20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir


20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir


Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa” keçirilib.



ATMU-nun rektoru İlham Mədətov 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan “dəyirmi masa”da çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib. 20 Yanvar faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi adlandıran rektor ümummilli lider Heydər Əliyevin keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb. İ.Mədətov 20 Yanvar faciəsini sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenari əsasında həyata keçirildiyini diqqətə çatdırıb.Son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasətinin növbəti mərhələsi olduğnu, 20 Yanvar faciəsinin erməni və ermənipərəst sovet rəhbərliyi tərəfindən törədildiyini qeyd edib. Dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sinələrini sipər etmiş qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirələrinin daima əziz tutulacağını vurğulayıb.

Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev bildirib ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. Məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzi sayılır. Aparat rəhbəri xatırladıb ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etirazını bildirməklə ekstremal durumda ani olaraq düzgün qərar qəbul etmək bacarığını nümayiş etdirib. Bu faciə zamanı xalqımızın vahid bir Azərbaycan milləti kimi düşmənə qarşı çiyin-çiyinə birləşdiyini bütün dünyaya bildirib.

ATMU-nun İnkişaf məsələləri üzrə prorektoru İranə Əliyeva, İctimai fənlər kafedrasının dos., Məhərrəm Zülfüqarlı qeyd ediblər ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verildi. Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onun göstərişi və bilavasitə iştirakı ilə Şəhidlər Xiyabanında onların adlarını əbədiləşdirən möhtəşəm abidə kompleksi ucaldılıb.

Tədbidə universitet tələbələrinin 28 il əvvəl azadlığa təşnə olan Azərbaycanda rus imperiyasının törətdiyi qanlı faciəni xronoloji ardıcıllıqla diqqətə çatdırdılar.

Qeyd etmək lazımdır ki ATMU-da 20 Yanvar ərəfəsində və tədbir zamanı sənədli və bədii əsərlərdən ibarət sərgi təşkil olunub. ATMU Media-da Yanvar hadisəsinin baş verdiyi və sonrakı günləri əks etdirən videoçarx yayınlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu