Məktəbli Elinanın faciəli ölümü və Azərbaycan məktəblərində qabadayılıq məsələsi- Səadət Kərimi yazır...


Məktəbli Elinanın faciəli ölümü və Azərbaycan məktəblərində qabadayılıq məsələsi-


Azərbaycan məktəblərində gənclər arasında baş alıb gedən bullinq mövzusunu, yəni zorakılıq və təhqirə məruz qalmanı müzakirəyə qaldırmağın və bunun səbəblərini öyrənib aradan qaldırmağa çalışmağın zamanı çoxdan gəlib. Bu yaxınlarda intihar edən məktəbli qız Elina Hacıyevanın nümünəsi nə qədər faciəli olsa da, heç də istisna deyildir.

Firkimcə, zorakılıq mövzusunu müzakirə etməyin və öyrənməyin səbəbi özünü açıq-aydın göstərir. Gənclərimiz özünü öldürmək dərəcəsinə çatırsa, olmaz olsun o məktəblər!
Yalnız bu bir direktorun işi deyildir, bu bütün direktorların, müəllimlərin, valideynlərin, Pedaqoji Universitetin, Təhsil Nazirliyinin və Mədəniyyət Naziriliyin başlıca məsələsi olmalıdır. Müəllimlər və bütövlükdə cəmiyyətimiz, əlbəttə ki, məktəblərdə şagirdlərə fiziki və ruhi cəhətdən zərər verən, onları yaralayan ünsürlərə qarşı çıxmalıdırlar və onlarla mübarizə aparmalıdırlar. Hər şeydən öncə insansevər, demokratik, sayğıduyar vətəndaşlar yetişdirmək məktəbin ən vacib məsələsi olmalıdır!
Bu mübarizə elə bir məsələ deyil ki, vaxtımız olanda baş tutsun. Zorakılığın hər hansı növü və hər hansı səbəbdən baş qaldırması halları ilə hər daim, sistematik şəkildə mübarizə aparmaq məktəbin və cəmiyyətin mütləq borcu və vəzifəsidir. Heç kim məktəbdə zorakılığa, təhqiramiz hallara, kimin tərəfindənsə aşağılanmağa, lağlağıya, istehzaya məruz qalmamalıdır. Bundan ötrü sistematik işlər aparılmalıdır. Təcavüz istiqamətindəki meyllərə qarşı aktiv şəkildə mübarizə aparılmalıdır! Bu, məktəb qanununda açıq-aydın yazılmalıdır və qanuna huquqi baxımdan məsuliyyət daşınmalıdır.
Bulinq (zorbalıq) günümüzdə cəmiyyətimizdə çox xoşagəlməz, lakin təəssüf ki, ümumi problemdir. Bundan ötrü uşaq bağçalarından tutmuş qocalar evinə gədər, hər yerdə, hər bir müəssisədə Bərabər Münasibət Göstərmə Planı işlənib həyata keçirilməlidir. Bu planda vurğulanmalıdır ki, fərdin etnik, dini və cinsi mənsubiyyəti, həmçinin sosial statusu və imkanından asılı olmayaraq hər kəsə eyni münasibət, eyni sayqı göstərilməlidir. Bu sayğıda qüsür edən və ayrı-seçkiliyə yol verən cəzalandırmalı və kəskin qınanılmalıdır. Vətəndaşlarımızı dostluq və qardaşlığa öyrətməyən təhsil sistemi bizim milli təhsil sistemimiz ola bilməz!
İnanılmaz çox sayda uşaq və böyüklər gündəlik olaraq məktəbdə və ya iş yerlərində təhqirə və aşağılanmağa, yad münasibətə və sosial təcridə məruz qaldıqları səbəbindən psixoloji cəhətdən sağlıq sorunu yaşayırlar. Bu sosial fenomenin adı ingilis dilində bullinq ana dilimizdə zorbalıqdır. Zorbalıq hər yerdə, həm məktəblərdə, həm iş yerlərində, həm nəqliyyatda, hər münasibətdə bu gün özünü çox qabarıq göstərir. Necə deyərlər “gücü çatan gücü çatana”. Bunun qarşısını alan da yoxdur. Dövlət səviyyəsində əsaslı iş aparılmasa, bu bir millətin gözümüz baxa-baxa uçurumu, faciəsi deməkdir.
Bir məktəbli uşaq, həyatının ən gözəl, məsum çağında nədən bu qədər qəddar ola bilir, nədən bir sinif yoldaşının həyatının məhv olmasına könlü razı olur! Bunu səbəbləri məktəbdən kənarda – ailələrdə, cəmiyyətdə axtarılmalıdır! Zorbalıq edənlər kimlərdir? Zorbalığa məruz qalanlar kimlərdir? Dözə bilməyib intihar edənlər kimlərdir? Bu sualların cavabı çağdaş Azərbaycan cəmiyyətinin siyasi həyatının aynasıdır! Etiraf edin ki, Azərbaycan Respublikasında məktəb müdürləri və müəllimlər zorbalıq edən yuxarı sinif şagirdlərindən qorxurlar, çünki o şagirdlərin arxasında duran valideynlər tərbiyəyə, mənəviyyata, milli-mənəvi dəyərlərə önəm verənlər deyil, onlar uşaqları müəllimə sayqı göstərməyə öyrətmirlər. Onlar zorbalığı özlərinə hünər bilənlərdirlər.
Bullinq qüvvənin, təhdidin və ya istismarın zorla istifadə edilməsidir, başqalarını qorxudaraq aqresiv şəkildə idarə etməkdir. Bu davranış tez-tez təkrarlanır və adi hala çevrilir. Bir vacib şərt, zorakılğı münaqişə ilə qarışdırmamaq lazımdır. Münaqişəyə səbəb olmadan zorakılıq etmək istəyən özünə birini qurban tapır və onun üzərində öz gücünü, hakimliyini nümayiş etdirmək istəyir. Belə hökmranlığı iddia etmək üçün istifadə edilən davranışlar sözlə təcavüz və ya təhdid, fiziki hücum və ya bəzi aşağılayıcı hərəkətlərə məcbur etmə hallarını daxil edir. Bu cür hərəkətlər və tədbirlər dəfələrlə təkrar olunur, üzərində zorakılıq etdiyi qurbanın əzab çəkdiyini, sındığını gördükcə hökm edən zövq alır. Əslində bu da bir növ psixoloji xəstəlikdir. Normal sağlam gənc gərək marağını dərsinə və öz inkişafına verə, dostluqdan və sevgidən, musiqidən, idmandan və s. zövq ala. Lakin Azərbaycanda mühit elə pozulub ki, həmin zorakılıq edən harınlamış gənclər haram pulla böyüdüklərindən, hər şeyin saxta olduğunu düşündüklərindən heç nəyə dəyər vermirlər və onlar heç bir hədəfləri və amalları olmadıqlarında qəddarlaşırlar. Bu, bir cəmiyyətin faciyəsidir. Zorbalıq bir qrup tərəfindən edilirsə, buna ingilis dilində mobbing deyilir.
Zorbalık dörd əsas növlərə bölünür - emosional (bəzən münasibətdəki zorbalıq adlandırılır), şifahi (sözlərlə edilən zorbalıq), fiziki və internet üzərindən (SMS, facebook və s. social şəbəkələr vasitəsi ilə).
Valideynlər! Uşaqlarınız məktəbə getməyə həvəssiz olanda, depresiyaya düşəndə, tədirgin olanda, gecə pis yatanda və s. nigarançılıq duyduğunuzda valideyn olaraq bunun üstünə düşüb, səbəbini öyrənməlisiniz. Vaxtında məktəbə tələblər sürüb, zorbalıq edən uşaqların valideynləri və özləri ilə görüşüb vəziyyətə aydınlıq gətirməyə çalışmalısınız. Problem böyükdürsə məktəbi və zorbalıq edənləri polisə şikayət etməlisiniz. Məsələn, təkcə sizin uşaqdan başqa sinifdə hamı doğum günü tədbirinə çağırılıbsa, bu o deməkdir ki, sizin uşağı bilərəkdən rədd edirlər, ona qəsdən saymamazdıq edirlər. Onu ruhən sarsıtmaq istəyirlər. Uşaqlarınızı müşahidə etsəniz görərsiniz ki, bu və ya digər xoşagəlməz hallar təkrarlanır. Zamanla belə uşaq özünə inamını itirir. Uşağınız çox zaman kefsizdirsə, iştahası yaxşı deyilsə və sizə məktəbdə olanları artıq danışmaq istəmirsə, bu o deməkdir ki, o artıq tamamilə çıxılmaza düşüb, qorxur və öz vəziyyətini çarəsiz hesab edir.
Əslində zorakılıq edənlərə də kömək lazımdır. Hər şey zarafatla başlayır. Amma sonra böyüdükcə böyüyür. Onlara zamanında dur deməyi və yol göstərməyi bacaran, diqqətli, bacarıqlı müəllimlər, pedaqoqlar, məktəb personalı lazımdır. Bundan ötrü Bullinq/Mobbninq nəzəriyyəsini oxumuş pedaqoqlar yetişdirmək vacibdir. Bu nəzəriyyələr mütləq şəkildə bütün pedaqoji kursların tərkibinə daxil olunmalıdır. Azərbaycan cəmiyyətində sosionomlar, kuratorlar və zamanın tələbinə uyğun, demokratik münasibətlərə xidmət edən digər ixtisaslı kadrlar yetişdirilməli və müvafiq infrastrukturlar yaradılmalıdır. Bu yöndə Sosial Xidmətlər Nazirliyi ilə Təhsil və Mədəniyyət Nazirlikləri sıx əlaqəli çalışmalıdırlar. Zorakılığın qarşısı necə alınır, zorakılıqla necə mübarizə aparılır, Azərbaycan Təhsil Nazirliyi məsulları çox gec olmadan Qərbi Avropa ölkələrinin təcrübəsindən faydalanmalıdırlar. Qanunvericilik sahəsində bu yöndə yenilənmə getməlidir.
Əlbəttə, məktəb direktoru məktəbdə baş verən olaylara cavabdehdir, məsuliyyət daşıyır. Lakin direktorun buna gücü çatmırsa, direktor səriştəsizlik edirsə və ya direktor başısoyuqluq edirsə o zaman Uşaq və Şagird Ombudsmanı adlanan bir qurum fəaliyyət göstərməlidir və valideyn oraya şikayət etməlidir. Məktəb İnspektorluğu və ya Diskriminasiya /Ayrımçılıq Ombudsmanlığı fəaliyyət göstərməlidir və bu infrastrukturlara müraciət olunmalıdır.

Səadət Kərimi,
Elmlər doktoru, İsveçin Umea Universitetin dosenti



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu