. Meyitlərimiz kanalizasiya suları içindədir. Əksər ölü sahibləri məzar yerlərini yerdən 15-20 santimetr hündürlükdə salırlar. Bu vəziyyəti icra nümayəndələri bilirlər, lakin görməzdən gəlirlər. Ümumiyyətlə qəsəbənin kanalizasiya sistemi olmadığından bu cür mənzərə ortaya çıxır. Ölülərimiz qəbirdə, dirilər isə həyatda təhqir olunur”.

Sakinlər deyir ki, dəfələrlə Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə milyonlarla manat vəsait ayrılıb. Lakin görünür bu və bundan öncəki vəsaitlərdən “Zabrat 2" qəsəbəsinə pay düşməyib.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Zabrat sakinləri qəsəbənin problemlərindən fəryad edir-
Zabrat sakinləri qəsəbənin problemlərindən fəryad edir-
Zabrat sakinləri qəsəbənin problemlərindən fəryad edir-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu