Bu gün Azərbaycanda 2 bayram qeyd olunur


Bu gün Azərbaycanda 2 bayram qeyd olunur


Azərbaycanda bu gün Milli Qurtuluş günü, bu gün və sabah isə Ramazan bayramı qeyd olunur.



Milli Qurtuluş Günü

1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.

Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib.

Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib.

Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil olub.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.


Ramazan Bayramı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Fətvasında bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edib və Ay göründüyü andan Ramazani-şərif başlayıb.

Hər il olduğu kimi, bu il də QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

Eydül-Fitr - Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edir. Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə Ramazan bayramı iyunun 15 və 16-da qeyd olunur.

Ramazan bayramı dövlət səviyyəsində və qeyri-iş günü kimi qeyd edilir.

İyunun 15-də saat 08.00-da "Əjdərbəy", saat 09.00-da isə "Təzəpir" məscidində bayram namazı qılınacaq.

Orucun mühüm əməllərindən olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu