Ceki Canla eyni gündə doğulan "Səmalar oğlu"


Ceki Canla eyni gündə doğulan "Səmalar oğlu"


Ana dilində fikrlərini çətinliklə ifadə edir- ölkədə yeganə azərbaycanlıdır ki, bunu ona heç kim irad tutmur…
Ziyalıdır- gördüklərinə biganə qala bilməyənləri belə adlandırırlar…
Cəsarətlidir- xalqın ağrı-acısını hayqırmağı bacarır…
...Həqiqətin məxsus olduğu dil yoxdur, hansı dildə desən də, həqiqət elə həqiqətdir…
Avropa, Asiya və eləcə də Amerikada onu tanıyanlar az deyil- Tanrı ona elə bir şey verib ki, o şey məkan tanımır. Biz ona ad qoymuşuq- İstedad!..
Sevilir- sevə-sevə yaşamağı bacardığındandır…
Amma arada susur- niyə susduğunu anlamaq çətindir...



O, 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib. 1976-cı ildə 189 nömrəli məktəbdə orta təhsilini bitirərək Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. Və 1981-ci ildə ali təhsilini başa vurub, hüquqşünas ixtisasına yiyələnib.
1981-ci ildə əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlayıb. Bir müddət sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP-nin Qaradağ rayonu üzrə təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb.
1988-ci ildə hüquq elmləri namizədi, 1991-ci ildə isə hüquq elmləri doktoru elmi dərəcələrinə yiyələnib.
1989-cu ildən indiki Azərbaycan Yazıçılar Birliyinin katibidir.
Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" və "Şöhrət" ordenlərnə layiq görülüb...

...Onun da hamı kimi adı var, Çingiz! Mənası səmalar oğludur. Aprelin 7-də "Səmalar oğlunun" 60 yaşı tamam olur...

Bəli, məşhur Ceki Canla eyni gündə doğulublar. Amma Ceki Can ondan beş il əvvəl dünyaya "Salam" deyib, daha doğrusu "Niha"! Çin dilində "Salam" belə adlanır...
İkisi də sevilir. Biri filmlərdə yaratdığı obrazlara, o biri isə ərsəyə gətirdiyi bədii əsərlərə görə...

Nə isə, hörmətli Çingiz Abdullayev! Sizi ölməz yazıçı Cek Londonun(Con Qriffit Çeyni) vətəni Amerika Birləşmiş Ştatlarından 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Yaşamağı sevənlər yaşaya-yaşaya yaşadırlar!..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu