ASCO-da Gənclər Günü münasibətilə tədbir keçirilib


ASCO-da Gənclər Günü münasibətilə tədbir keçirilib


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) şirkətin müxtəlif strukturlarında çalışan gənclərin, Azərbaycan Dövlət Dəniz Akademiyasının və Dənizçilik Kollecinin fəal tələbələrinin iştirakı ilə 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

İki hissədən ibarət tədbirin ilk hissəsində ASCO-nun əməkdaşları müxtəlif mövzularda çıxış ediblər.

Uzaq səfərlər kapitanı, ADDA-nın müəllimi Muxtar Axundov çıxışını ASCO-da gənc və perspektivli dənizçilərin yetişdirilməsi mövzusuna həsr edib.

Muxtar Axundov çıxışında ADDA-nın tarixi, onun keçdiyi inkişaf yolu, burada təhsilin üstünlükləri, tələbə-gənclər üçün yaradılan geniş imkanlar barədə də ətraflı məlumat verib.

Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəisi Ələkbər Əzizli “SƏTƏMM mədəniyyətinin gənclər arasında inkişafının vacibliyi” haqqında danışıb. ASCO-da təhlükəsiz və sağlam iş şəraitinin yaradılması və əməyin mühafizəsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyən departament rəisi bildirib ki, bunun nəticəsində Cəmiyyətdə SƏTƏMM mədəniyyəti göstəriciləri ildən-ilə yüksəlir.

Xəzər Dəniz Neft Donanmasının “Mərdəkan” gəmisinin böyük mexaniki Humay Məmmədov “Yaxşı dənizçi olmaq üçün nələr lazımdır?” sualı ətrafında maraqlı çıxış edib. O, dənizçi işinin çox məsuliyyətli olmasına diqqət çəkib. Qeyd edib ki, dənizçi öz işinə xüsusi sevgi və həssaslıqla yanaşmalıdır. Bundan başqa, iradəli və səbrli olmaq da bu peşə sahiblərindən tələb olunan vacib xüsusiyyətlərdəndir.

“ASCO-nun strategiyası” haqqında isə Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev danışıb. Departament rəisi bildirib ki, ASCO yarandığı vaxtdan fəaliyyətini beynəlxalq standartlara uyğun təşkil edib. Şirkətdə mütəmadi həyata keçirilən islahatlardan geniş söz açan Tariyel Mirzəyev Cəmiyyətdə gənclərə yönəlik xüsusi layihələrin icra olunduğunu vurğulayıb.

Tədbirdə “Təqaüd Proqramı” üzrə İsveçin Malmö şəhərində yerləşən “World Maritime University”-də magistr təhsili almış ASCO-nun İstismar kommersiya departamentinin əməkdaşı Akşin Muxtarov və “Columbia Shipmanagement Ltd”-nin gəmilərində təcrübə keçmək üçün seçilmiş Dəniz Nəqliyyatı Donanmasının növbə köməkçisi Samir Cabarov da çıxış ediblər. Onlar ASCO-da istedadlı və perspektivli gənclərin xarici ölkələrdə təhsil alması və dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində atılan addımları gənc olaraq yüksək dəyərləndiriblər.

Səmimi şəraitdə keçən tədbirin ikinci hissəsində gənclər “Açıq mikrafon” vasitəsilə onları düşündürən suallarla müraciət ediblər. Suallar əsasən ASCO-nun kadr siyasəti, tədris və istehsalat təcrübələrinin təşkili, sosial problemlərin həlli, donanmanın yeniləşdirilməsi, tələbələrin işlə təminatı və s. məsələlər ətrafında olub. Bütün sualları ASCO rəhbərliyi ətraflı cavablandırıb.

Bundan başqa, tədbirin keçirildiyi məkanda xüsusi təkliflər qutuları da yerləşdirilib. Gənclər təklif, rəy və fikirlərini yazıb qutulara atıblar. Təklif, rəy və fikirlərin dəyərləndiriləcəyi bildirilib.

Tədbirin yekununda ASCO sədrinin birinci müavini Mübariz Cabbarov çıxış edib. Gənclər gününün mahiyyətindən danışan Sədr müavini Ümummilli lider Heydər Əliyevin gənclərə daim qayğı ilə yanaşdığını və Gənclər Gününün təsis edilməsinin həmin qayğının təzahürü olduğunu bildirib.

Mübariz Cabbarov deyib ki, hazırda Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində ölkədə gənclərin fəallığı artır, onların Azərbaycanın dövlət idarəetmə strukturlarına cəlb edilməsi işi gündən-günə genişlənir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətində də gənc kadrların mühüm rol oynadığına diqqət çəkən Sədr müavini yaxşı təhsil alan, peşəkar gənclərin bundan sonra da Gəmiçilikdə layiq olduqları vəzifələrdə çalışa biləcəklərini deyib.

Mübariz Cabbarov Heydər Əliyev Fondunun gənclərin hərtərəfli inkişafı üçün gerçəkləşdirdiyi layihələrdən də söz açıb. Qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin dünyadakı maraqlarını layiqincə təmsil edir.

Tədbirin sonunda ASCO-nun kadr ehtiyatlarının planlaşdırılması, əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların xidməti fəaliyyətin qiymətləndirilməsi, sosial təminatının yaxşılaşdırılması, mükafatlandırma və həvəsləndirmə, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi kimi vacib məsələlərdən bəhs olunan “İnsan sərvətimizdir” sənədli filmindən fraqmentlər nümayiş olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu