"Kaş Elçibəy AMEA-nı bağlayaydı..."- Cavid Cabbaroğlu yazır


"Kaş Elçibəy AMEA-nı bağlayaydı..."-


Vaxt vardı ölkədə bir akademiya vardı - Elmlər Akademiyası. Hamı "Universitet" deyəndə Azərbaycan (indiki Bakı) Dövlət Universitetini başa düşdüyü kimi, "Akademiya" deyəndə də ilk ağla gələn indi qarşısına "Azərbaycan Milli" sözləri artırılmış EA olardı.



AMEA-nın yaraşıqlı binası, göz oxşayan bağı ilə uşaqlıqdan tanışam. Atam əlimdən tutub hərdən məni də özüylə işə aparardı. Sonra tale elə gətirdi ki, Akademiyanın aspiranturasında təhsil aldım. O vaxtadək bir Azərbaycan aliminin necə yaşadığını yalnız övladı olaraq bilirdim. Aspirantura illərində isə ən azı onlarla alimin sosial problemlərinə bələd olmaq imkanı qazandım. Gəldiyim qənaət isə bu oldu - Azərbaycan alimi yaşamır, sözün əsl mənasında sürünür. Onlarınkı yaşamaq deyil, acından ölməmək uğrunda mübarizədi.

Azərbaycan alimi məhz acından ölməmək, ailə-uşaq yanında başıaşağı olmamaq üçün repetitorluq etməyə, ya da bir neçə yerdə işləməyə məcburdu. Bu isə o deməkdi ki, hər gün Akademiyadan başqa bir neçə ali məktəbə getmək, birində dərsini başa vurduqdan sonra başqa universitetə qaçmaq lazımdı. Bu halda elmin, təhsilin hansı keyfiyyətindən söhbət gedə bilər ki? AMEA-da verilən maaşla nəinki elmlər namizədi, hətta professor olmaq belə acından ölməməyə zəmanət vermir.

Alimlər var ki, ömrünü Akademiyanın aspirantlar yataqxanasında başa vurdu.

Alimlər var ki, qızını bu yataqxanadan gəlin köçürmək zorunda qaldı.

Alimlər var ki, Akademiyanın bufetində nahar etməyə cibində pul tapılan gün onun üçün toy-bayramdı.

Alimlər var ki, imkansızlıqdan ailə qura bilmədi.

Alimlər var ki, ailəsini dolandıra bilmədiyi üçün həyat yoldaşının israrlı tələbləri ilə boşanmalı oldu.

Ömrünü AMEA-nın yataqxanalarında çürüdən, qızlarını belə yataqxanadan gəlin köçürmək məcburiyyətində qalan alimlərin binası ətrafında illərdir oyunlar gedir. O alimlər prezidentə müraciət etdilər, Fazil Mustafa bir millət vəkili olaraq üzərinə düşən məsuliyyətdən dolayı məsələni ictimailəşdirdi, xeyri olmadı. İndi də gənc alimlərə ev verməkdən danışırlar, AMEA-da magistratura pilləsi yaradıb alimlər nəslini gəncləşdirməkdən dəm vururlar.

Allahı sevərsiniz, nə alimləri gəncləşdirin, nə də onlara ev vermək barədə düşünün! Elə yataqxanalarda çürüyən alimlərə ev verin, yeni nəsil gəlmədən AMEA-nın mövcud tərkibi təbiətin qanunları ilə başa çatsın ki, sonunda da tamamilə ləğv olunsun. Biz sovetlərdən qalma bu strukturu nəinki qoruyub saxlaya bilmədik, hətta siyasətin riyasət dolu labirintlərində kirlədib, çərlədib mənən məhv etdik. 26 Bakı Komissarının rəhbəri Stepan Şaumyanın güllələnmədiyini və Hindistanda vəfat etdiyini iddia edən alim sübut olaraq hansısa tarixi mənbəni və ya faktı deyil, müğənni Bilal Əliyevi şahid gətirirsə, demək, AMEA-nın məhvini, sadəcə, rəsmiləşdirmək qalır.

Yadımdadı, Əbülfəz Elçibəy prezident olanda AMEA alimlərinin rifahının yaxşılaşdırılması üçün proqram hazırlanması barədə göstəriş vermişdi. Əlyazmalar İnstitutunun yeni binasının tikintisi üçün Badamdar qəsəbəsində yer ayrılmışdı. O, illərlə AMEA-da çalışmışdı, alimlərin nə gündə yaşadığını bilirdi (indi atamın AMEA-da aylarla maaş almadığı 90-cı illəri də xatırladım nədənsə). Sonra nə oldu? AMEA-nın bəzi "alimləri" at kimi üzə durmağa başladılar ki, Elçibəy AMEA-nı birdəfəlik bağlatmaq istəyirdi. Halbuki elə olmadığını özləri də bilirdilər. Bir anlıq fərz etsək ki, o üzəduranlar həqiqəti deyirdilər, onda deyiləsi bircə cümlə qalır: "Kaş Elçibəy AMEA-nı bağlayaydı..." (Lent.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu