Rza Rzayev Vətənini, dövlətini sevən, ədəb-ərkanlı insandır


Rza Rzayev Vətənini, dövlətini sevən, ədəb-ərkanlı insandır


Aktyor Rza Rzayev və 220 saylı orta məktəbin direktoru arasında yaşanan qalmaqala gənclərin münasibəti birmənalı deyil. Bəziləri məktəb direktorunu haqlı saysa da, çoxluq R.Rzayevin mövqeyini dəstəkləyir. Bir çox iş adamları da Rza Rzayevin müdfiəsinə qalxdı. Onlardan biri AFN-in daimi oxucularından olan iş adamı Rövşən Tağıyev də məsələyə münasibətini açıqlayıb. Onun redaksiyamıza göndərdiyi mövqe yazısını təqdim edirik:

2012-ci ildə yerli TV-lərdə “Dolu” filminə baxdıqdan sonra “Drakon” obrazı məndə dərin təəssürat yaratdı. Müharibə dövründə bir gəncin göstərdiyi şücaət və əsl azərbaycanlı kimliyi daşıyan obraz məni filmə daha maraqla baxmağa vadar etdi. Baxdıqca düşündüm ki, bu obrazı canlandıran insan xarakteri olaraq yəqin ki, oxşar olacaq. Film bitdikdən sonra sosial şəbəkələrdə “Drakon” obrazını yaradan aktyor Rza Rzayevi tapdım və onunla tanış olmaq istədiyimi dedim. O, razılıq verdi, qısa müddətdən sonra biz görüşərək dostluğumuzun təməlini qoyduq. Onun “Drakon”dan da mərd, dürüst insan olması bizim dostluğumuzun daha da möhkəmlənməsinə səbəb oldu. Rza Rzayev əsl azərbaycanlı kimliyi daşıyır, öz ədəb-ərkanını istər böyüklər, istərsə də kiçiklər qarşısında hər zaman qoruyan, Vətənini, dövlətini sevən, mənəviyyatı üstün tutan insanlardandır.
Özünə filoloq adı qoyan həmin direktor isə mənim təsəvvürümdə “Dolu”dakı baza müdiri obrazını xatırladır. Filmdə “Drakon” baza müdirinə göstərdiyi münasibəti bu gün real həyatda məktəb direktoruna qarşı sərgiləyib. Bu adam onu tanıyan və tanımayan insanlara örnək olmalıdır. Əslində hər kəs bu cür davranmalıdır. Ölkəmizdə hər bir namuslu Azərbaycan qadınını müdafiə etmək qeyrətli kişilərin əsas borcudur. Bizim üçün fərq etməz o adam bizim doğmamızdır, yaxınımızdır, ya yox. Biz Azərbaycan kimliyi daşıyırıqsa ətrafımızda baş verən hər hansı bir məsələdə qadınların mühafizəkarlığını müdafiə etməliyik.

Bu gün Azərbaycanda çoxlu sayda şəhid ailəsi, başsız qalan qız-gəlinlər var, onlara sahib çıxmaq hər birimizin borcudur. Hər hansı bir Azərbaycan qadınına qarşı edilən əxlaqsız davranış və hərəkət bağışlanmamalıdır. Edənlər bilməlidirlər ki, sahibsiz hesab etdikləri qadınların arxasında mərd kişilər dayanıb. Bu cür əməli törədən insanlara cavab vermək cəmiyyətdə daha da kəskin forma almalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu