Şərurlu İsfəndiyardan aprel şəhidinin ailəsindən evin geri alınması ilə bağlı AÇIQLAMA


Şərurlu İsfəndiyardan aprel şəhidinin ailəsindən evin geri alınması ilə bağlı


“Şərurlu İsfəndiyar” ləqəbli tikinti maqnatı İsfəndiyar Axundov aprel şəhidinin ailəsindən evin geri alınması ilə bağlı xəbərləri təkzib edib.



AFN xəbər verir ki, o musavat.com-a açıqlamasında indiyə qədər qanunlarından kənara çıxan heç bir addım atmadığını deyb: “Bu məsələnin əslində mənə heç bir aidiyyəti yoxdur. Həmin adamları da aldadan “Kamran MMC”nin işçiləri olublar. Hazırda qeyd edilən MMC-nin sahibi həbsdədir. Məsələni daha dəqiq formada izah etsək, proses aşağıdakı kimi olub.

Belə ki, 11 il bundan öncə şikayətçilər ev alıblar. Elə həmin zaman da məhkəmə qərar çıxarıb ki, verilən sənədlərin hamısı saxtadır. Sənədi verən insanlar həbs edilib, hazırda da türmədə yatırlar. 11 ildən sonra zərərçəkən ailə müraciət edir ki, mənim saxta sənədimi hakimlər düzgün sənəd kimi bərpa etsinlər. Hələ 11 il bundan öncə rayon məhkəməsi, Apelyasiya Məhkəməsi və Ali Məhkəmə qərar qəbul ediblər ki, sənədlər saxtadır. Qanunu geriyə qaytarmaq olarmı? Deyim ki, həmin zaman aprel döyüşləri olmamışdı. İndi aprel döyüşlərində şəhid olan qardaşımızın qayınatası deyir ki, kürəkənim aprel ayında şəhid olub. Şəhidlər bizim inanc yerimizdir, ümidimizdir. İnsanların hər zaman and içdiyi qibləmizdir şəhidlər. Ancaq eyni zamanda bu dövlətin qanunu var. Qanunla mənim sənədlərimin hamısı qaydasındadır. Sadəcə olaraq burada yanaşma fərqlidir. Haradasa məsələdə sui-istifadə, başqa məqsədlər var”.

İ.Axundov bildirib ki, sözügedən bina ona məxsus deyil: “İnternetdə axtarış versəniz görərsiniz ki, “Kamran MMC” 98 mənzili 270 nəfərə satıb. Binanın inşası isə yarımçıq qalmışdı. Dövlət mənə tapşırdı ki, binanın inşasını davam edim. Mən də binanı tikib, siyahı ilə camaatı yerləşdirdim. Burada mənim nə günahım var? “Kamran MMC” ilə nə şərikliyim olub, nə də onlara hər hansı aidiyyətim var. Əksinə, MMC-nin işçiləri camaatı aldatmışdı, mən isə onlara yardım etdim. Deyim ki, MMC-nin rəhbərlərinin hamısı orqan işçiləri idi. Ən maraqlısı da odur ki, camaata verdiyi müqavilələrin yuxarı hissəsinə “Bismillahir Rəhmanir-Rəhim” sözləri yazılıb. Qanuni sənədə bunu yazmaq olarmı? Bu sənədlə çıxarış almaq mümkündürmü?

Elə ilk baxışdan görünür ki, MMC-nin camaata verdiyi sənədlər saxtadır. İndi MMC-nin sahiblərinə 14-17 il iş veriblər. Görünür bu adamlar da düşünürlər ki, mənə təzyiq edib, qorxutmaqla nə isə əldə edəcəklər. Xeyr, bu, olası bir şey deyil. Qanun nədirsə, mən onunla hərəkət edirəm. Deyirlər ki, aprel ayında kürəkənim rəhmətə gedib, sən də qanunu dəyiş. Ev əslində şəhidimizin qayınatasının adınadır. 11 il öncə verilən qanunu necə dəyişmək olar? Məlumat yayıblar ki, İsfəndiyar Axundov məhkəmədə qalib gəlib. Bu da yalandır. Mənim bu məsələyə heç bir aidiyyətim yoxdur. Sadəcə olaraq mən binanı tikmişəm. Binanı satanlar bu gün həbsxanada yatırlar. Ona görə xahiş edirəm, mənim adımı mətbuat səhifələrində yalan yerə hallandırmasınlar. Reallıq nədirsə, onu yazmaq lazımdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu