"Arif Alışanov ona 2-3 milyon manat pul vermişdi"- məhkəmədən


"Arif Alışanov ona 2-3 milyon manat pul vermişdi"-


Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

İclasda təqsirləndirilən Aqşin Hüseynov məhkəmə heyətinin nəzərinə ona qarşı təzyiqlər olunduğunu, hədələndiyini, qohumlarının üstünə adamlar göndərildiyini, ifadəsini dəyişdirməyə məcbur etməyə cəhd göstərdiklərini çatdırıb. Məhkəmədən Qoçəlinin, Zöhrabın və Şücayətin telefon danışıqlarının nəzarətə götürülməsini istəyib: "Mən nə görmüşəm. istintaq zamanı da elə ifadə vermişəm".

Daha sonra A.Alışanovun yaxın qohumu Dəyanət Cəfərov ifadə verib. O, ifadəsində üç-dörd il əvvəl təsərrüfat qurmaq üçün Şamaxıda torpaq sahələri aldıqlarını deyib: "Şamaxıdan torpaq almaq üçün Şücayətə müraciət etdik. Bizə torpaq sahələrini göstərirdi, qiymətləri də onunla danışırdıq".

D.Cəfərov hadisə barədə belə deyib: "Dayım düşüb Şücayətin maşınına minmişdi. Bizim maşını Hacı sürürdü. Aşağıda 500 metrlik dərə var idi. Sürətimiz saatda 30 -40 olardı. Birinci zərbədə maşını saxladı. Zöhrabgillə göz-gözə gəldim. Şücayət fırlanıb qayıdanda rəngi ağappaq idi. Dedim “maşın sənindi”, “yox” dedi ".

D.Cəfərov Qoçəli Əsgərovu ilk dəfə məhkəmə zalında gördüyünü, Zöhrabı qəza zamanı, Aqşini traktor sürücüsü kimi tanıdığını deyib: "Şücayət isə "qəhrəmandı"də".

Əlavə olaraq bildirib ki, alınan texnikalar Şücayətin arvadının adına olub: "Mən heç bilmirdim ki, Şücayət arvadından ayrılıb. Rəsmi nikahda olmayıblar. Bu işləri planlı şəkildə düzüb-qoşublar. Texnikaların çoxu da Şücayətin arvadının adına alınıb. Traktorları Gəncədən alıb gətirmişdi. Etibarnamə vermişdim Şücayətə, özü gedib gətirirdi. Sənədləşmə işlərində çox zaman bəhanələr gətirirdi. Axırıncı dəfə Şücayətə 37 min manat, 19 min dollar vermişəm.

Çuxuryurdda 300 minə ferma almışdıq, üzbəüzdə 600 minə torpaq sahəsi. Soyuqbulaqda 170 min verilib, hamısını Şücayət qeyd edirdi dəftərinə. Deyirdi ki, kənddə yaşayan məhsəti türkləri köçürlər, pulun dollarla verilməsini istəyirlər".

D.Cəfərov bildirib ki, A.Alışanov Ş.Əkbərova pul verərkən çox zaman onun yanında olub: "Etibarnamə vermişik, Şücayət işləri etbarnamə əsasında görüb. Arif müəllim Şücayətə 2-3 milyona yaxın pul verib".

Ş.Əkbərov D.Cəfərovun ifadəsinə müdaxilə edərək, danışdıqlarını “nağıl” adlandırıb.

Vəkil Bəxtiyar Hacıyev zərərçəkmişə sual verərək, soruşub ki, "həmin pulların necə qazanılması ilə bağlı və vergi ödəyicisi kimi sənədləri istintaq orqanlarına təqdim etmisiz?"

D.Cəfərov isə deyib ki, heç bir lüzum olmadığı üçün sənədləri istintaq orqanına təqdim etməyib.

B.Hacıyev söyləyib ki, heç bir texnika D.Cəfərovun adına deyil.

D.Cəfərov isə adına texnika olduğunu deyib.

Digər zərərçəkmiş Hacı Babayev də məhkəmədə dindirilib. O, ifadəsində AzTV sədrinin sürücüsü işlədiyini, hadisə zamanı orada olduğunu göstərib: "Biz Şücayətlə cox yaxın olmuşuq. Həmin gün bilirdi gəlirik, amma nə qədər zəng vursam da telefonu açmırdı. Sonra dedi ki, polis saxlamışdı. Bu cür edəcəyi adamın ağlına da gəlməzdi. Hadisə zamanı biz qabaqda gedirdik, səs gəldi, saniyə keçmədi, maşını ortadan vurdu, iki qapısı sıradan çıxdı, özü də gedib aşdı".

Dövlət ittihamçısının "maşında qadın meyiti olması barədə Şücayət Əkbərovun ifadəsində göstərdikləri haqda nə deyə bilərsiniz? Belə bir şey olubmi" sualına cavabında zərərçəkmiş elə bir şey olmadığını məhkəmənin diqqətinə çatdırıb.

Şacayət yerindən "Arifin kürəkəni Fəridin gəzdiyi qızı Ariflə ikiniz bir yerdə öldürdünüz, nə tez yadından çıxdı" deyib. Zərərçəkmişlə təqsirləndirilən şəxs arasında qısa mübahisə yaranıb...

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq, bu da baş tutmadıqda Alışanovu gülləmək planları barədə istintaq materiallarında ətraflı bəhs edilir. İş materiallarında iddia olunur ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçəli Cəbiyevə bu haqda danışıb, Qoçəlinin vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, iş materiallarında yazılanların şər-böhtan olduğunu deyirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu