“Koroğlu” metrostansiyası qarşısında xaos: kimdir günahkar?-FOTOLAR


“Koroğlu” metrostansiyası qarşısında xaos:


Hər gün pik saatlarda metronun “Koroğlu” stansiyasının qarşısında xaos yaşanır. Bakı kəndlərinin adlarını qışqıran kim, əlini avtomobilinin siqnalına basıb, səs-küyə “dəstək verən” kim...



Üstəlik kəndlərə işləyən saysız-hesabsız avtobusların da yolun ortasında saxlayıb sərnişin yığması mövcud vəziyyəti bir qədər də gərginləşdirir. Bütün bunların fonunda ərazi sanki yarmarkanı, bazarı xatırladır. Günün pik saatlarında metrodan çıxan əksəriyyət, eskalatoru qoyub, yandakı pilləkəndən qaçaraq yuxarı çıxır. Çünki bilir ki, avtobus sayı nə qədər çox olsa da evinə gedənə qədər xeyli ləngiyəcək, boş yer tapmaq üçün bir neçə avtobus ötürəcək...

Musavat.com-un əməkdaşı olaraq ərazidə olduğumuz zaman müşahidə etdiklərimizlə bərabər, oradakı sərnişinlərin, sürücülərin də fikirlərini aldıq. Əraziyə çatan kimi bir neçə taksi sürücüsü yaxınlaşıb, hansı kəndə gedəcəyimizi soruşdu. Soruşmaqla bərabər gedişhaqqını da əvvəlcədən deyib, ucuz apardığına işarə verdi. Getməyəcəyimizi söylədiyimizdə əlavə söz deməyə imkan verməyib, dərhal uzaqlaşıb, digər şəxslərə yaxınlaşdılar. Səsdən qulaq tutulan məkanda taksi sürücüləri ilə az da olsa söhbət etməyə macal tapa bildik. Çünki adətən nəqliyyatın idarəetməsi üzrə qurumların məsul şəxsləri ərazidə xaosun yaranmasında taksi sürücülərini günahkar bilirlər.

Ancaq sürücülər özlərini heç də günahkar saymır. Bildirdilər ki, normal şərait yaradılsa, onlar da çörəklərini bu cür əziyyətlə qazanmazlar: “Ərazidə xaos yaradan qayda-qanunun olmamasıdır. Yolun qarşı tərəfində kənddən gələn avtobuslar üçün səliqə yaradıb, xab düzəltdilər. Qarşı tərəfdə, göründüyü kimi, taksilər də normal işləyirlər, problem də olmur. Ancaq kəndlərə gedən istiqamətlə bağlı hər hansı bir əncam çəkilmir. Ona görə də bu cür hal yaranıb. Biz yolun kənarında durub müştərimizi yığırıq. Avtomobili də körpünün altında saxlayırıq ki, hərəkətə mane olmasın. Bu xaosu yaradan daha çox sərnişin yığmağa çalışan avtobus sürücülərinin özləridir”.

Taksi sürücüləri bu cür danışsalar da müşahidə etdik ki, ərazidə kim harada istədi, orada da saxlayıb sərnişin çağırır. Taksilərlə bərabər günün pik saatlarında sprinterlər, mikroavtobuslar da meydana çıxır ki, onların da əksəriyyəti Binəyə işləyirlər.

Sərnişin Fuad Nağıyev söylədi ki, burada vəziyyət getdikcə gərginləşməkdə davam edir: “Əvvəla buradakı vəziyyəti düzəltmədən öncə kəndlərə gedən avtobusların sayını artırmaq, texniki vəziyyətinə baxış keçirmək lazımdır. Kəndlərə işləyən avtobusların əksəriyyəti sınıq-salxaqdır. İçərisində də nə oturacaqlar normaldır, nə də tutacaqlar. Təbii ki, sayları az olduğu üçün hər gün bu avtobuslara nə qədər adam minir. Minir deyəndə çoxu qapıdan sallanır. Qapını sürücü güclə bağlayana qədər sərnişin götürüb, sonra hərəkət edir. Ona görə də burada belə vəziyyət yaranıb. Son illərdə rayonlardan, bölgələrdən Bakıya xeyli adam gəlib. Onların da çoxu Bakı kəndlərindən torpaq alıb, orada ev tikiblər. Çünki şəhərdə mənzillərin qiyməti bahadır. Kim harada gəldi pulunu verib, ev tikib. Nəticədə yaşayış yerində adam çoxdur, ancaq nəqliyyatın sayı elə iki il öncə nə qədər idisə, indi də elədir. Camaat avtobusdan düşəndən sonra bir neçə kilometr piyada yol gedir ki, evinə çatsın. Ona görə də bu işlərə kompleks şəkildə yanaşmaq lazımdır. Necə olur ki, bir beynəlxalq yarışma olan kimi burada səhman yarada bilirlər, adi günlərdə bunu etmək olmur? Bu biabırçılığa, xaosa bir çarə tapılmalıdır”.

Məsələ ilə bağlı danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, ərazidə vəziyyətin tənzimlənməsi ilə bağlı iki layihə var: “Bu layihələrdən biri budur ki, Olimpiya stadionundan bir qədər Hava limanına tərəf məsafədə yeraltı qovuşaq düzəldilir. Yolun altı ilə tunel çəkilir. Bu, yaxın aylarda istifadəyə verilməlidir. Əgər belə olarsa, oradakı vəziyyət bir qədər yaxşılaşacaq. Həmin tunel Ziya Bünyadov prospektindən gəlib Bakı kəndləri istiqamətinə gedənlərin yükünü götürəcək. Eyni zamanda Bakı Nəqliyyat Agentliyinin metro tərəfdə ikinci bir xab yaratmaq fikri var. Bunu da tezliklə istifadəyə verə bilsələr ərazidəki xaosun qarşısı əhəmiyyətli dərəcədə alınacaq. Bugünkü gün üçün belə vəziyyət təkcə orada deyil. Eyni zamanda 20 Yavar dairəsində, “Əhmədli” stansiyası yaxınlığında da oxşar vəziyyət hökm sürür. Nəzarət bir qədər gücləndirilməlidir. Eyni zamanda insanlarda da şüur, yanaşma normal olmalıdır. Sərnişin götürən zaman digər nəqliyyat vasitələrini, ərazidəki vəziyyəti də nəzərə almaq lazımdır. Orada xaos yaradan həm avtobuslardır, həm də taksi sürücüləridir. Onlara da nəzarət yaxşı olmalıdır. Avtobus sürücüsü, taksi fəaliyyəti ilə məşğul olan adam bilsə ki, onu mütləq cərimələyəcəklər, o zaman başqa üsul tapar. Sərnişin də bilsə ki, həmin ərazidə heç kim taksi, avtobus saxlamır, o zaman ora getməyəcək. Nəticədə xaos aradan qalxacaq. Sərnişin bilir ki, həmin yerdə saxlayırlar, ona görə də oraya gedir”. (musavat.com)

“Koroğlu” metrostansiyası qarşısında xaos:

“Koroğlu” metrostansiyası qarşısında xaos:

“Koroğlu” metrostansiyası qarşısında xaos:

“Koroğlu” metrostansiyası qarşısında xaos:

“Koroğlu” metrostansiyası qarşısında xaos:

“Koroğlu” metrostansiyası qarşısında xaos:

“Koroğlu” metrostansiyası qarşısında xaos:

“Koroğlu” metrostansiyası qarşısında xaos:

“Koroğlu” metrostansiyası qarşısında xaos:

“Koroğlu” metrostansiyası qarşısında xaos:

“Koroğlu” metrostansiyası qarşısında xaos:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu