Hər yönü ilə BOZQURD ƏFSANƏSİ


Hər yönü ilə


Bozqurd Türk millətinin totemidir. Totem, ictimai məna daşıyan bir simvoldur. Bozqurdun totemliyi də ayrı Türk zümrələrində başqa başqa başa düşülmüşdür. Göytürklərdə dişi qurd bir cədd (böyük ana), Uyğur üçün isə erkək qurd bir cəddir. Oğuzlarda isə erkək bozqurd böyük səfərlərdə öndərlik edən bir milli bələdçidir.



Türklərin qurdu totem olaraq qəbul etmələrinin mənası xarici millətlər tərəfindən izah edilmişdir. Ərəb tarixçisi Məsudiə görə bu Türkləri digər millətlərdən ayıran milli xarakterin ifadəsidir. O qədim Quşanlara aid bir hekayə danışır və deyir ki: “Türklərin ən böyük padşahlığı Çin ilə qonıu olan Quşan dövləti olmuşdur. Ona Doqquz Oğuz deyirlər. Bunlara yırtıcıların və atların padşahı deyərlər (Məlik üs süba vəlhiyət). Çünki dünya dövlətləri arasında onlardan daha qüdrətli, daha şövkətli və şiddətli, ölkə idarəsində onlar qədər intizamlı ikinci bir dövlət yoxdur. Və dünyada ən çox at yetişdirən millət də bu Quşan Türkləridir”. Burada miladdan əvəlki Quşanlarla miladdan sonra 10-cu əsrə (yəni Doqquz Oğuzlara) qədər Qansu və Çin arasında yaşamış olan dövlətə işarə edilmişdir. Bunlara Atun Xan deyirdilər. Misirli Aybek oğlu Abdullahın dilə gətirdiyi rəvayətlərdə Çingizin böyük cəddi olaraq tanıtdığı Qara Alp Arslan da aslanlar və digər yırtıcılar arasında dağlıq yerlərdə yetişmiş bir qəhrəman olaraq tanıdılmışdır. Oğuz dastanında Kül Erkin Xanın oğlu olan Tuman Xan haqqında yırtıcı heyvanların dillərini bildiyi, qoca bir qurdun 3 gənc qurdla öz aralarında danışdıqlarını dinləyərək ölkənin rifah halını təmin edən qərarlar qəbul etməsi göstərilir.

Qurd əsas müharibələrdə yol göstərən bələdçidir. Uyğurca olan Oğuz dastanında Oğuz Xanın hər səfərində mavi qurdun orduya rəhbərlik etməsi, səfər başa çatanda bu qurdun yerə oturması yazılanlar arasındadır. 11-ci əsrdə Səmərqənddə yaşayan Süryani metropolidi (keşiş, yepiskop) Michael Selçuqluların İran yürüyüşü haqqında danışarkən qədim əcdadlarına İran səfərlərində köpəyə oxşayan bir heyvanın (yəni qurdun) yol göstərdiyini, qurdun rəhbərlik etdiyi bu səfərin Məhəmməd Peyöəmbərdən 100 il əvvəl, yəni eramızın 5-ci əsrinin ortalarında vaqe olduğu ifadə edilmişdir. O deyir: “Bu yırtıcı heyvan səfər vaxtı çatdığında Oğuzlara yaxın gələrək Türk dilində “Göç! Göç!” yəni köç edəcəksiniz deyə ulayırmış. Oğuzlar bu heyvana tam yaxınlaşa bilmirdilər. Ancaq göz görə biləcəyi yerə qədər onu təqib edirdilər. Səfər sona çatdığında oturur. Oğuzlarda dayanırdı. Sonra bu heyvan gözdən itir və ikinci səfər vaxtı gələnə qədər görünmürdü”.

Oğuz Dastanı belə səfərlərin sadəcə qurdun işarəsi ilə başladığnı bizlərə göstərir. Uyğurca Oğuznamədə səfərlərin başında qurdun rəsminin də qoyulduğu göstərilir. Yoxsa səfər xaqanın istəyi ilə və xalqın buna əməl etməsi ilə başlayırdı. Səfər qərarlaşdırıldıqdan sonra qurd ortaya çıxar və bələdçilik edər. Yəni bir səfərin zərurəti qurd tərəfindən ilham edilməz.

Göytürklərdə, Qarluq və Xalaçlarda bozqurd bir tərbiyəçidir. Böyük əcdad mağarada doğur. Oraya dişi qurd gəlib südü ilə uşağı böyüdür. Qurdun iki balası vardır. Türkün əcdadı da onların yanında üçüncü olaraq yer tutur. Bu cür adətlər qədim Etrüsklərdən Romalılara keçmiş və belə iki balanı əmizdirən qurdun rəsmi, 1968-ci ildə Türküstanda və Ora Təpə şəhərinin yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı bir divarda tapılmışdır. Bu divar 9-cu əsrdə tikilmiş bəlkə də daha qədim bir binaya aid olmuşdur. 1968-ci ildə Tehranda təşkil olunan İran Sənətkarlar Konqresində Rus professor Belenitski “Bu şəkil Roma əfsanəsinin Türküstandan gəldiyini ifadə etməyə əsas verir” demişdi. Çünkü Bu tip şəkil Sasanilər dövründən qalan bir nümunənin Roma qurdundan fərqli olmasını isbat edir. Deməli, Ora Təpə qurdu qədim Romadan daha qədim olan bir şəkildən alınmış ola bilər. Bu qurda Monqol və Türklər hər iki dildə ortaq bir kəlmə olan “Açina” (Monqol dilində Açino), Hudud-ül Aləm kitabında “Asena” deyilimişdir. Göytürklərə aid rəvayətdə qurdun Türk olan balası və 12 qəbilənin rəisi olan 12 uşaq bu qurddan doğulması və yaxud onun tərəfindən əmizdirilərək bəslənməsi göstərilmişdir. Qurd tərəfindən bəslənmiş olan ilk Türkə Börü Təkin, yəni “Qurd şahzadə” deyilmişdir. Çingizin Türk olan əcdadına aid rəvayətlərdə Türkcə olan sözlər, Börü Təkin xanlığının təbəəsi olan Şivei, sonrakı adları ilə Monqol dilində dəyişikliklətə məruz qalmışdır. Türkcə börü kəlməsi (qurd mənasında) bu əcdada aid Çin rəvayətlərində “Fuli” deyə qeyd edilmişdir. Fəqət, “Açena” kəlməsi də Göytürklərdə də istifadə edilmişdir. Açina Türk sözüdür. Budha kültü ilə bağlı hüyüklərə “acina”deyirdilər. Son vaxtlar Özbəkləri ərəbcə “cin” sözü ilə bağlamaq istəyərək buna “Acinna” deyirlər. Lakin “cin” sözünün “acinna” şəkilndə cəm halı yoxdur. Hər halda açina yəni, Türklərin əcdadı yaxud cəddəsi olan Açena Buddizm mədəniyyəti ilə bağlanmışdır. “Tegin” sözü məsələn Ot Teginin “Ot Çegin” tələffüzündə olduğu kimi, “t” hərfi “ç” olaraq tələffüz edilmişdir. Çingizin əcdadına aid rəvayətlərdə bir çox Türkcə sözlərdə başlanğıc “T”, “Ç” hərfi ilə tələffüz edilmişdir. “Börü Təkin” adı “Börü Çəgin” və sadəcə Börçəgin olaraq tələffüz edilmiş və bunun mənasını bilməyən monqollar “mavi gözlü” olduğuna dair etimologiya uydurublar. Börü Təkin adı Göytürk və Qaraxanlıların şahzadələrinə verilən addır. Mərkəzi indiki kabil şəhəri yaxınlığında olan Berqam (əvvəlki adı Kaisa) olan İndoksit krallarının əcdadının adı da Börü Təkin idi. Əl-Biruni bunu “Borıh Təkin” olaraq yazmış və bunun doğulduğu və Türk hərbi geyimi geyinmiş vəziyyətdə xalqın hüzurunada sürünərək bayıra çıxdığı mağaranın bu qədim Kabil yaxınlığında göstərildiyini və özünə BVR deyildiyini, yəni Əl-Biruninin dövründə belə hər kəsin bildiyi yer olaraq göstərildiyini qeyd etmişdir. Mənim şəxsən 1914-cü ildə Şərqi Buxarada Feyzabad və Dihnev məntəqəsində yaşayan Qarluqların bir mağarada dişi qurd tərəfindən bəslənən şahzadə “Bayburi” adını qoyduqlarını eşitmişdim. Miladdan əvvəl Usun (Vusun) Türklərində də bozqurd dişi anadır (yəni, qola mənsub olan Göytürklərinki kimidir). Çingizin əcdadları olan Börü Təkinlərdə də Göytürk və Usunlarda olduğu kimi bozqurd bir əcdaddır. Göytürklərin qədim bir qolundan ayrılmış olaraq göstərilən əski Tibet hökmdar sülaləsi də özlərini bozqurd anadan gəlmiş olduqlarına inanmışdılar.

Professor Marquart, Uyğurların əcdadı sayılan erkək qurdun müsəlmanlığın təsiri ilə bəzi qaynaqlara aslan olaraq qeyd edildiyini irəli sürmüşdür. Misir Məmlüklərindən Aybek oğlu Abdulla Türk və Monqolların mənşələrinə aid nəql etdiyi rəvayətlərində də dişi qurd yerinə dişi aslandan törəmiş olduğunu düşünüb qurd yerinə aslanı almış, fəqət hekayənin monqolca və Çağatayca əsillərində dişi qurddan bəhs edilir. Zamanımızdakı bəzi Marksistlər kimi Süryani keşiş Mikael və İranlı Gərdizi, Oğuz və Qırğızların mənşələrinə dair nəql etdiyi rəvayətlərdə, bunları zəif və alçaq görərək qurd yerinə “it” kəlməsini qeyd etmişdilər. Gərdizi bu Qırğızların “Saxlab” dediklərinə baxmayaraq qədim Saxlardan gəlmiş olduqlarından, əcdadlarına farsca “sek” yəni köpək demişdir. Fəqət bu yabançılar, Türklərdə ayrı qəbilələrin və yaxud millətin totemlərinin müəyyən heyvanlardan gəldiyi və bunun dəyişdirilmədiyi həqiqətini bilmirlər. Yəni qəti olaraq Türk qövmlərinin (nəsillərinin) müştərək totemi qurddur. Qurd əfsanəsinin təfərrüatına gəldikdə isə bunun erkək qurd şəklində yaşatmış olan Uyğurların, Çin qaynaqlarına istinadən verilən rəvayətlərə görə Hun Yağbusunun (hökmdarının) çox gözəl iki qızı olub və onları istəyənlərə verməyə qıymamışdır. Bunlar ancaq bir Tanrıya zövcə olmağa layiqdir demiş və ölkənin şimal tərəfində yüksək bir qala tikdirib iki qızını da ora həbs etdirmişdir. Tanrıya nəzir etmiş və qızlarına gəlməsini, onlarla evlənməsini xahiş edərək dualar etmişdir. Nəhayət bu qala ətrafında qoca bir qurd gəzməyə başlamışdır. İki qızın kiçik bacısına “Bizə göndəriləcək məbud hər halda bu qurddur” demiş və hər iki qız qurdun yanına gedərək onunla evlənmişlər. Bu evlilikdən Huihu (Uyğur) qəbilələri yaranmışdır. Bu səbədən də Uyğurların musiqiləri qurd ulamasına bənzəmişdir.

Erkək qurd əfsanəsinin gözəl bir şəklinə də Çingizin əcdadına aid hekayələrdə rast gəlinir. Börçəgin sülaləsi arasında hakimiyyət mübarizəsi olduğu zaman bu məsələnin həll edlməsi nə erkək bozqurd qarışır. Duyun (tüyün) Bayan adında Xanın ölümündən sonra oğullarından heç biri padşahlığa layiq görülmür. Ölümündən sonra qadını Alanquanın çadırına işıq dəliyindən bir nur gəlib qurd olaraq çıxacağını demişdir. Həqiqətən də belə gəlir, qadın hamilə qaldıqdan sonra çıxıb gedirmiş.

Dişi qurdun əfsanəsinə gəldikdə isə Göytürk tarixinin başlanğıcına dair yenə Çin qaynaqlarında bəhs edilən rəvayətlərə görə Göytürklərin ataları “Qərb Dənizi” (Qara) sahilində məskən salmışdılar. Qonşu hökmdarlardan biri qəflətən hücum edib bunların hamısını qılıncdan keçirib. Yalnız on yaşında bir uşaq sağ qalmışdır. Onun da əl və ayaqlarını kəsmişlər. Ona doğru bir qurd gəlib bunu Qərb Dənizinin şərq tərəfinə aparmışdır. Həm Koaçanq yəni Uyğur yolunun şimal tərəfindəki dağlardan birinin mağarasında yerləşdirmişdir. Burada təqribən 100 km ölçüdə münbit ovalıq varmış. Etrafı qayalıqlardan ibarət olmuşdur. Qurd bu uşaqla birləşərək on oğlan doğmuşdur. Bunlardan birinin adı Asena, yəni qurd imiş. Bu uşaqlar mağaradan çıxıb ətrafdakı qəbilələrdən qız qaçırıb çoxalmışlar. Nəhayət Ahien Şen adlı biri bunları mağaradan çıxartmışdır. Bunlar Kienşan (yəni altun) dağlarında yerləşmiş və dəmirçiliklə məşğul olmuşlar. Burada Kao Tschanq, indiki Urumçi ətrafıdır.

Dişi qurddan törəyən Börçəgin sülaləsi, yəni Çingizin əcdadına aid rəvayətlər, müxtəlif və çox çeşidlidir. Burada adı qeyd edilən coğrafi adların yerlərin müəyyən edilməsi mümkündür. Bu ölkə Tibet ilə Çin arasındakı Kokenor (yəni Göyçəgöl) məntəqəsidir ki. Bura da Börü Tibet deyilmişdir. Monqolca Altantopçu rəvayətinə görə sülalənin əcdadı olan Börçəgin (yəni Börü Təkin) bir dişi qurd tərəindən bəslənmişdir. Bir çox rəvayətə baxdığımız zaman bunların Tengiz deyilən Qərb dənizinin (yəni Kokenor) un qərbində olduqları görünür. Təngələk adında bir çayın sahilində yaşamışlar. Bu Təngələk, bugünki saydam ilə Kokenor arasındakı adını mühafizə edib saxlamışdır. Düşman olan qonşu millətlər hücum etdiyi zaman Bozqurd, bu şahzadəni dənizin şərq sahilinə keçirmişdir. Orada dağlar arasındakı yerlərdə bir neçə nəsil məskən salıb çoxalıblar. Yəni Göytürk rəvayətindəki 200 li (100 km) ətrafında olan münbit sahə Rəşidəddin və başqalarının rəvayətinə görə ERGENEKONUN özüdür. Bu Ergenekon, Smitin tədqiqatına görə bugün Kunerkin adını daşıyan yer olmalıdır. Bu yer Hun hökmdarlarının nanşan dağlarındkı əsas vətənlərinə yaxın bir yerdir. Çingizin əcdadına aid rəvayətlərdə Altun xan ilə xanımı Kurleviç, Alaməlik Körklü adındakı gözəl qızları günəşdən hamilə qaldığı zaman bunu bir sandığın içinə qoyub Təngələk çayına atıblar. Lakin bunu Kıyat qəbiləsindən Dunbavul Mergen ilə türkmənlərdən Şibaskur (Təpəgöz) tutmuşlar və qız Dunbavulun arvadı olmuşdur.

Abdullanın dediyi rəvayətlərdə, yuxarıda qeyd etdiyimiz kimi, dişi qurd əvəzinə “dişi aslan” ibarəsi yazılıbmış. Bir Tibetli olan anası tərəfindən Qaratdağ dalarına tərk edildikdən sonra bunu dişi aslan bəsləmişdir. Onun onsuz da iki balası var imiş. Böyüdükdən sonra Alp Qara Aslan adını alan bu gənc, üç qadın və bir qızdan ibarət olan Tatarlarla rsatlaşmış və bu qızla evlənərək on iki oğul sahibi olmuşdur. Oğullarından Çingiz temirçi (yəni dəmirçi) idi. Bu Çingiz sonrakı Çingiz Xanın əcdadıdır. Bu ad da “Tengiz” demekdir. Bunların yaşadığı gölün ətrafında “İzırmaq” adında bir şəhərdə öz istehsalı olan dəmir silahlar satmaqla dolanan Çingiz Xan, bu gölün ortasındakı adada bəslənən və “Otatı” adında at sürülərini də sahibi olmuşdur. Hekayədə bu atlar ərəbcə “dəniz atları” olaraq qeyd edilmişdir.

Kokenorun ortasındakı göldən çıxan ayğırla birləşmələrindən doğulan bu atlar və dəmirçilik Çin qaynaqlarında də yazılmışdır. Dişi qurddan törəyən Börçəgin sülaləsinə aid hekayələr bir tərəfdən Tyanşan dağlarında, digər tərəfdən Kokenor məntəqəsində, üçüncü bir tərəfdən də Kabil məntəqəsində miladdan əvvəlki əsrlərdə başlayıb gəlmişdir.

Bu qurd əcdadı haqqındakı qeydlər Professor J. Maquart tərəfindən Uber Das Volkestum de Komanen s.3036, 7071 və 142; Ser Cerard Klausonun 1964-cü ildə Helsinkidə çap olunan “Turks and Volves” adındakı əsərində də Monqol rəvayətləri, H.H.Howorthun “Journal Royal Asətaic Sosiety” adlı 1908-ci il tarixli çap sayısında; Göytürklərə aid rəvayətlər, Bahaəddin Ögelin “Belleten” cild,21 (1957) “Şərq Göytürkləri haqqında vəsiqələr və qeydlər” əsərində toplanmışdır. Qıpçaq rəvayətləri və Aybek ilə Abdullanın verdiyi məlumatlar hələ nəşr edilməmiş və təhlil edilməmişdir. Bozqurd Məcmuəsi, xüsusi buraxılış, 1969-cu il.

Bu məqalə məşhur türk alimi Zəki Vəlidi Toqan tərəfindən 1969-cu ildə yazılmışdır.

Qaynaq: http://turkcenindirilisi.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu