Bəzi otellər müştərilərdən hələ də nikah şəhadətnaməsi tələb edir


Bəzi otellər müştərilərdən hələ də nikah şəhadətnaməsi tələb edir


Bakıda artıq belə hal qeydə alınmasa da, bölgələrdə bir neçə otel hələ də yerləşdirmə üçün birlikdə müraciət edən, Azərbaycan vətəndaşları olan kişi və qadından nikah şəhadətnaməsi tələb edir.



Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, əcnəbi müştərilərdən isə həmin otellər nikah haqqında şəhadətnamə tələb etmirlər: "Otellərin nikah kağızı tələb etməsi qanuna ziddir. Çünki şəxsiyyəti təsdiq edən sənəd təqdim edildiyi halda, otel müştərini qəbul etməlidir. Əgər otel şəxsiyyət vəsiqəsini qəbul etmirsə, ilk növbədə Azərbaycan vətəndaşına qarşı və ölkə tərəfindən tanınan şəxsiyyət vəsiqəsinə hörmətsizlik edir".

Belə halların İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına zidd olduğunu deyən N.Bağırov qeyd edib ki, otelə getdiyi zaman nikah şəhadətnaməsi tələb olunan şəxslər hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməlidirlər: "Əvvəllər şikayət ərizəsi ilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək olardı. Hazırda turizm fəaliyyəti üçün lisenziyanın verilməsi ləğv edildiyindən bu sahəyə nəzarət etmək mümkün olmur. Ona görə də belə hallarla rastlaşan şəxslər yalnız məhkəmələrə müraciət edə bilərlər. Hər bir vətəndaşın hüququ var ki, məhkəməyə müraciət etməklə öz haqqını qorusun".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu