Deputat Fazil Mustafa ilə tarixçi alimin davası böyüyür- yeni ittihamlar


Deputat Fazil Mustafa ilə tarixçi alimin davası böyüyür-


Fazil Mustafa: “Yalançı, saxta milliyyətçilərdir”;
Dilavər Əzimli: “Bu insan nə etmək istəyir?”

“Lider” TV-də yayımlanan “Status” verilişinin canlı efirində Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa ilə tarixçi alim Dilavər Əzimli arasında yaşanan qarşıdurma gündəmdən düşmür. Azərbaycanın tarixi qəhrəmanı Babəkin hər iki tanınmış simanı üz-üzə gətirməsi sosial şəbəkələr və mətbuatda geniş müzakirələr doğurub.



Fazil Mustafa Babəkin türk olmadığını iddia edib və tarixçini “savadsız” adlandırıb. D.Əzimli isə deputata onun tarixdən xəbərsiz olduğunu bildirərək, “savadsız özünsən” deyib.

F.Mustafa “Yeni Müsavat”a açıqlamasında öncəliklə mətbuata irad bildirdi: “Mən belə bir status paylaşdım ki, Azərbaycan mətbuatında savadsızlıq hökm sürür. ”Lider" TV-dən bir ləyaqətsiz paylaşdığı statusla bu videonu bütün saytlara paylayıb. Orada yazıb ki, deputata “savadsız” dedilər, ara qarışdı. Halbuki mən demişəm ki, bu “savadsız”ı bura nə gətirmisiniz. Yazdım ki, heç olmasa, bunu dəyişin, videonu izləyin, jurnalistika nədir onu öyrənin. Hər göndərilən videonu ora köçürməzlər. Ziya Bünyadov, ümumiyyətlə, bu mövzuda sanballı əsər yazıb. O məlumatları ifşa edib. Yazıb ki, bir əxlaqsız qadının oğlunu qəhrəman etdilər. Orada Ziya Bünyadovun adından deyildi ki, biz 7 min il öncə biz bura gəlmişik. Mən də dedim ki, onlar gopdur. Mən Ziya Bünyadova gopçu deməmişəm. Bunu deyən adama gopçu demişəm. Maraqlıdır ki, bizi sevməyən insanlar fürsət bilib, bunu tirajlamağa başlayıblar. Sonda ağlı kəsib videoya baxan olacaqmı? Konkret olaraq, dilimdən Ziya Bünyadovun gopçu olması barədə fikrə harada rast gəlmisiniz? Bu, 5-10 ləyaqətsizin jurnalistikanı necə dolandırdığının bir nümunəsidir. Kanalda verilişdən qabaq bir süjet verildi. Dedim ki, əsaslandırılmayan səviyyəsiz bir süjetdir, yönləndirici süjetin olduğunu deyərək, bunu verməyin özünün mənasız olduğunu dedim. Görünür, onu hazırlayanlar düşünüblər ki, necə bir qisas alaq. Mətbuata ona görə bunu göndəriblər. Birinci mən demişəm ki, adam savadsızdır, anlayışı yoxdur. Mən dediyimiz sözü şəxsimə şamil ediblər. Bunu da bəzi iranyönlü və bir sıra öz saytlarımız yayıb. Ziya Bünyadovla bir çox hallarda mövqeyimiz üst-üstə düşür. Verilişin başında Məhəmməd Əmin Rəsulzadədən sitat gətirmişəm. Demişəm ki, Rəsulzadənin bu yanaşmasından sonra araşdırıb bu qərara gəldim ki, o düz deyir. Mən Rəsulzadəni müdafiə etmişəm. Status paylaşmışam ki, söyləyin Rəsulzadə səhv deyir. Buna ərkiniz çatar? Sizlərin böyük əksəriyyəti yalançı, saxta milliyyətçilərdir. Siz Rəsulzadəni oxumamısınız. Onu şüar olaraq əzbərləmisiniz. Onu oxusanız, onun Xürrəmilərə və Babəkə münasibətini tam aydınlıqla görərsiniz. Verilişdə də o dedi ki, Rəsulzadə bu mövzunu bilmir, onun vaxtında tarixi mənbələr yox idi. O qədər primitiv yanaşma ilə rastlaşdım ki, özüm də gülüb keçirəm. Mətbuatda doğrudan da bu qədər sadəlövhlük var ki, bir şəxs bütün mətbuatı dolayıb, ortalığa qoyub. Orada deyilib ki, 7 min il əvvəl bizlər buralara gəlib. Mən də demişəm ki, bunlar gopdur. Ziya Bünyadovun heç bir əsərində, ümumiyyətlə, belə şeylərin olmadığını demişəm. Bir sıra saytlar videonu izləyəndən sonra başlığı dəyişdilər. Çünki gördülər ki, ilk dəfə mən demişəm ki, bu şəxs savadsızdır, bunu niyə bura gətirmisiniz. Sizin saytda da bu qalıb, təbii ki, qərəzdən deyil, diqqətsizlikdən belə olub. Mən zatən sözümü demişəm, onsuz da mənə problem deyil. Sadəcə, bunu dəyişməyən mətbuat orqanlarına səhəri gün problem çıxır. Bir daha deyirəm, durduq yerdən Ziya Bünyadova axı niyə gopçu deyim? Bu sahədə onun əsəri ən mükəmməl əsərlərdən biridir. O elə faktların üstünü açıb ki, görürsən o dövrdə çox cəsarətli addımlar atıb".

Tarixçi alim isə bunları dedi: “Fazil Mustafa təkcə Ziya Bünyadov haqqında danışmadı, o, Nailə Vəlixanlının istiqamətini də bəyənmədi, onu qərəzli adlandırdı. Halbuki Nailə xanım dəqiqliyi ilə mənbələri oxuyub, dəqiqliyi ilə də bizə çatdırıb. Çox təəssüflər olsun ki, Fazil bəyin Nailə Vəlixanlının buraxdığı son kitabdan xəbəri yoxdur. Onu qərəzli adlandırmaq çox mənfi haldır. Mən danışanda şərqşünaslara, Ziya Bünyadova istinad etdim. Siz verilişə baxın, görəcəksiniz ki, Fazil Mustafa deyir ki, bunların hamısı gopdur. Əgər istinad gətirdiyim şəxslərin məlumatlarına gop deyirsə, o zaman kimə istinad edək? Erməni, rus, Avropa şərqşünaslarına? Bunlar anlamırlar ki, ingilis, fransız tarixşünaslığının 200 illik yaşı var. Bu və ya digər tarixşünaslıqlar bizə qarşıdır. Fazil Mustafa deyir ki, Babək hərəkatından sonra oğuzların kütləvi şəkildə axını var. Bilmir ki, oğuz tarixi buradan 7 min əvvəldən başlayır. Ziya Bünyadov bizə Babəki verib, sovet dövründə o qədər ağır bir şəraitdə Babəki qəhrəman, cəsur sərkərdə kimi bizlərə tanıtdı. Nailə Vəlixanlı da bu gün bu tərzdə bir kitab ortalığa qoydu. Bunlara deyil, bəs kimə istinad edək, Fazil müəllim? İranda Babəkə sahib çıxmaq istəyirlər, özlərinin qəhrəmanı elan ediblər. Digər görkəmli şəxsiyyətlərimizə də sahib çıxırlar. Bu bir xətdir. Bu xətt ondan ibarətdir ki, tarix elmimizi, görkəmli şəxsiyyətlərimizi bu yollarla məhv etsinlər və Fazil Mustafa kimilərinin dili ilə desinlər ki, bunlar sonradan bura gəliblər, bunlar yığıntıdır, bu yığıntıdan dövlət qururlar. Bu insan nə etmək istəyir? Bu çox təhlükəli bir xətdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu