Mələk Siyaranın əziz xatirəsinə - Fəxrəddin Nağıyev yazır


Mələk Siyaranın əziz xatirəsinə -


İllər əvvəl mərhum dostum Hacı İsa ilə Təbrizdə olarkən oralarda tanınmış bir din xadiminin qonağı olduq. Evinin girişində divar boyu iki gəncin portreti asılmışdı. Ev sahibi şəkilə yaxınlaşaraq uca səslə “Fatihə” oxuduqdan sonra “Oğlanlarımdır, ərəblə davada şəhid oldular” – dedi. Hər ikimiz “Allah rəhmət eləsin, Allah bağışlasın” dedikdə ev sahibi nəzərlərini kiçik oğlunun təsvirinə yönəldərək, “15 yaşındaydı, heç günah eləmədi” – dedi. Bir neçə gün əvvəl qardaşımın mələk simalı 3 yaşlı körpə nəvəsi Siyara sanki yaşayaraq hamı kimi günaha batmaqdan qorxub bu çirkli dünyanı əbədi tərk etdi.



Bütün körpələr günahsızdır, doğularkan saf, məsum olurlar. Amma onların məsumluğu bu çirkli dünyanı xilas edə bilmir.
Böyüklər uşaqların itkisi ilə heç cür barışa bilmirlər. Görünür, uşaq ölümündə böyükləri sarsıdan onların bu işdə özlərini təqsirli bilməsidir. Böyüklər özlərinin çoxdan itirdikləri, bir çoxlarının hətta xatırlamadıqları öz saflıqlarını, məsumluqlarını öz körpələrində - övladlarında, nəvələrində görür, onları itirdikdə mücərrəd övlad itkisindən daha çox konkret saflıq itkisinə ağlayırlar.
Bizim balaca Siyaramız da beləcə saf, məsum idi, bu günahla dolu dünyanı məsum olaraq tərk etdi. Dünya onu çirkləndirə, öz gününə sala bilmədiyi üçün ağlayır. Bu saflığın fonunda öz çirkliliyinin görünə biləcəyindən ehtiyat edənlər də ağlayır. Amma gerçəklik odur ki, bir anın içində mələyə dönmüş balaca Siyaranın ruhu aramızdadır. O, kimsəni qınamayacaq, niyə, nə üçün kimi suallar verməyəcək. Sadəcə onu tanıyanların, özünə doğma bilənlərin xatirində daim yaşayacaq, onları növbəti səhvlərdən çəkindirməyə çalışacaq.
Ernest Heminquey “Çayın o tayında, ağac kölgəsində” adlı əsərində belə deyir: Sevgi sevgidir, sevinc sevincdir. Amma qızıl balıq öləndə hər şey donur. Bu gün bizim qızıl balığımızın – bu dünyada cəmi üç il yaşamış Siyaramızın da həyatı dondu. Ona aid hər şey donaraq dayandı. Artıq sevimli multfilmlərə baxılmayacaq, sevimli oyuncaqlara əl vurmayacaq. Məzarının üstünə qoyulmuş uşaq ayaqqabılarını ayaqyalın bir körpəyə hədiyyə etsələr necə də gözəl olardı. Gəlinciklərini bir atılmış uşağa versəydilər o uşağın bir anda yaşadığı xoşbəxtlik Siyaramızı da həmin anda yaşadardı. Körpə mələyimizi xoşbəxt edən əşyaları – paltarlarını, gəlinciklərini, ayaqqabılarını tanıdığınız və tanımadığınız uşaqlara, ehtiyacı olanlara paylayın, onları sevindirin, xoşbəxt edin, o zaman bu sevincdən Siyaraya da pay düşəcək. Bir də baş vermiş hadisədən nəticə çıxarın, iddialarınızı, incikliklərinizi unudun, Muradı tək qoymayın, sındırmayın...

Mələk Siyaranın əziz xatirəsinə -

Fəxrəddin Nağıyev



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu